EN

Azərbaycanlı pilot Davin Cəfərov Portimao trekində “Formula 4” debütü ilə diqqət çəkib FOTO/VİDEO

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Kartinqdə bir sıra beynəlxalq uğurlara imza atmış perspektivli azərbaycanlı yeniyetmə pilot Davin Cəfərovun karyera yüksəlişi davam edir.

İdman.Biz xəbər verir ki, gənc sürücü Portuqaliyada yerləşən və dünyanın ən mürəkkəb yarış traslarından biri hesab olunan Portimao trekində “Formula-4” avtomobili ilə ilk rəsmi test sessiyasını keçirib.

Kartinqdəki uğurlu çıxışları sayəsində Davin Cəfərov “Formula Winter Series” yarışına dəvət alsa da, sponsorluq məsələlərinin həll olunmaması səbəbindən çempionatda iştirak edə bilməyib. Bununla belə, o, “Formula-4” test sessiyasına dəvət alaraq “Autodromo Internacional do Algarve” trekində “Formula-4” avtomobili ilə ilk təcrübəsini yaşayıb.

Testlər FIA Grade 1 və FIM Grade A statusuna malik olan, 15 texniki döngəsi və ciddi yüksəklik fərqləri ilə seçilən Portimao trekində baş tutub. Sessiyalar tam yağışlı hava şəraitində keçirilib və gün ərzində yeddi qəzanın qeydə alınması şəraitin nə qədər riskli olduğunu açıq şəkildə göstərib. Testlərdə McLaren, Red Bull və Van Amersfoort Racing kimi tanınmış komandaların “junior pilot” proqramlarına daxil olan sürücülər də iştirak edib.

“Formula-4”də ilk dəfə sükan arxasına keçən pilotlar üçün qəza və texniki səhvlər adi hal sayılsa da, Davin Cəfərov ilk test gününü qəzasız başa vurmağı bacarıb. Xüsusilə yaş trek şəraitində avtomobilə nəzarəti, soyuqqanlılığı və texniki dəqiqliyi komanda rəhbərliyi və mühəndislər tərəfindən müsbət qiymətləndirilib. Qeyd edilib ki, normalda yaş trekdə “Formula-4” avtomobillərinin maksimal sürəti 195–210 km/saat aralığında olur, lakin Davin Cəfərov bu şəraitdə 224 km/saat sürətə çataraq yüksək səviyyəli bacarığını nümayiş etdirib.

Təəssüf ki, göstərdiyi bu performansa baxmayaraq, sponsorluq məsələlərinin hələ də həll olunmaması səbəbindən Davin Cəfərov hazırda rəsmi yarışlarda iştirak imkanından məhrumdur. Gənc pilot maliyyə dəstəyi tapacağı təqdirdə “Formula-4”də gözləntiləri doğruldacağına, ardınca “Formula-3”, “Formula-2” və “Formula-1”ə doğru ardıcıl inkişaf yolu keçəcəyinə inanır.

Qeyd edək ki, Davin Cəfərovun əsas məqsədi Azərbaycanı beynəlxalq avtomobil idmanında layiqincə və qürurla təmsil etməkdir.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
18
5
icma.az

6Sources