EN

Avtomobil almaq istəyənlərin nəzərinə

Son illər avtomobil bazarında qiymətlərin tez-tez dəyişməsi və seçim imkanlarının genişlənməsi sürücüləri maşını ölkə daxilindən almağın, yoxsa xaricdən sifariş verməyin daha məqsədəuyğun olub-olmaması barədə düşünməyə vadar edir. Bir tərəfdən yerli bazarda sürətli alış və sənədləşmə rahatlığı var, digər tərəfdən isə xaricdən gətirilən avtomobillər qiymət baxımından daha cəlbedici görünür. Bəs hansı seçim daha sərfəlidir?Nəqliyyat eksperti Adil Nəbiyev Metbuat.az-a açıqlamasında bildirib ki, avtomobili xaricdən gətirmək adətən qiymət baxımından daha sərfəli görünə bilər, çünki seçim imkanları genişdir və bəzi bazarlarda avtomobillər daha ucuz satılır. Lakin bu proses gömrük rüsumları, vergi xərcləri, logistika, vaxt itkisi və avtomobilin real texniki vəziyyəti ilə bağlı qeyri-müəyyənliklər səbəbindən əlavə risklər yaradır. Xüsusilə avtomobilin qəza keçmişi, gizli texniki qüsurları və sənədlərin düzgünlüyü əvvəlcədən tam aydın olmaya bilər: “Azərbaycandan avtomobil almaq isə risk baxımından daha təhlükəsiz hesab olunur. Avtomobili yerində yoxlamaq, ustaya göstərmək, test sürüşü etmək və sənədləri dərhal təsdiqləmək mümkündür. Bundan əlavə, satış sonrası hüquqi məsuliyyət və alıcıya təminat baxımından yerli bazar daha şəffafdır. Qiymət bir qədər yüksək olsa da, vaxt itkisi və gözlənilməz xərclər riski daha azdır”.Ekspertin fikrincə, məqsəd yalnız daha ucuz qiymətdirsə, xaricdən gətirmə sərfəli ola bilər, lakin riskləri nəzərə almaq şərti ilə. O qeyd edib ki, təhlükəsizlik, rahatlıq və arxayınlıq əsasdırsa, avtomobili Azərbaycandan almaq daha etibarlı seçim sayılır.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
37
metbuat.az

1Sources