EN

Məqsədimiz görüntü xətrinə ideal münasibətlər qurmaq deyil, real sülhə əsaslanan bir mühit yaratmaqdır

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan 30 ilə yaxın zaman çərçivəsində işğal siyasəti yaşadı. Bu azmış kimi 1 milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qaldı. Məsələ ondan ibarətdir ki, Azərbaycanın nə işğal dönəmində, nə də işğaldan sonrakı dönəmdə üzərinə düşdüyü çətin tapışıqları icra etməsi üçün heç bir köməyi və dəstəyi yox idi. Buna baxmayaraq, Azərbaycan dövləti və Azərbaycan xalqı bir yumruq kimi birlikdə addımlar atmağı bacardı. Nəticə etibarilə, Azərbaycan xalqının da xislətinə uyğun olaraq biz elə bir sülh gündəliyi ortaya qoyduq ki, bu gündəlik yenidən düşmənçiliyə səsləmir. Baş verən hadisələri, prosesləri, qaranlıq səhifəni arxada qoymaq da hər bir xalqa məxsus addım deyil. Azərbaycan bunların da öhdəsindən gəlməyi bacardı. Lakin ədalət təmin edilməli idi. Bu ədalət həm döyüş meydanında, həm də bu gün məhkəmələrdə təmin edilir. Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə təcavüz edildiyi kimi azərbaycanlılara qarşı da müharibə cinayətləri, soyqırımı törədən kəslər ədalət qarşısında cavab verir. Bütün bu reallıqlar təzyiq altında baş verirdi, təhdid altında həyata keçirilirdi. Buna baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətindən dönmədi.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında qeyd edib ki, biz sülhü regiona son dərəcə nahamar olan bir dünya reallığında gətirməyi bacarırıq: “Dünyanın müxtəlif istiqamətlərində müharibələr gedir, münaqişələr qızışdırılır. Belə bir məqamda Cənubi Qafqaz kimi son dərəcə mürəkkəb bir regiona sülhün gətirilməsi aydın məsələdir ki, asan deyil. Lakin Azərbaycan həm Zəfərini leqallaşdırmağı bacarır, həm də sülhü dünyaya qəbul etdirməyin öhdəsindən gəlir. Təqdim olunan hər bir platformadan biz konkret nəticə əldə etmək üçün səmərəli istifadə etdik.

Şübhəsiz ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” Cənubi Qafqazda sülh prosesinə beynəlxalq siyasi dəstəyin rəmzidir. Çünki Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı mükafatının” təqdim olunma mərasimi keçirilərkən, xüsusilə mükafat təqdim olunmadan öncə dünya liderlərinin nitqinə diqqət etmək lazımdır. Hər bir lider mükafatın önəmi qədər, həm də mükafata layiq görülənlərin keçdiyi keçməkeşli yola bir daha nəzər yetirdi. Dünyanın mövcud durumuna toxunuldu, bu vəziyyətdə sülhün vacibliyinə diqqət yönləndirildi”.

Azər Badamov

Deputat bildirib ki, bu mükafat bütün dünyada sülhə və sabitliyə töhfə verir: “Bu baxımdan liderlərin atdıqları cəsur addımlar xüsusilə vurğulandı. Bu, sadəcə Azərbaycanın və Ermənistanın gələcəyinə hədəflənmiş bir məsələ deyil. Bu, bütünlükdə böyük bir coğrafiyanın, Qafqazın gələcəyində yeni bir səhifənin açılması deməkdir. Azərbaycan Zəfərini ədalətə əsaslandırmağı bacardı. Bax, bu, çox önəmli amil idi”.

“Mükafat bir daha onu diqqətə çatdırır ki, tərəflər qarşıdurma məntiqindən deyil, kin üzərindən deyil, keçmişə yenidən boylanmaqla deyil, gələcəyə baxıb müdrik qərarları almaqdan, bu qərarların sülhə xidmət etməsindən keçir. Siyasətdə gecikməmək, habelə təmkin göstərmək çox önəmli keyfiyyətlərdir.

Cənab Prezident İlham Əliyev vaxtdan düzgün istifadə edir, zamanı və məqamı dəqiq seçir, qərarları zamanında almağı bacarır, bütün prosesləri yerində dəyərləndirməyi çox gözəl bilir. Dövlət başçımız məqsədyönlü Lider olaraq nə istədiyini, nə istəmədiyini, nəyin lazım olub-olmadığını dəqiq bilir. Hədəfdən yayınmadan onun üzərinə getməyi bacarır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirdi ki, barışıq zəiflik deyil, əksinə güc deməkdir. Mükafatın məqsədi bütünlükdə insanlığa xidmət edən siyasətçiləri, liderləri, öz sferası üzrə konkret töhfələr verən insanları mükafatlandırmaqdır. Bu həm də güclü mənəvi mesaj deməkdir. Mesaj ondan ibarətdir ki, insanın insanlığa hörməti əsas amil olmalıdır. Siyasətçi bu məqamı fəaliyyətinin əsas istiqamətinə çevirməlidir. Təhlükəsizlik, inkişaf, insanlığa xidmət və bunun təmin edilməsi, universal prinsiplərə sadiqlik təməl amallar olmalıdır. Bu gün Azərbaycan dünyada multikultural siyasətinə görə fərqlənir. Bu prizmadan nümunəvi bir ölkədir. Müxtəlif xalqlar qardaşlıq şəraitində yaşayır”-deyən deputat qeyd edib ki, dözümlülük və qarşılıqlı hörmət dinc birgəyaşayışın təməlidir.

“Mükafat beynəlxalq münasibətlərdə səmərəli alət kimi diplomatiyaya etimadı gücləndirir. Azərbaycan Prezidenti məhz o azsaylı liderlərdəndir ki, diplomatiyanın hələ də işlək mexanizmə sahib ola biləcəyini sübut edir. Bu mükafat balansa və düşüncəyə əsaslanan diplomatiya vasitəsilə addımların atıla biləcəyini göstərir. Biz regionda yalnız bərabər çalışacağımız təqdirdə sabit və proqnozlaşdırıla bilən gələcək qura bilərik”-deyə Azər Badamov bildirib.

“Təbii ki, sülh birdən-birə yaranmır, biz buna doğru addım-addım getməliyik və ya kimsə sülhü bizə gətirib təqdim etməyəcək. Bu, çoxmərhələli, çətin və gərgin bir prosesdir. Lakin biz bunun öhdəsindən gəlməliyik. Sülh rasional düşüncəyə əsaslanmalıdır. Bu baxımdan Azərbaycan və Ermənistan arasında əldə olunan mövcud reallıq dünya üçün nümunədir. Biz humanist amilləri təşviq edirik, dialoqa ardıcıllıq qazandırırıq. Bu baxımdan bütün gözlər Əbu-Dabiyə çevrildi. Çünki mükafatın təqdim olunması həm də Əbu-Dabinin qlobal sülh mərkəzinə çevrilməsi istiqamətində göstərmiş olduğu səylərin bir daha dünyaya nümayiş etdirilməsi idi.

Xüsusi məqamlardan biri o idi ki, liderlər dövlət başçımızın liderlik keyfiyyətləri haqqında olduqca yüksək fikirlər səsləndirdilər. Cənab Prezident İlham Əliyev çox böyük sınaqlardan keçərək, davamlı siyasi təzyiqlərə məruz qalaraq bu nəticəyə nail oldu. Şübhəsiz ki, sülhün əldə olunması 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanan sənədlərdən sonra daha da sürətləndi. Bu sadəcə siyasi və diplomatik bir addım deyildi. Bu, həm də tarixi naliyyətdir. Cənab Prezident İlham Əliyev 8 avqust görüşünü məhz bu cür xarakterizə etmişdi. Sülh hər ki xalqın mənafeyinə xidmət etməlidir. Habelə, bütün regiona töhfə gətirməlidir. Roma papası XIV Leonun təbrik məktubunun ünvanlanması da ondan xəbər verir ki, deməli, humanizm bölünmədən, parçalanmadan və, ümumbəşəri dəyərlərə sadiq qalaraq inkişaf etdirilə bilər, bu məqsədə məhz bu cür xidmət göstərilə bilər”-deyə Azər Badamov vurğulayıb.

Deputatın fikrincə, bu gün əsas məqsəd "görüntü xətrinə" ideal münasibətlər qurmaq deyil, real sülhə əsaslanan bir mühit yaratmaqdır: “Dünyamız şəfqət prinsiplərinə əsaslanmalıdır. Azərbaycanın həyata keçirdiyi multikulturalizm siyasəti dünya tərəfindən görünür, təqdir edilir. Bu baxımdan da Roma papası XIV Leonun təbrik məktubu xüsusi əhəmiyyət kəsb edir. Biz regionu bölərək özgəninkiləşdirməli deyilik, özümüzünküləşdirməliyik. Şübhəsiz ki, Birləşmiş Ərəb Əmirlikləri bu təşəbbüslə çıxış etməklə regionda həm vasitəçi, həm də yumşaq güc aktoru kimi rolunu gücləndirir. Bu da lazım olan amildir. Sərt gücdən daha çox yumşaq gücün artırılmasına üstünlük verilməlidir. Çünki Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında siyasi, iqtisadi, hərbi, enerji, informasiya texnologiyaları sahəsində əlaqələr uğurla inkişaf edir. Birləşmiş Ərəb Əmirliklərinə Azərbaycan Prezidentinin səfəri, birgə təlimlərin izlənilməsi, müdafiə sahəsində əməkdaşlıq BƏƏ və Azərbaycan münasibətlərinin xarakterini göstərir. Birləşmiş Ərəb Əmirlikləri Qarabağ və Şərqi Zəngəzurun bərpası kimi Azərbaycan üçün son dərəcə həssas olan bir məsələyə dəstək göstərir. Azərbaycan bunu çox yüksək dəyərləndirir”.

“Şübhəsiz ki, mükafat daxili auditoriya üçün də son dərəcə vacibdir. Çünki sülhü başqası bizə təqdim etməli deyil, cəmiyyətlər buna hazır olmalıdır. Bu da liderlərin üzərinə düşən məsuliyyətdir. Bu baxımdandır ki, sülh gündəliyi sadəcə ali rəhbərlər arasında inkişaf etdirilmir, təkcə dövlət təsisatları arasında münasibətlər yaranmır, həm də vətəndaş cəmiyyəti institutları arasında biz qarşıqlı səfərləri görürük, təmasların artdığının şahidiyik. Bu da dayanıqlı sülhə xidmət edən məsələdir. Azərbaycan ərazisindən keçməklə məhsulların Ermənistana daşınması, Ermənistanın Azərbaycandan məhsul idxal etməsi sülhə fundamental təkandır. Azərbaycan Ermənistana neft məhsulları ixirac edir. Bu, Ermənistan cəmiyyətinin inkişafı üçün əvəzolunmaz töhfədir. Bu baxımdan yolların açılması sülhün fundamental elementlərindən biridir. Cənab Prezident İlhəm Əliyev çıxışında bildirdi ki, biz sülh şəraitində yaşamağı öyrənə bilirik. Bu, xüsusi bir hissdir. Bu sözün özü yaşadığımız prosesi və hissləri dünyaya çatdırmaq deməkdir. Daha xüsusi məqam odur ki, biz həm də bunu sürətlə öyrənirik. Çünki son altı ay münasibətlərin inkişafı baxımından olduqca mühümdür”-deyən Azər Badamov qeyd edib ki, Əbu-Dabidə keçirilən təqdimolunma mərasimi, eşidilən gur alqış səsləri əslində məhz Azərbaycanın və onun uzaqgörən Liderinin səylərinin beynəlxalq aləm tərəfindən təqdir edilməsinin göstəricisi idi.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
42
bizimyol.info

1Sources