İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ötən il beynəlxalq sərgilərdə vahid ölkə stendi ilə və fərdi qaydada iştirak mexanizmləri vasitəsilə 65 sahibkara ümumilikdə 134 dəfə dəstək göstərib.
"Report" bu barədə agentliyə istinadən xəbər verir.
Qurumda hesab edirlər ki, bu, yerli məhsulların müxtəlif bazarlarda təqdimat imkanlarının genişləndirilməsinə maliyyə alətləri ilə birbaşa töhfədir.
Sərgilərdə vahid ölkə stendi ilə iştirak mexanizmi çərçivəsində il ərzində daxil olmuş 93 müraciət əsasında 46 şirkət "Made in Azerbaijan" brendi altında 6 beynəlxalq sərgidə iştirak edib. Həmin şirkətlər Ər-Riyadda "The Saudi Food Show 2025", Kazanda "Russia Halal Expo 2025", Almatıda "KazBuild 2025", Kölndə "Anuga 2025", Şanxayda "China International Import Expo" ("CIIE 2025"), Dubayda "Big 5 Global UAE 2025" sərgilərində təmsil olunub. Sərgilər zamanı məhsulların təqdimatı ilə yanaşı, potensial alıcılarla görüşlər keçirilib, mümkün əməkdaşlıq istiqamətləri və ixrac imkanları müzakirə edilib.
Sərgilərdə iştirak bir sıra hallarda konkret ixrac göstəriciləri ilə müşayiət olunub. Məsələn, "The Saudi Food Show 2025" sərgisində iştirak nəticəsində 5 yerli şirkət yeni alıcıların tapılması, eləcə də mövcud alıcılarla əməkdaşlığın genişləndirilməsi yolu ilə Səudiyyə Ərəbistanı, Yəmən və Türkmənistan kimi ölkələrə ixrac əməliyyatları həyata keçirib.
Bundan başqa, "Interfood Azerbaijan", "Anuga 2025" və "CIIE 2025" kimi sərgilər çərçivəsində qurulan işgüzar əlaqələr nəticəsində yerli şirkətlərimiz tərəfindən müxtəlif qida və içki məhsullarının İsrail, Avropa ölkələri və Çin bazarlarına ixracı üzrə razılaşmalar əldə olunub.
Ölkə daxilində keçirilən beynəlxalq sərgilər də ixracın təşviqi və işgüzar əlaqələrin qurulmasında əhəmiyyətli rol oynayıb. Bakı Ekspo Mərkəzində keçirilən 30-cu "Interfood Azerbaijan" Beynəlxalq Qida Sənayesi Sərgisində yerli sahibkarların iştirakı təmin edilib, ziyarətçilərə ölkənin investisiya mühiti və ixrac potensialı barədə materiallar təqdim olunub, yerli və xarici tərəfdaşlarla görüşlər təşkil edilib. Sərgi çərçivəsində qurulmuş əməkdaşlıq əsasında ilkin ixrac əməliyyatı həyata keçirilib. "Rebuild Karabakh" – 5-ci Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində isə vahid stendlə yerli sahibkarların iştirakı təmin olunmaqla yeni biznes əlaqələrinin genişlənməsi üçün əlavə imkan yaradılıb.
Beynəlxalq sərgilərdə fərdi qaydada iştirak mexanizmi çərçivəsində yerli ixracatçıların bazar coğrafiyasının genişlənməsinə yönəlmiş maliyyə dəstəyi davam etdirilib. Bu mexanizm nəticəsində 24 fərqli ölkədə keçirilmiş 62 beynəlxalq sərgidə iştiraka görə 34 unikal ixracatçıya 405 min manatdan çox dəstək göstərilib. Bununla da "Made in Azerbaijan" brendinin daha geniş coğrafiyada tanıdılması və məhsulların beynəlxalq bazarlarda təmsilçiliyinin artırılması üçün əlavə imkanlar yaradılıb.
Bundan başqa, AZPROMO-nun təşkilatçılığı ilə il ərzində sahibkarlarla 100-dən çox işgüzar görüş keçirilib, onların 300-ə yaxın müraciətinə baxılıb. Müxtəlif sahələri əhatə edən assosiasiyalar, regionlarda fəaliyyət göstərən istehsalçı və ixracatçılarla keçirilən görüşlərdə mövcud dəstək mexanizmləri, planlaşdırılan yeni mexanizmlər, ixrac coğrafiyasının genişləndirilməsi və digər məsələlər haqqında müzakirələr aparılıb. "Beynəlxalq və yerli sərgilərdə "Made in Azerbaijan" brendi altında iştirak" mövzusunda keçirilən görüşdə də beynəlxalq sərgilər üzrə məlumatlandırma aparılıb. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlar üçün "İxrac Akademiyası" və elektron ticarətlə bağlı iki təlim təşkil olunub.
2025-ci ildə investisiya təşviqi istiqamətində AZPROMO 30-a yaxın şirkətə ölkədə fəaliyyətin davam etdirilməsi üçün dəstək göstərib, 150-yə yaxın xarici şirkətin Azərbaycanda fəaliyyətə başlaması məqsədilə görüşlər keçirib, sorğuları cavablandırıb, təkliflər hazırlayıb. Daha geniş miqyasda isə il ərzində 200-dən çox xarici şirkətlə onlayn və işçi qaydada görüşlər təşkil edilib, eləcə də Qətər, BƏƏ, Əlcəzair, Türkmənistan və digər ölkələrdə təşkil edilən biznes forumlarda Azərbaycanın investisiya mühiti təqdim olunub.