Böyük Britaniyanın Baş naziri Kir Starmer həftə ərzində istefa verməyə məcbur edilə bilər.
Heftelik.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi hakim Leyboristlər Partiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Bu cür danışıqlara səbəb, pedofiliyada ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynlə dost olan Peter Mandelsonun Böyük Britaniyanın ABŞ-dakı səfiri vəzifəsinə təyin edilməsi ilə bağlı qalmaqal olub. Bu qalmaqal Britaniya Baş nazirinin aparat rəhbəri Morqan Maksuininin istefasına gətirib çıxarıb.
“Bloomberg” yazır ki, hakim Leyboristlər Partiyasından olan bir neçə millət vəkili Mandelsonun səfir təyinatına baxmayaraq, Starmerin hələ də vəzifədə qalmasına təəccübləndiklərini gizlətməyiblər.
Dauninq küçəsi, 10 ünvanında çalışan bəzi əməkdaşlar hökumət üzvlərinə gizli şəkildə zəng edərək Baş naziri istefaya razı salmağa və ya onu istefaya məcbur edəcək addımlar atmağa çalışırlar. Nazirlərdən birinin müşavirinin sözlərinə görə, Starmerin növbəti həftə vəzifədə qalma ehtimalı “50-yə 50”-dir.
Agentlik vurğulayıb ki, Starmer vəzifəsini qorumaq üçün ötən ilin sentyabr ayında İngiltərənin cənubunda mənzil almaq üçün dövlət rüsumunun ödənilməməsi ilə bağlı qalmaqal fonunda kabinetdən ayrılan keçmiş müavini Angela Rayneri hökumətə qaytarmağı təklif edə bilər.
Bundan əlavə, o, hazırkı enerji təhlükəsizliyi və karbon neytrallığı naziri Ed Milibandı daha nüfuzlu bir nazirliyə rəhbər təyin edə və bununla da ambisiyalarını yerinə yetirə bilər. Starmerin istefa verməsi halında həm Rayner, həm də Miliband əvvəllər baş nazir vəzifəsinə ehtimal olunan namizədlər kimi qeyd olunmuşdu.