EN

Zamanın yaddaş sərrafı: Professor Aslan Bayramovun ömür dastanı

"101 Ağbabalı" silsiləsindən


Dünyada ən çətin və ən şərəfli sənət İnsan olmaq, ən böyük fədakarlıq isə xalqın yaddaşını öz çiyinlərində daşımaqdır. Tarix sadəcə baş vermiş hadisələrin yığını deyil; tarix – torpağın altındakı kök, üstündəki addım izi və ruhdakı sarsılmaz sadiqlikdir. Bəzi insanlar var ki, onlar zamanın axarında sadəcə bir yolçu deyil, o zamanın özünü məna ilə dolduran memarlardır. Onlar taleyin hökmü ilə itirilmiş yurd yerlərini bir ovuc torpaq kimi deyil, bir ulu dastan kimi qəlblərində daşıyıb gələcəyə ötürürlər.

Elm aləmində elə imzalar var ki, onlar sadəcə kağız üzərində deyil, millətin mənəviyyat xəritəsində silinməz iz qoyurlar. Bu imzaların sahibi olan alim – keçmişin tozunu silən bir arxeoloq, sözün ruhuna nüfuz edən bir sərraf və unudulmaqda olan yurd adlarını -etnomədəni kimliyimizi öz qanı-canı bahasına qoruyan bir fədaidir. Bax, bu fədakarlığın, bu elmi titatnlığın və insani ucalığın Ağbaba mahalındakı adı Professor Aslan Bayramovdur. O, Təpəköydən başlanan ömür yolunu sadəcə bir bioqrafiya kimi deyil, qədim Oğuz elinin müasir manifesti kimi yaşadı. Onun üçün hər bir toponim – bir qala, hər bir şivə sözü – bir ana laylası, hər bir folklor nümunəsi isə qan yaddaşımızın sarsılmaz şifrəsidir.



Hər bir böyük ömrün başlanğıcında bir torpaq ucalığı, bir ocaq istisi dayanır. 1947-ci ilin mart ayının son günündə – təbiətin Ağbabada qış yuxusundan ayılıb, dağların yaşıl örpəyini başına örtdüyü o nurlu gündə, Amasiya rayonunun Təpəköy kəndində, Əhmədxan kişinin ocağında bir uşaq dünyaya göz açdı. Bu uşağın taleyi elə adında gizlənmişdi; o, zaman gələcək öz elminin, öz yurdunun Aslanına çevriləcəkdi.

Təpəköy sadəcə bir kənd deyil, sanki göylə yerin birləşdiyi, türkün qədim ruhunun daşlaşdığı bir abidə idi. Əhmədxan kişinin ailəsində böyüyən Aslan üçün bu kənd bir kainat idi. O, ilk dəfə bu torpaqda addım atmağı, ilk dəfə bu bulaqlardan su içməyi öyrəndi. Lakin ən əsası, o, bu ocaqda Sədaqəti öyrəndi. Atası Əhmədxan kişinin nəsihətləri, ocağın közündə bişən çörəyin ətri və anası Nənəxanım Mikayıl qızının dilindən tökülən qədim bayatılar gənc Aslanın mənəvi dünyasının bünövrəsini qoydu. Təsadüfi deyil ki, Nənəxanım ana folklorumuzun bilicisi idi. Dəfələrlə “Az.TV” ,” Lider” ,”İTV” televiziya kanallarının qonağı olmuş və Ağbaba folklorundan örnəklər söyləmiş, nanaylar oxumuşdur.

Ağbaba mahalının o sərt, amma vüqarlı iqlimi onun xarakterini polad kimi bərkitdi. O, Ağbabanın hər cığırını, hər təpəsini elə əzbərlədi ki, sanki bu coğrafiya onun ruhuna döymə ilə həkk olundu. O illərdə heç kəs bilmirdi ki, balaca Aslanın hər gün baxdığı o dərələr, adını əzbər bildiyi o yaylaqlar illər sonra onun elmi yaradıcılığının əsas mövzusuna çevriləcək. O, hələ o vaxtdan torpağın yaddaşını toplamağa başlamışdı. Əhmədxan kişinin ailəsi bir dürüstlük və zəhmət məktəbi idi. Aslan müəllimin sonrakı illərdəki o yorulmaz elmi fəaliyyəti, mənəvi bütövlüyü məhz o Təpəköy ocağından, atası Əhmədxan kişinin halal süfrəsindən gəlirdi.





Aslan müəllimin taleyi nizam-intizamın vətən sevgisi ilə vəhdətindən yoğrulub. Onun ömür kitabının ən şərəfli səhifələrindən biri 1968-1970-ci illərdə, Lvov şəhərində, SSRİ Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı alayında keçdiyi xidmət illəridir. Xüsusi təyinatlı olmaq təkcə fiziki güc deyil, həm də sarsılmaz iradə, hər an fədakarlığa hazır olmaq demək idi. Gənc Aslanın sinəsini bəzəyən “Əsgəri rəşadətə görə” medalı təkcə bir təltif deyil, sanki onun bütün gələcək fəaliyyətinin elmi manifesti, mənəvi möhürü idi. O, bu rəşadəti səngərdən auditoriyaya, hərbi nizamdan elm dünyasına daşıdı.


1972-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin qiyabi şöbəsinə qəbul olması ilə onun həyatında "Sözün savaşı" başladı. Elə həmin ildən doğma Təpəköy kənd orta məktəbində müəllim kimi pedaqoji fəaliyyətə başladı. Təpəköy məktəbinin sinif otaqlarında Aslan müəllim şagirdlərə təkcə ana dilinin qrammatikasını öyrətmirdi; o, hər bir kəlmədə o ulu dağların səsini, hər bir misrada o dərələrin pıçıltısını şagirdlərin qəlbinə həkk edirdi. O, lövhəyə "Vətən" yazanda təkcə beş hərfi deyil, Ağbabanın hər qarışının bizə aid olduğunu körpə yaddaşlara bir and kimi yazırdı. Müəllimlik edə-edə Ağbabanın, Şörəyelin, Pəmbəyin hər obasını gəzir, hər bir toponimi, hər bir folklor örnəyini və şivə sözlərini bir zərgər dəqiqliyi ilə toplayırdı.Alim-araşdırıcı olmaq arzusu ilə 1987-ci ildə ADU-nun (indi BDU) Azərbaycan dilçiliyi kafedrasının dissertantı oldu.

Təhsil Nazirliyinin fəxri fərmanları, "Ali kateqoriyalı müəllim" dərəcəsi onun peşəkar zəhmətinə verilən rəsmi qiymət idisə, kənd sakinlərinin ona olan ehtiramı onun ən böyük mənəvi mükafatı idi. Aslan müəllim üçün müəllimlik kürsüsü bir vətən səngəri idi və o, bu səngəri 1989-cu ilin o məlum köçünə qədər bir an belə tərk etmədi.



1989-cu ilin iyun ayı... Ağbaba dağlarının başına duman çökəndə, Aslan müəllim də hər bir soydaşı kimi qəriblik yollarına düşdü. Lakin o, Sumqayıta pənah gətirəndə sadəcə bir qaçqın deyildi; o, bir xalqın taleyini çiyinlərində daşıyan fədai idi. O, bura əliboş gəlməmişdi; onun ruhunda minlərlə toponim, nənələrin bayatıları və babaların hikmətli kəlamları var idi.
Erməni terrorçularının antiazərbaycan hərəkətrləri ilə Qərbi Azərbaycanda yaıayan digər soydaılarımız kimi o da doğma yurdundan didərgin düşüb Sumqayıta pənah gətirdi.bu şəhərdə məskunlaşdı.



Sumqayıtdakı 18 saylı məktəbdə pedaqoji fəaliyyətini davam etdirərkən o, sanki itirdiyi hər qarış torpağın əvəzinə bir kitab yazmağa and içmişdi. 1993-cü ildə "Ali kateqoriyalı müəllim", 1999-cu ildə isə "İlin ən yaxşı müəllimi" adını alması onun sarsılmaz iradəsinin təntənəsi idi. 1995-ci ildə”Ağbaba ,Şörəyel və Pəmbək bölgələrinin türkmənşəli toponimləri” movzusunda namizədlik, 2011-ci ildə isə "Kitabi-Dədə Qorqud"dastanı”ndakı adların Qafqaz ərazisində toponimləşməsi” mövzusunda doktorluq işini müdafiə edərək filologiya elmləri doktoru zirvəsinə ucaldı. Aslan Bayramov sübut etdi ki, bizim köklərimiz o torpaqlara tarixin özü qədər dərindən bağlıdır. Onun araşdırdığı hər bir ad düşmənin saxta tarixinə vurulmuş elmi sillə idi.O həm də 2000-cı ildə nəşr edilən “Kitabi-Dədə Qorqud” Ensiklopediyası”nin müəlliflərindən biri kimi ora 70-dən çox məqalə daxil etdi.



Aslan müəllim 1996 –2006-cı illərdə ADPU-nun Müasir Azərbaycan dili kafedrasında dosent vəzifəsində çalışdı. Onun ömür yolunu” n ən məhsuldar illəri Sumqayıt Dövlət Universiteti ilə bağlandı. 2001-2014-cü illərdə dekan və kafedira müdiri kimi çalışdığı illər universitetin tarixinə "Aslan Bayramov intibahı" kimi həkk olundu.Azərbaycan dili və Türkologiya kafedra və sının və yeni yaradılmış Filologiya fakültəsinin təşkilatlanmasında əzmlə çalışdı.Tədris planları və fənn proqramları yeni standartlara uyğunlaşdırmaq üçün kollektivi bu işə səfərbər etdi.1914- cü ildən onun rəhbərlik etdiyi Folklorşünaslıq elmi tədqiqat laboratoriyası sanki itirilmiş yurdlarımızın Sumqayıtdakı mənəvi səfirliyinə çevrildi.O,əlavə olaraq AMİ-nin Sumqayıt filialinda da mühazirələr oxudu.

O,bu illər ərzində Azərbaycan dili, onomastika, toponimiya, türkologiya, dialektologiya , deportasiya və soyqırıma aid 200-dən çox elmi məqalə yazmış, 25 fənn proqraml tərtib etmişdir. Bununla yanaşı,"Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin türkmənşəli toponimləri" (Sumqayıt: Göytürk 1996 ,220.səh. dərs vəsaiti ), "Oğuz elinin söz çələngi:Ağbaba folkloru.Bakı :Zəka,2017,480 səh.),Oğuz elindən ,ozan dilindən,Bakı:2000, ,Elm,243 səh.), "Tarixi faciələrimiz:deportasiya,repressiya və soyqırım"(Bakı:Zəka-print,2915,430 səh.,dərs vəsaiti ),”Ağbaba şivəsi sözlüyü”(Bakı:Zəka-print, 280s. dərs vəsaiti),”Qərbi Azərbaycanın Ağbaba şivəsi, Bakı :Elm və təhsil,2017 ,626 səh.) “Azərbaycan dilindən təcrübi məşğələ “ Bakı :Zəka -print,2016 ,512 səh.)”,Orfoqrafiya ,orfoepiya və vurğu lüğəti, Bakı:Zəka-print,2016 .180 səh,dərs vəsaiti),”Azərbaycan dili,Bakı: Zəka-print,534 səh.,dərs vəsaiti),”Ağbaba Şörəyel ,Pəmbək və ona yaxın olan ərazilərin mikrotoponimləri,Bakı:Zəka -print ,2024,189 səh.,dərs vəsaiti ) ,”Adınız nədir,Bakı:Zəka-print, 2015,150 səh.) və s. 20-dən çox kitabın müəllifidir.
Onun elmi rəhbərliyi ilə 8 nəfər dissertant,2 nəfər aspirant müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi almışlar.O , həm də 23-dən çox iddiaçının opponentı olmuşdur.Uzun müddət AAK-ın SDU da fəaliyyət göstərən FD-2.24.-filologiya üzrə müdafiə şurasında elmi seminarın sədri olmuşdur. Hal-hazrda həmin şurada müavindir.


.. Aslan müəllim Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü kimi bədii təfəkkürün də zirvəsindədir.2007-ci ildə “Azərbaycan Respublikasının qabaqcıl təhsil ışçisı”, 2012-ci ildə isə cənab Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilməsi dövlətin öz fədakar aliminə verdiyi ali dəyər idi.



Professor Aslan Bayramov üçün Ağbaba sadəcə bir xəritə nöqtəsi, keçmişdə qalan bir tədqiqat obyekti və ya bir zamanlar tərk edilmiş xatirələr məkanı deyil. Onun üçün o ulu torpaqlar hər gün ruhən ziyarət etdiyi, bir gün isə cismən mütləq qovuşacağımız müqəddəs bir mənzildir. Elə buna görə də o, bu gün təkcə bir elm adamı kimi deyil, həm də Təpəköy icmasının sədri kimi çiyinlərini bu ağır və şərəfli yükün altına qoyub. Onun rəhbərlik etdiyi bu icma sadəcə bir qurum, bir təşkilat deyil; o, doğma kəndin ruhunu Sumqayıtda, Bakıda – bir sözlə, dünyanın harasında bir təpəköylü varsa, orada yaşadan, sönməyə və söndürülməyə qoyulmayan mənəvi ocaqdır.



Aslan müəllimin ömrünün ən böyük amalı, varlığının qayəsi Böyük Qayıdışın həm elmi, həm də mənəvi bünövrəsini polad kimi möhkəm qurmaqdır.Buna görə də o, uzun müddət üzərində işlədiyi ” Qərbi Azərbaycanin Ağbaba mahalının Böyük Təpəköy və Kiçik Təpəköy kəndləri” kltablnl yazıb tamamlamışdır. O, hər bir çıxışında bir dastan danışır, hər söhbətində gənclərin qəlbinə elə bir toxum əkir ki, o toxumdan ancaq Vətən cücərə bilər: "Biz o torpaqlara qayıdacağıq!" – deyəndə bu, sadəcə bir arzu deyil, alimin uzaqgörənliyi ilə verilmiş bir qərardır. Onun üçün yurd sevgisi dumanlı bir nostalji deyil, gələcək nəslin qan yaddaşına, ruhuna və kimliyinə əbədi olaraq vurulan polad möhürdür. Professor gənclərlə elə bir sirli, elə bir doğma dildə danışır ki, Təpəköyü heç vaxt görməyən bir gənc belə, onun təsvirlərində o dağların dumanını duyur, o buz bulaqların zümzüməsini eşidir, qəribsəmiş daşların iniltisini hiss edir. O, gənclərin ruhunda sadəcə bir coğrafiya deyil, sərhədləri qəlblərdən keçən, zamana meydan oxuyan bir Əbədi Vətən xəritəsi cızır.Təsadifi deyil ki, hələ 2012-ci ildə İrvan xanlığının Trixi və mədəniyyəti sahəsindəki araşdırmalarına görə Azərbaycan Respublikası Beynəlxalq Diaspor mərkəzinin Fəxri Fərmanına layiq görülmüşdür.



Dünya elminin, ağır fəlsəfi fikirlərin və dilçilik laboratoriyalarının yükünü vüqarla çiyinlərində daşıyan bu böyük insan, öz ailə ocağına daxil olanda dünyanın ən həlim, ən müdrik ağsaqqalı və sevgi dolu babasına çevrilir. Professorun iş otağındakı cild-cild kitablarla dolu rəfləri ilə nəvələrinin otağı dolduran şaqraq gülüşü arasında görünməz, sarsılmaz və ilahi bir bağ var. O, nəvələrinə təkcə nağıl danışmır, o, nəvələrinin körpə yaddaşına babalarının gəzdiyi o ulu torpaqların – Ağbabanın, Şörəyelin qədim dastanını, "Dədə Qorqud"un minilliklərdən süzülüb gələn hikmətini bədii bir sərraf kimi aşılayır.

Onun üçün ailə – kiçik bir dövlət, kiçik bir vətəndir. Bu vətənin hər bir fərdi, hər bir budağı professorun elmi qədər hüdudsuz, zəhməti qədər böyük olan qəlbinin istisində isinir, onun mənəvi zənginliyindən bəhrələnir. O, bir ata kimi övladlarına dürüstlüyün şifrələrini, bir baba kimi isə nəvələrinə kökünə bağlılığın asudəliyini miras qoyur. Aslan müəllimin nəzərində ailə bir ağacdırsa, onun kökləri Ağbabada, budaqları isə gələcəyin nurlu üfüqlərindədir.Atalar “ot kökü üstündə bitər”demişlər. Oğlu Asəf Bayramov kimya elmləri namizədi,ekoloqdur.Qızı Bayramova Arzu filologiya üzrə fəlsəfə doktorudur-SDU-da işləyir.Kiçik qızı Yasəmən Bayramova isə Bakı şəhərindəki 35 sayiı orta məktəbdə adlı-sanlı ibtidai sinif müəllimidir. Onun 7 nəvəsi ,4 nəticəsi vardır. Nəvələr bakalavr və magistr təhsili almışlar.

Son söz əvəzi: yolun nuru, torpağın səsi

Aslan Bayramov – o, sözün həqiqi və ən uca mənasında bir "Yaddaş Sərkərdəsidir". Onun 75 illik şərəfli ömür yolu sadəcə bir insanın həyat hekayəsi deyil, bir millətin mənəviyyat ensiklopediyası, bir elin vüqar kitabıdır. Ağbabanın uca dağlarındakı vüqarı, Təpəköyün saf havasını, Sumqayıtın alın təri ilə yoğrulmuş zəhmətkeşliyini öz şəxsiyyətində birləşdirən bu böyük insan, bugün də yolun sonuna deyil, gələcəyin ulduzlu üfüqlərinə baxır.
Nə qədər ki, Aslan müəllim kimi yurd fədailərinin nəfəsi var, nə qədər ki, onun polad qələmi tarixin səhifələrinə haqqın səsinə yazır, o ulu torpaqlar heç vaxt qərib, heç vaxt kimsəsiz sayılmayacaq. Çünki o torpaqların hər qarışı professorun elmi kəşflərində, cild-cild kitablarında və ocağının başında müqəddəs bir əmanət kimi böyütdüyü nəvələrin bal dilində yenidən canlanır, yenidən doğulur.
Eşq olsun o yola ki, hər addımı Vətənə doğru atılır! Eşq olsun o ömrə ki, hər anı xalqın sabahına, millətin birliyinə və ana dilimizin ölməzliyinə həsr olunub!


Şəmsi Qoca



Chosen
16
aia.az

1Sources