EN

Paşinyan mesaj verdi, Fransa geri çəkildi, ABŞ isə... Zəngəzur dəhlizi haqda vacib detallar

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Zəngəzur dəhlizi və ya TRIPP marşrutu ilə bağlı görülən işlər artıq müəyyən mənada intensiv xarakter alır. Təbii ki, söhbət hazırlıq mərhələsindən gedir. 8 avqust 2021-ci ildə Vaşinqtonda əldə olunmuş razılaşmadan dərhal sonra ABŞ Prezidenti Donald Tramp aidiyyəti strukturlara tapşırıqlar verib və 2026-cı ildə hazırlıq işlərinin başlanması üçün ilkin mərhələdə 145 milyon ABŞ dolları həcmində vəsaitin ayrılması barədə qərar qəbul edilib”.

Bunu Globalinfo.az-a deputat Azər Allahverənov Zəngəzur dəhlizində görülən işlər barədə danışarkən deyib.

O bildirib ki, artıq ötən ilin noyabr ayından etibarən Ermənistanla müəyyən məsləhətləşmələrin aparıldığı, layihələndirmə işləri üçün ilkin koordinatların müəyyənləşdirildiyi, eləcə də relyef xüsusiyyətlərinin öyrənilməsi məqsədilə bir ABŞ şirkətinin nümayəndələrinin Ermənistana səfərlərinin baş verdiyi müşahidə olunur:

“Nəticə etibarilə, bu işləri icra edəcək qurum Ermənistanın aidiyyəti strukturları ilə sıx təmasda fəaliyyət göstərir. Son razılaşdırılmalı məsələlər əsasən TRIPP marşrutundan əldə olunacaq gəlirlə bağlıdır. Burada müxtəlif faiz nisbətləri nəzərdə tutulur. Məsələn, gəlirin 59 faizinin ABŞ-a, 40 faizinin isə Ermənistana məxsus olması variantı müzakirə olunur. Eyni zamanda Azərbaycan tərəfindən də bir sıra prinsipial məsələlər danışıqlar zamanı gündəmə gətirilib. Bu müstəvidə müəyyən hərəkətlənmənin olduğunu görürük. Vaşinqtonun bu məsələdə mövqeyi aydın və konkretdir. Ermənistanda isə xüsusilə yüklərin buraxılması və təhlükəsizlik məsələləri ilə bağlı müəyyən fikir ayrılıqları mövcud ola bilər. Bununla belə, Ermənistan artıq rəsmi şəkildə bəzi önəmli elementlər dilə gətirir. Belə ki, Baş nazir Nikol Paşinyan qeyd edir ki, 2026-cı ilin birinci yarısında hazırlıq işləri tamamlanacaq, ilin ikinci yarısında isə TRIPP marşrutunun salınması ilə bağlı işlərə start veriləcək. Bu, mühüm mesajdır”.

Azər Allahverənov

Millət vəkili qeyd edib ki, TRIPP marşrutu yalnız dəmir yolu və avtomobil yolundan ibarət deyil:

“Buraya enerji və digər kommunikasiyaların ötürülməsi üçün boru xətlərinin çəkilməsi, dəhliz ərazilərinin ayrılması, eləcə də texniki məsələlər daxildir. Detallar üzrə müzakirələrə ehtiyac olsa da, bütövlükdə bu layihə ilə bağlı siyasi qərarın mövcud olduğu və ümumi dəstəyin təmin edildiyi görünür. Digər mühüm məqam odur ki, vaxtilə Rusiya və Fransa Zəngəzur dəhlizinin istismarında iştirak etməyə çalışsa da, son açıqlamalardan Parisin bu prosesdə artıq yer almadığı bəlli olur. Rusiya isə Zəngəzur dəhlizindən kənar layihələrdə, o cümlədən İcevan-Dilican dəmir yolunun inşası və ya digər istiqamətlərdə dəmir yolu xətlərinin istismarı çərçivəsində iştirak edə bilər. Bu, Rusiyanın dəmir yolları vasitəsilə mümkün görünür. Hazırda Azərbaycan tərəfi öz ərazisində işlərin təxminən 85 faizini yekunlaşdırıb. Ağbəndə qədər dəmir yolu, avtomobil yolu və digər infrastruktur layihələrinin qısa müddətdə tamamlanması nəzərdə tutulur. Bu da onu göstərir ki, Cənubi Qafqaz üçün mühüm bağlantı layihəsi olan Zəngəzur dəhlizinin açılması istiqamətində ciddi addımlar atılır”.

Deputat əlavə edib ki, prosesin sürətləndirilməsi mümkün olsa da, ABŞ ilə Ermənistan arasında aparılan siyasi danışıqlar müəyyən ləngimələr yarada bilər:

“Bununla belə, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin həm Azərbaycana, həm də Ermənistana səfərləri Zəngəzur dəhlizi ilə bağlı proseslərin sürətləndirilməsinə hesablanıb. Burada iki əsas məsələ müzakirə olunur: sülh müqaviləsinin imzalanması və TRIPP marşrutunun reallaşdırılması. Bu proses ABŞ, Ermənistan və Azərbaycan arasında aparılan danışıqların bir növ proyeksiyasıdır. Paralel olaraq, ABŞ ilə Ermənistan arasında da daxili siyasi proseslər, qarşıdan gələn parlament seçkiləri və konstitusiya dəyişiklikləri ilə bağlı müzakirələr aparılır. Prezident İlham Əliyevin Əbu-Dabidəki son çıxışında qeyd etdiyi kimi, tərəflər artıq altı aydır sülh şəraitində yaşamağı öyrənirlər. Etimad quruculuğu və digər istiqamətlərdə görüləcək işlər bu kimi layihələrin uğurla həyata keçirilməsini təmin edə bilər. Azərbaycanın Ermənistanla bağlı bütün tranzit məhdudiyyətlərini aradan qaldırması da xüsusilə nəzərə alınmalıdır. Artıq Qazaxıstan və Rusiya taxılı Azərbaycan üzərindən Ermənistana daşınır, eyni zamanda, neft məhsullarımız Ermənistana ixrac edilir. Gələcəkdə təbii qazın da bu ölkəyə ixracı istisna edilmir. Ümumilikdə Zəngəzur dəhlizi ilə bağlı praktiki işlərə start verilməsi sadalanan bütün istiqamətlər üzrə fəaliyyətlərin uğurla icrasını təmin edə biləcək mühüm addım kimi qiymətləndirilə bilər”.

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
38
globalinfo.az

1Sources