EN

Əli Məsimli yeni milli parkların ekologiyadakı rolundan YAZDI

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

Xüsusi mühafizə olunan təbiət əraziləri Azərbaycanın milli sərvətinin çox mühüm tərkib hissəsi kimi xüsusi ekoloji, elmi, mədəni, estetik, sağlamlaşdırma və sair cəhətlərdən böyük dəyərə malikdir. Ölkəmizdə xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili, mühafizəsi, təbiət obyektlərinin qorunması ilə bağlı məsələlər “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanunla və digər normativ-hüquqi aktlarla tənzimlənir. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanunda göstərilib ki: ”xüsusi mühafizə olunan təbiət əraziləri-xüsusi ekoloji,elmi,mədəni,estetik və sağlamlaşdırma əhəmiyyəti daşıyan təbiət komplekslərindən və obyektlərindən, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bitki və heyvan növlərinin yayıldığı yerlərdən ibarət olan, təsərrüfat dövriyyəsindən tamamilə və ya qismən, daimi və ya müvəqqəti çıxarılan torpaq,su (akvatoriya) sahələri və onların üzərindəki atmosfer məkanıdır.

Həmin qanuna görə Azərbaycan Respublikasının ərazisində məqsədindən, mühafizə rejimindən və istifadə xüsusiyyətlərindən asılı olaraq xüsusi mühafizə olunan təbiət əraziləri dövlət təbiət qoruqları, o cümlədən biosfer qoruqları; milli parklar; dövlət təbiət yasaqlıqları; təbiət parkları; ekoloji parklar; təbiət abidələri; zooloji parklar; nəbatat bağları və dendroloji parklar; müalicə-sağlamlaşdırma yerləri və kurortlar kimi növlərə ayrılır. Bunların içərisində Dövlət Təbiət qoruqları, Milli Parkları və Dövlət təbiət yasaqlıqlarının xüsusi çəkisi daha böyükdür. Rəsmi məlumatlara görə, hazırda Azərbaycanda 893 min hektar sahəni əhatə edən mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir. Bunlardan 10-u milli park,10-u dövlət təbiət qoruğu,24-ü isə dövlət təbiət yasaqlığıdır. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,31 %, ayrılıqda milli parklar ölkə ərazisinin 4,87%, dövlət təbiət qoruqları 1,39%, dövlət təbiət yasaqlıqları isə 4.05%-ni təşkil edir.

Göründüyü kimi, bu 3 kateqoriyanın arasında Milli Parklar daha böyük əraziyə malikdir. Milli Parkların əsas vəzifələri təbiət komplekslərini, nadir və etalon təbiət ərazilərini, tarix-mədəniyyət obyektlərini qoruyub saxlamaq; turizm və rekreasiya üçün şərait yaratmaq; təbiəti mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq etmək;əhalini ekoloji maarifləndirmək; ekoloji monitorinqi həyata keçirmək;zədələnmiş təbiət və tarix-mədəniyyət komplekslərini və obyektlərini bərpa etməkdən ibarətdir.

Bu baxımdan 2025-ci il iyulun 14-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə iki yeni milli park-Axar-Baxar və İlisu Milli Parkının yaradılması ilk növbədə Qax,ümumiyyətlə isə Şəki-Zaqatala zonası üçün mühüm əhəmiyyətə malik hadisədir.Sərəncamda qeyd olunub ki, Axar-Baxar Milli Parkı Samux rayonunun dövlət ehtiyat fondu torpaqlarından 11113,46 hektar, Yevlax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 7000,10 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 5788,43 hektar ayrılmaqla,23901,99 hektar sahədə yaradılır. İlisu Milli Parkı isə sərəncama əsasən, Zaqatala rayonunun dövlət ehtiyat fondu torpaqlarından 206,74 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 13759,26 hektar ayrılmaqla,13966 hektar sahədə yaradılır.

Milli Park Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir. Bu ilin 6 fevralında xüsusi Prezident Fırmanı ilə Axar-Baxar və İlisu Milli Parkları haqqında əsasnamələrin təsdiq edilməsi həmin Milli Parklarda təbiət və tarix-mədəniyyət obyektlərinin qorunub saxlanılması və bərpasından, habelə təbiətdə idarə olunan istirahət və turizm tədbirlərinin təşkili üçün yaxşı hüquqi baza yaratdı.

Sənədə əsasən, Nazirlər Kabineti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.Əsasnamələrdə deyilir ki, Milli Parkda təsərrüfat fəaliyyəti təbiət və tarix-mədəniyyət obyektlərinin mühafizəsi, saxlanılması və bərpasından, habelə təbiətdə idarə olunan istirahət və turizm tədbirlərinin təşkilindən ibarətdir və Milli Parkın mühafizə rejiminin tələblərinə uyğun olaraq İdarə tərəfindən həyata keçirilir.Milli Parka, habelə İdarəyə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir. Direktor Milli Parkın və İdarənin fəaliyyətinə görə şəxsən məsuliyyət daşıyır. Direktor Milli Parkın və İdarənin işinə ümumi rəhbərliyi həyata keçirir və onların fəaliyyətində normativ hüquqi aktların tələblərinə əməl olunmasını təmin edir;təbiəti mühafizə, elmi tədqiqat planlarının və biotexniki planların layihələrinin hazırlanmasını təşkil edir, təsdiq edildikdən sonra onların yerinə yetirilməsini təmin edir; Milli Parkda elmi tədqiqat işlərinin tematik planı əsasında elmi işçilərin iş planlarını təsdiq edir; Milli Parkda elmi tədqiqat işləri üzrə planların, tapşırıqların yerinə yetirilməsinin gedişi haqqında struktur bölmələrinin və ayrı-ayrı işçilərin hesabatlarını dinləyir; İdarənin ixtisaslı kadrlarla komplektləşdirilməsini təşkil edir, kadrların əlavə təhsili istiqamətində normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada tədbirlər görür; Milli Parkın mühafizə rejimi,elmi tədqiqatların və onların tətbiqinin nəticələri haqqında hesabatları, habelə maliyyə-təsərrüfat fəaliyyəti barədə maliyyə və statistik hesabatları aidiyyəti üzrə təqdim edir. Milli Parkların ərazilərində, onların təbiət, tarix-mədəniyyət və digər xüsusiyyətləri nəzərə alınmaqla xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunur və xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən; təsərrüfat fəaliyyətinin tənzimləmə rejimi tətbiq edilən;turizm və rekreasiya; turistlərə və başqalarına xidmət göstərilən; milli parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonaları müəyyən edilir.

Milli parklar xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, biomüxtəlifliyin qorunub saxlanılması, ətraf mühitin dayanıqlı idarə olunması ilə yanaşı, sosial-iqtisadi imkanların artırılması, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyası və regionlarda ekoturizmin inkişafını təmin etmək məqsədilə yaradılır. İlisu Milli Parkını əhatə edən ərazilər biomüxtəlifliyin zənginliyi baxımından ölkəmizin çox unikal ərazilərindən biridir. İlisu Milli Parkı İlisu Dövlət Təbiət Qoruğunun bazasında yaradılır. Həmin ərazi Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında çox səfalı bir ərazidə yerləşir. İlisu Qoruğunun təşkil edilməsində məqsəd təbii kompleksi daha yaxşı mühafizə və bərpa etmək, nadir və məhv olmaq təhlükəsi qarşısında olan bitki və heyvanları qorumaq və artırmaq, meşələrin əvvəlki vəziyyətini bərpa etmək, torpaqların eroziyaya uğramasının və sel hadisələrinin qarşısını almaqdır. Bununla yanaşı Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2003-cü ildə xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi,yay otlaqlarında və Acınohur düzündə faunanın qorunması, nəsli kəsilən heyvan növlərinin bərpa edilməsi məqsədilə isə İlisu Dövlət Təbiət Qoruğu nəzdində Qax Dövlət Təbiət Yasaqlığı yaradılmışdı.

Yeni statusda-İlisu Milli Parkında sadaladığımız həmin məsələlər, xüsusən də nadir və məhv olmaq təhlükəsi qarşısında olan bitki və heyvanları qorumaq və artırmaq, meşələrin əvvəlki vəziyyətini bərpa etmək, torpaqların eroziyaya uğramasının və sel hadisələrinin qarşısını almaqdır kimi çox ciddi məsələlər yenə də prioritetlərin mühüm tərkib hissəsi olmalıdır. İlisu Milli Parkını əhatə edən ərazilər çoxşaxəli turizmin inkişafı üçün çox böyük imkanlara malikdir. Bu sahədə kompleks tədbirlərin həyata keçirilməsi Qaxda və Zaqatalada, ümumiyyətlə isə Şəki-Zaqatala regionunda turizmin daha geniş miqyaslarda inkişafına, xidmət obyektlərinin dairəsinin,suvenir istehsalının genişlənməsinə, multiplikativ effekt prinsipi əsasında turizm və onunla bağlı digər sahələrdə xeyli yeni iş yerlərinin açılmasına (turizm sahəsində açılan hər iş yeri onunla bağlı sahələrdə üç-dörd və daha çoxiş yerinin açılmasına imkan yaradır) və bu isə orada sosial-iqtisadi inkişafına xüsusi impuls verməklə onun göstəricilərinin yaxşılaşmasına əhəmiyyətli dərəcədə müsbər təsir göstərə bilər.

Maksimum Proqram əsasında isə çoxsaylı təbiət və tarixi mədəniyyət abidələri ilə çox zəngin olan, xüsusi ekoloji, tarixi və mədəni əhəmiyyət kəsb edən Şəki-Zaqatala regionunun, o cümlədən İlisudan əlavə Qaxın digər səfalı kəndlərinin potensialından da öz müsbət yüklü təcrübəmizidən və beynəlxalq təcrübədən elmi əsaslandırılmış, yaradıcı, səriştəli və kompleks şəkildə istifadə edilməsi hesabına təkcə Azərbaycan və yerləşdiyimiz Cənubi Qafqaz regionu səviyyəsində deyil, dünya səviyyəsində diqqətçəkən çoxşaxəli turizm kompleksi, o cümlədən rekreasiya (insanların fiziki, mənəvi və əmək qabiliyyətini bərpa etmək üçün təbiət qoynunda, turist gəzintiləri və ya müxtəlif əyləncə-idman fəaliyyətləri vasitəsilə həyata keçirilən istirahət növüdür. O, gündəlik stresdən uzaqlaşmağa,enerji toplamağa və həyat keyfiyyətini artırmağa xidmət edir) zonası yaratmaq olar.

Əli Məsimli, 

millət vəkili

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
21
3
redaktor.az

5Sources