Kipr Respublikasının Limasol şəhərində 6-8 fevral 2026-cı il tarixlərində gənclər arasında idman karatesi (WKF) üzrə Avropa çempionatı uğurla başa çatıb.
“İki sahil” Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, milli komandamız nüfuzlu Avropa çempionatında yüksək nəticələr göstərərək müxtəlif yaş və çəki dərəcələrində medallar qazanıb.
U18 yaş kateqoriyasında kata üzrə çıxış edən Salman Salmanov bürünc medala layiq görülüb. Kumite yarışlarında isə -66 kq çəki dərəcəsində Cansu Əhmədzadə, -61 kq çəki dərəcəsində Rəvan Abasov bürünc medal qazanıblar. -55 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Qənbərov gümüş medala sahib olub. -68 kq çəki dərəcəsində çıxış edən Ələddin Məlikov isə bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
U21 yaş kateqoriyasında ölkəmizi təmsil edən Aslan Dostuyev -60 kq çəki dərəcəsində bürünc medal əldə edib.
Avropa çempionatı çərçivəsində keçirilən görüşlərdə Azərbaycan Karate Federasiyasının beynəlxalq dərəcəli hakimləri; Cahangir Babayev, Rənad Əliyev, Vüqar Kərimov, Mais Mədətov və Seymur Məmmədov ədaləti layiqincə qoruyublar.
Qeyd edək ki, yığmamız Avropa çempionatında AKF -in baş katibi Qabil Sayadovun, U18 milli komandasının baş məşqçisi Anar Allahverdiyevin, U21 milli komandasının baş məşqçisi Elnur İbrahimin və kata üzrə baş məşqçi köməkçisi İsmayıl Quliyevin rəhbərliyi altında iştirak edib.