EN

Qiymətləndirmə istiqamətləri artırılır - Ekspert

AQC əməyin qiymətləndirilməsi mexanizminin tətbiqinin rəsmi bazarın genişlənməsinə, maliyyə hesabatlılığının güclənməsinə və şəffaflığın tam şəkildə təmin olunmasına şərait yaradacağını bildirir. Müstəqil qiymətləndirmə fəaliyyətinə əmək bazarının və əməyin dəyərinin qiymətləndirilməsi istiqamətinin əlavə olunması mümkündür.

MilliYol.az xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin üzvü Rüfət Əliyev deyib.

Onun sözlərinə görə, əməyin dəyərləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna əsasən mövcud 9 istiqamət çərçivəsində, xüsusilə xidmətlərin qiymətləndirilməsi bölməsi üzrə birbaşa və ya dolayı şəkildə öz əksini tapa bilər. “Həm nəzəri, həm də praktik baxımdan əməyin dəyəri klassik qiymətləndirmə yanaşmaları — bazar, xərc və gəlir yanaşmaları əsasında müəyyən edilir”.

Rüfət Əliyev beynəlxalq təcrübəyə toxunaraq qeyd edib ki, ABŞ-da əməyin dəyərinin qiymətləndirilməsi artıq geniş yayılmış və institusionallaşmış praktikadır. “Bu sahədə peşəkar qiymətləndiricilər (Valuation Analysts), forensik qiymətləndirmə üzrə ekspertlər, eləcə də HR strukturları və müstəqil qiymətləndirmə şirkətləri fəal iştirak edir. Əməyin dəyəri ilə bağlı qiymətləndirmə hesabatları məhkəmə proseslərində (itirilmiş gəlirin hesablanması, əmək qabiliyyətinin azalması halları), korporativ restrukturizasiya layihələrində, startap və innovasiya təşəbbüslərində, eləcə də birləşmə və satınalmalar (M&A) zamanı geniş istifadə olunur”.

Ekspertin sözlərinə görə, ABŞ-da əməkhaqqı dövlət tərəfindən tənzimlənməsə də, əməyin iqtisadi dəyəri çox vaxt məhz qiymətləndirici hesabatlar vasitəsilə əsaslandırılır. “Almaniyada isə bu proses iqtisadi ekspertiza formasında həyata keçirilir və rəsmi tanınmış ekspertlər (Öffentlich bestellter Sachverständiger), həmçinin qiymətləndirmə və konsaltinq şirkətləri tərəfindən aparılır”.

Rüfət Əliyev vurğulayıb ki, əmək fəaliyyətinin qiymətləndirilməsinin əsas fəlsəfəsi “idarə etmək üçün ölçmək lazımdır” prinsipinə əsaslanır. “Düzgün qurulmuş fəaliyyət və motivasiya sistemi işçiləri yekun nəticəyə fokuslayır, hədəflərin tez-tez dəyişdirilməsi isə həm işçi, həm də işəgötürən üçün mənfi nəticələr yaradır. Sabit və şəffaf qiymətləndirmə sistemi rəhbərliyə işçilərin etimadını qazanmağa, eyni zamanda strateji qərarların daha əsaslandırılmış şəkildə qəbuluna imkan verir”.

O əlavə edib ki, Əmək Fəaliyyətinin Qiymətləndirilməsi əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında, müəyyən zaman intervallarında işçilərin fəaliyyətinin, məhsuldarlığının və inkişaf potensialının obyektiv qiymətləndirilməsini nəzərdə tutur. Bu proses təkcə fərdi işçilərə deyil, komandalara və bütövlükdə şirkətin fəaliyyətinə də tətbiq oluna bilər.

 

Chosen
24
6
milliyol.az

7Sources