ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Cənubi Qafqaza planlaşdırılan səfəri bölgədə artan geosiyasi gərginlik fonunda xüsusi diqqət çəkir. Fevralın 9–10-da o, Ermənistana, 10–11 fevral tarixlərində isə Azərbaycana səfər edəcək.
Ekspertlər bildirirlər ki, Vaşinqtonun regiona marağının artması təkcə Ermənistan–Azərbaycan sülh prosesi ilə məhdudlaşmır. Belə yüksək rütbəli Amerika rəsmilərinin Cənubi Qafqaza səfərləri adətən postmünaqişə dövrünün nizamlanması, nəqliyyat–kommunikasiya xətlərinin açılması və Qərbin regional mövqelərinin möhkəmləndirilməsi kontekstində qiymətləndirilir.
ABŞ–İran münasibətlərində gərginliyin artdığı, Vaşinqtonun Tehrana qarşı siyasi və hərbi ritorikasını sərtləşdirdiyi bir dövrdə vitse-prezidentin həm İrəvanı, həm də Bakını ziyarət etməsi regional aktorların İran ətrafında formalaşan proseslərdəki rolunu yenidən gündəmə gətirir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Elnur Ənvəroğlu deyib ki, vitse-prezidentin Ermənistan və Azərbaycana səfəri Vaşinqtonun Cənubi Qafqaza artan diqqətinin göstəricisidir:
“Bu Cənubi Qafqaz üçün olduqca əlamətdar hadisədir. Səfər yalnız ikitərəfli münasibətlər kontekstində deyil, həm də ABŞ-nin regionda təhlükəsizlik, enerji və geosiyasi balansla bağlı daha geniş strategiyasının bir hissəsi kimi qiymətləndirilə bilər. Əsas məqsəd Ermənistan–Azərbaycan normallaşma prosesinə ABŞ-nin siyasi təsirini gücləndirmək və Vaşinqtonun vasitəçi rolunu ön plana çıxarmaqdır. Son illərdə sülh danışıqlarında əsas platformalar daha çox Brüssel və Moskva xətti üzrə formalaşırdı, lakin Donald Trampın təşəbbüsü ilə ABŞ prosesdə aparıcı rol aldı və bu gün də regional dinamikanı öz maraqları çərçivəsində yönləndirməyə çalışır.
Səfər, eyni zamanda Rusiyanın təsirinin zəiflədiyi, İran amilinin gücləndiyi və Avropanın enerji təhlükəsizliyinin yenidən dizayn olunduğu bir dövrə təsadüf edir.
Bu baxımdan Vaşinqton üçün Azərbaycan yalnız münaqişə tərəfi deyil, həm də strateji enerji və nəqliyyat tərəfdaşıdır.
Gündəlik mövzulardan biri sülh sazişinin perspektivləridir. Buraya sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması (TRİP layihəsi) və qarşılıqlı ərazi bütövlüyünün tanınması daxildir. Sülh, həmçinin ABŞ-nin Cənubi Qafqazdakı fəaliyyətləri üçün təhlükəsizlik zəmanəti anlamı daşıyır. Bu səbəbdən də sülh məsələsi səfərin əsas müzakirə predmeti olacaq”.
Ekspert deyib ki, digər vacib mövzu təhlükəsizlikdir:
“Vaşinqton regionda yeni hərbi eskalasiyanın qarşısını almaqda maraqlıdır. Ermənistan üçün əsas məsələlər təhlükəsizlik arxitekturasının dəyişməsi, Rusiyadan məsafə saxlaması və Qərb strukturları ilə əməkdaşlığın dərinləşdirilməsidir. Bakı ilə danışıqlarda isə enerji məsələləri xüsusi yer tutur. ABŞ üçün Cənub Qaz Dəhlizi, yaşıl enerji layihələri və Orta Dəhliz (Middle Corridor) strateji əhəmiyyət daşıyır. Vitse-prezident bu sahədə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu bir daha vurğulaya bilər.
Regional məsələlərdə dolayısı ilə İranın siyasəti və Rusiyanın Cənubi Qafqazdakı mövqeyinin zəifləməsi də müzakirə oluna bilər. ABŞ üçün əsas hədəf regionun anti-Qərb platformasına çevrilməsinin qarşısını almaqdır. Bakı ilə dialoq praqmatik və balanslı xətt üzərində qurulacaq”.
Siyasi şərhçi qeyd edib ki, ümumilikdə, vitse-prezidentin səfəri daha çox status-kvonun qorunması və Vaşinqtonun prosesdə iştirakının təmin olunması cəhdi kimi görünür:
“ABŞ hazırda nə regionda dominant vasitəçi rolunu bərpa edə, nə də tərəflərə yekun razılaşma diktə edə bilər. Lakin səfər siyasi siqnal baxımından əhəmiyyətlidir – rəqiblərə, yəni Rusiya və İrana “mən buradayam” mesajını verir.
Eyni zamanda, bu səfərin ABŞ daxilində vitse-prezidentin siyasi mövqeyini gücləndirmək və erməni icması ilə müəyyən əlaqələr qurmaq strategiyası da ola bilər. ABŞ-de erməni lobbisi, xristian cəmiyyəti və Konqres həmişə təsirli olub və Vensin təşəbbüsü onun gələcək siyasi ambisiyalarına dəstək təmin etmək məqsədi daşıyır”.
Atilla Rzasoy