EN

Generala sui-qəsd edən şəxs Rusiyaya ekstradisiya olunmasa, BƏƏ-də ölüm cəzası ala bilər » AzadMedia.az


General-leytenant Vladimir Alekseyevə qarşı törədilmiş sui-qəsd cəhdinin əsas şübhəlisi Lyubomir Korba Rusiyaya ekstradisiya olunmadığı təqdirdə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ölüm cəzası ilə üzləşə bilər. Bu barədə “Ridus” nəşrinə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin (FSB) ehtiyatda olan generalı, Xarici və Müdafiə Siyasəti Şurasının üzvü Aleksandr Mixaylov məlumat verib.
Aleksandr Mixaylovun sözlərinə görə, Rusiya xüsusi xidmət orqanları hadisədən dərhal sonra sui-qəsdin icraçısının şəxsiyyətini və yerini müəyyən edib. O bildirib ki, saxlanılan şəxsin Moskvaya ekstradisiyası ilə bağlı qərarın qəbul olunmasında BƏƏ xüsusi xidmət orqanlarının operativ əməkdaşlığı mühüm rol oynayıb.
Məlumata əsasən, fevralın 6-da səhər saatlarında Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin (QRU) rəhbəri Vladimir Alekseyevin Volokolamskoye şossesində yerləşən yaşayış evinin yaxınlığında ona qarşı silahlı hücum edilib. Hücum edən şəxs generalı azı üç dəfə atəşə tutaraq hadisə yerindən qaçıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, fevralın 7-də isə huşunu itirdiyi bildirilib.
Fevralın 8-də FSB əməkdaşları BƏƏ hakimiyyətinin dəstəyi ilə sui-qəsdin törədilməsində şübhəli bilinən şəxsi Rusiyaya ekstradisiya ediblər. Araşdırmalar nəticəsində onun Ukrayna əsilli Rusiya vətəndaşı Lyubomir Korba olduğu müəyyən edilib.
Bundan əlavə, Korbanın ortağı Viktor Vasin Moskvada saxlanılıb. Digər ortağın isə hazırda Ukrayna ərazisində gizləndiyi bildirilir. Telegram kanallarının yaydığı məlumata görə, şübhəlilər təxminən bir ay ərzində generalı izləyiblər, onun yaşadığı binada mənzil kirayələyərək gündəlik hərəkətlərini müşahidə ediblər.
Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir, hadisənin bütün təfərrüatlarının araşdırılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
Chosen
37
1
azadmedia.az

2Sources