EN

Bərpa edilən tarixi abidələrin SİYAHISI – RƏSMİ

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən bərpası aparılan abidələrin siyahısı açıqlanıb.

Bu barədə Bizim.Media-nın sorğusuna Mədəniyyət Nazirliyindən cavab verilib.

Bildirilib ki, hazırda tarixi abidələrin bərpa-konservasiyası istiqamətində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən aparılan və müxtəlif mərhələlərdə olan bir neçə layihə var:

“Bakıda, Mərdəkan qəsəbəsində Kiçik Mərdəkan qəsrinin bərpası davam etdirilir. Yaxın vaxtlarda bərpa işlərinin başa çatdırılması nəzərdə tutulur.

Həmçinin yerli əhəmiyyətli memarlıq abidəsi olan Xankəndi Dövlət Dram Teatrının binasında bərpa işləri aparılır. Ən mühüm layihələrdən biri də Çıraqqala abidəsinin bərpa-konservasiyasıdır. Həyata keçirilən işlər tamamlanıb. Hazırda ziyarətçilərə xidmət göstərəcək infrastrukturun yaradılması və qalaya qalxan yolun təmiri gözlənilir.

Bundan əlavə, qəzalı vəziyyətdə olan yerli əhəmiyyətli memarlıq abidəsi “Dairəvi qala”nın bərpa olunması istiqamətində tədbirlər görülür. Belə ki, “Dairəvi qala”nın bərpası ilə bağlı 2024-cü ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış layihə-smeta sənədlərinə aidiyyəti üzrə müsbət ekspert rəyi alınıb.

Eyni zamanda, Füzuli rayonunun Qarğabazar kəndində yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi olan karvansaranın və yerli əhəmiyyətli memarlıq abidəsi olan məscidin bərpası və ətrafının abadlaşdırılması istiqamətində tədbirlər görülür”.

Məlumatda bildirilib ki, sözügedən tarixi abidələrin bərpa və ətrafının abadlaşdırılması üçün layihə-smeta sənədləri hazırlanacaq:
 

“Tarixi abidələr dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilərək mərhələli şəkildə bərpa, konservasiya işləri həyata keçirilir.


Eyni zamanda ölkə ərazisində bərpaya ehtiyacı olan tarixi abidələrin çoxluğunu nəzərə alaraq, belə tarixi tikililərin qanunvericilik çərçivəsində ianələrlə bərpa edilməsində də maraqlıyıq. Bu istiqamətdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən müəyyən təbliğat işləri də aparılır”.

Naibə Məmmədova, Bizim.Media

Chosen
38
1
bizim.media

2Sources