Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Ramil Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttiham aktına görə, Ramil Məmmədov ailə münaqişəsi zəminində həyat yoldaşını idman aləti olan beysbol çubuğu ilə döyərək qətlə yetirib.
Hadisə 2025-ci il fevralın 8-də Xəzər rayonu, Binə qəsəbəsində baş verib.
Məlumata əsasən, o, arvadı, 1976-cı il təvəllüdlü Lamiyə Məmmədova beysbol çubuğu ilə döyüb. Sonra Ramil Gürcüstana maşın almağa gedib. Tiflisdə olarkən arvadının öldüyünü eşitsə də, ölkəyə qayıtmayıb. Onu “İnterpol”un əməkdaşları saxlayıb.
Məhkəmədə Lamiyənin hüquqi varisi kimi qardaşı ifadə verib. Onun sözlərinə görə, Ramil xəvariclər deyilən dini qrupun üzvü olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd: Ramil Məmmədovun daha əvvəl törətdiyi digər cinayətə görə 7 il müddətinə azadlıqdan məhrum edilibmiş.
Kamal Məmmədov