BAKI, TurkicWorld, Orxan Qədirzadə
Aralıq dənizində qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində daha bir insan faciəsi yaşanıb. Liviyanın Zaviya şəhərindən Avropaya doğru yola çıxan və göyərtəsində 55 nəfərin olduğu rezin qayıq batıb.
TurkicWorld xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının (BMT) məlumatına görə, hadisədən yalnız iki nigeriyalı qadın sağ çıxa bilib. Xilas edilən qadınlardan biri həyat yoldaşını, digəri isə iki körpəsini itirdiyini bildirib. Faciə nəticəsində 53 nəfər, o cümlədən iki südəmər körpə dənizdə itkin düşüb. Qayığın suya buraxıldıqdan təxminən 6 saat sonra su sızması səbəbindən çevrildiyi bildirilir.
Bu hadisə ilə 2026-cı ilin əvvəlindən bəri Aralıq dənizini keçməyə çalışarkən həyatını itirən və ya itkin düşən miqrantların sayı 484-ə çatıb. Beynəlxalq Miqrasiya Təşkilatı bu ölümcül marşrutda insan alveri şəbəkələrinə qarşı beynəlxalq əməkdaşlığı gücləndirməyə və miqrantlar üçün təhlükəsiz yolların yaradılmasına çağırıb. Liviya hakimiyyəti isə insan qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qrupların ifşası və miqrantların ölkələrinə qaytarılması istiqamətində əməliyyatları davam etdirir.