EN

Boksçuların U-19 çempionatının açılışı

Gənc boksçular arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib. Mərasim iştirakçı komandaların paradı ilə başlayıb.

Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov mərasimdə çıxış edərək döyüşlərin gərgin və ədalətli keçəcəyinə inandığını bildirib. Onun sözlərinə görə, yarışa qatılan gənc idmançılar ölkə boksunun sabahıdır: “Ötən ay böyüklər arasında Azərbaycan çempionatında debüt edən gənclər özlərini yaxşı tərəfdən göstərdilər və yeni komanda formalaşdı. Hazırda bu yarışda döyüşəcək boksçuları da yeniyetmələr arasında Azərbaycan çempionatında izləmişik. Hər birinin böyük potensialı var. Onların daha da inkişafı üçün lazımı bütün addımlar atılacaq, paytaxtla yanaşı, bölgələrdə də infrastruktur güclənəcək. Hesab edirəm ki, gələcəyin Olimpiya çempionlarının ilk performanslarını U-19 Azərbaycan çempionatında görəcəyik”.

Yarışın özbəkistanlı supervayzeri Aleksandr Hamidov çempionatın təşkilatçılığını yüksək qiymətləndirib və yarış iştirakçılarına uğurlar arzulayıb.

Ardınca Dövlət Himni səsləndirilib və U-19 Azərbaycan çempionatı açıq elan olunub.

Qeyd edək ki, Boks Mərkəzində keçirilən yarışda oğlanlarda 10, qızlarda 5 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək. Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 58 komandanın 276 boksçusu qatılıb. Döyüşləri yerli hakimlərlə yanaşı, xarici referilər də idarə edirlər.

Yarışda qaliblərin adına fevralın 15-də aydınlıq gələcək.

Qabil YUSİFOĞLU
XQ

Chosen
57
4
xalqqazeti.az

8Sources