EN

Toyuq əti bahalaşmayacaq: O vaxta qədər ki...

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) görə, Ət Qiymətləri İndeksi yanvarda orta hesabla 123,8 bal təşkil edib. 

Bu da dekabr ilə müqayisədə 0,5 bal (0,4 faiz) azdır, lakin ötən ilki səviyyədən 7,1 bal (6,1 faiz) yüksəkdir. Bu tendensiya əsasən qlobal miqyasda donuz ətinin qiymətinin azalması ilə izah olunur. Mal və quzu ətlərinin qiymətləri isə sabit qalıb. Dünya bazarında quş ətinin qiyməti artıb. 

Bununla yanaşı Türkiyədən toyuq məhsullarının ixracı bu gündən etibarən dayandırılacaq. Ramazan ayı ərəfəsində istehsalçı və satıcılar tərəfindən toyuq məhsullarının qiymətlərinin təxminən 15 faiz artırılmasından sonra Ticarət Nazirliyi toyuq məhsullarının ixracının sabahdan etibarən dayandırılacağını açıqlayıb. Yayımlanan açıqlamada bildirilib ki, bu qərar daxili bazarda təklifin artırılması və qiymət artımlarının məhdudlaşdırılması məqsədilə qəbul edilib. 

Həmçinin vurğulanıb ki, bazardakı proseslər yaxından izləniləcək və zərurət yaranarsa əlavə tədbirlər də gündəmə gələ bilər. Dünya bazarlarında quş ətinin bahalaşması və Türkiyənin quş əti ixracına qoyduğu qadağa Azərbaycanda toyuq ətinin qiymətinin bahalaşamasına gətirib çıxaracaqmı? 

Məsələ ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli “Cebheinfo.az”-a bildirib ki, həmin qərarların heç biri Azərbaycana təsir göstərməyəcək: 

“Ümumiyyətlə, Türkiyədən quş əti idxal etmirik. Azərbaycanda da yaxın gələcəkdə toyuq ətinin qiymətinin qalxması gözlənilmir. Kifayət qədər rəqabətli fabriklərimiz var. Bu baxımdan, düşünmürəm ki, qiymətlərdə dəyişiklik müşahidə olunacaq. Qiymət o zaman qalxa bilər ki, yemin qiymətində artım olsun. Yemin qiyməti qalxmadığı təqdirdə heç bir artım özünü göstərməyəcək”. 

Chosen
38
cebheinfo.az

1Sources