Təbiət, insan və musiqi səsləri – bu üç amil Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında maraqlı vəhdət təşkil edərək bir günü möcüzəvi şəkildə gözəlləşdirib. Həmin gün – 27 dekabr 2023 il tarixində Xalq Artisti, dünya şöhrətli pianoçu, dəyərli rektorumuz, professor Fərhad Bədəlbəylinin doğum günü idi. Təqdim olunan tədbir məhz Fərhad Bədəlbəylinin müəllif şeirləri əsasında təşkil edilmişdi.
“İlin fəsilləri” adlanan maarifləndirici konsert-tamaşa görkəmli musiqi xadimi, Azərbaycan mədəniyyəti və təhsilinin inkişafı naminə saysız-hesabsız işlər görmüş professor Tərlan Seyidovun müəllif layihəsi əsasında BMA-nın Orta ixtisas musiqi Məktəb-studiyası tərəfindən gerçəkləşdirildi.
İki böyük şəxsiyyət – Fərhad Bədəlbəyli və Tərlan Seyidovun şəxsi və professional müstəvidə uzun illər sürən dostluğu bir çox layihələrin həyata keçirilməsində rol oynayıb. Tərlan müəllim hələ sağlığında “İlin fəsilləri” konsert-tamaşanın Fərhad Bədəlbəylinin doğum günü üçün bir yaradıcı sovqat kimi təqdim olunmasını arzu edirdi. Təəssüf ki, müəllif mötəbər tədbirin hazırlanmasına və təqdim olunmasına şahidlik edə bilmədi. Lakin bu layihə Tərlan Seyidovun tələbəsi və 30 ildən artıq çiyin-çiyinə çalışıb, hazırda isə Məktəb-studiyanın direktoru Sevda Məmmədovanın və həmin müəssisənin kollektivi tərəfindən layiqli şəkildə reallaşdırılıb.
Tamaşanın quruluşçu rejissoru, professor Tərlan Seyidov sinfinin məzunu Nigar Həsənzadənin incə zövqü və qarşıya qoyulmuş məqsədə özünəməxsus yanaşması sayəsində mükəmməl iş ərsəyə gəlmişdi. Bir-birini əvəz edən kiçik səhnələr təbiətin 4 fəslini özündə əks etdirirdi.
Konsert-tamaşa aparıcı Nigar Həsənzadənin canlı təbiətin insan həyatına təsiri haqqında, bu iki amilin qarşılıqlı həmahəngliyindən bəhs edən monoloqu ilə başladı. O, “bu tədbir Tərlan Seyidovun öz dostuna hədiyyəsidir” deyərək professoru yad etdi. 43 il qurub yaratdığı Məktəb-studiyada Tərlan Seyidov özünün innovativ ideyalarını həyata keçirərək Azərbaycan musiqi mədəniyyəti və elminə bir çox yeniliklər gətirib.
Qeyd etmək lazımdır ki, aparıcının monoloq tipli çıxışı konsert-tamaşanın leytmövzusu kimi bir neçə dəfə musiqili nömrələr arasında səslənirdi və bununla tədbirin gedişatına ayrı bir rəng qatırdı. Yaz fəslini səciyyələndirən səhnələr bu mövsümün özəlliklərini-təbiətin oyanışını, insan ruhunun təzələnməsini nümayiş etdirirdi. Fərhad Bədəlbəylinin “Весна” (“Bahar”) şeirini VI sinif şagirdi Qədimova Məryəm poetik şəkildə tamaşaçıların diqqətinə çatdırdı.
Bahar fəslinin gözəlliyi şeir sətirlərindən sonra musiqi dili ilə XI sinif şagirdi Şəhla Yusubovanın (Əməkdar müəllim Nərgiz Mansurovanın sinfi) ifasında tərənnüm olundu. O, Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin prelüdünü fortepianoda incəliklə səsləndirdi.
Məktəb-studiyanın müəllimlərindən Aytən İbrahimova, Ofeliya Axundova və Şəfəq Hacıyeva üçlüyü Fərhad Bədəlbəylinin sözlərinə yazılmış “Весна” romansını (musiqi sənətşünaslıq üzrə fəlsəfə doktoru A.İbrahimovaya məxsus) təqdim etdi.
Yay fəslinin səciyyəvi xüsusiyyətləri VIII sinif şagirdi Əhmədova Dəryanın ifasında F.Bədəlbəylinin “Лето” (“Yay”) şeirinin timsalında emosional zənginliklə ifadə olundu.
Maraqlı məqamlardan biri – Məktəb-studiyanın müəllimi, pianoçu Fəqan Həsənlinin günün səbəbkarı Fərhad Bədəlbəylinin obrazının yaratması idi. O, dünya şöhrətli pianoçunun yaradıcı simasının müəyyən cizgilərini görkəmli bəstəkarımız Qara Qarayevin “Eskiz” əsərini ifa edərək göstərdi.
Təbiətin gözəlliklərindən ilhamlanan böyük sənətkar Fərhad Bədəlbəyli payız mövzusuna da biganə qalmayaraq özünün “Осень” (“Payız”) şeirində qaçılmaz kədər və qüssədən bəhs edir, bununla belə, gələcəyə inam və ümid hisslərini də itirmir. Məktəb-studiyanın şagirdlərindən ibarət xor kollektivi Səid Rüstəmovun “Qızıl payız” mahnısını məharətlə ifa etdi (xorun rəhbəri dosent Aqil Qafulovdur).
Qışın sərt soyuğu növbəti səhnədə – 5-ci sinif şagirdləri Sara Hacıyeva və Cəmilə Sadıxovanın qış fəslinə uyğun geyimləri və ifadəli şəkildə söylədikləri “Qış” (müəllif F.Bədəlbəyli) şeiri ilə hiss olundu. Poetik səhnəciyin ardından violin ixtisası üzrə VIII sinif şagirdi Yusuf Məmmədli (dosent Gülnarə Quliyevanın sinfi) A.Qlazunovun “İlin fəsilləri” baletindən “Dolu” («Град») əsərini ifa edərək soyuq fəslin özünəməxsus ab-havasını canlandırdı.
Məktəb-studiyanın fortepiano şöbəsinin müəllimi, Beynəlxalq müsabiqələr laureatı pianoçu-bəstəkar Nuranə Zeynalovanın fortepiano və çello üçün bəstələdiyi “Şuşada ilin dörd fəsli” silsiləsindən “Səngərdə şaxtalı qış” musiqi nömrəsi şanlı ordumuzun qış vaxtı savaşda sinə gərdiyi çətinliklərdən bəhs edirdi. Fortepianoda Nuranə Zeynalovanın, çelloda isə Əməkdar artist Eyyub Əliyevin təsirli ifası rəğbətlə qarşılandı.
Tədbirin son səhnəsində aparıcı, uşaqların əhatəsində, monoloq söyləyərək Fərhad Bədəlbəylinin uşaqlıq illərindən tutmuş bu gününə kimi qısa ekskurs etdi və onun ən böyük arzusunun – Şuşanın azad olunmasının reallaşmasını vurğuladı.
Səmimi münasibəti əks etdirən ən isti mənzərə konsertin son dəqiqələrinə təsadüf etdi. Belə ki, səhnədə Məktəb-studiyanın müəllim və şagird heyəti Fərhad Bədəlbəylini təbrik edərək ona ən xoş arzularını dilədilər. Dəyərli rektorumuz isə öz növbəsində Məktəb-studiyanın bu töhfəsini yüksək qiymətləndirərək, hər kəsə minnətdarlığını bildirdi.
“İlin fəsilləri” layihəsi Tərlan Seyidovun son arzusu idi və Məktəb-studiya bu tədbirin keçirilməsini layiqincə yerinə yetirdi.
Şəfəq HACIYEVA
Məktəb-studiyanın böyük elmi işçisi
Bizi Facebookda izləyin