EN

Nərgiz Məhəmmədi daha 7 ildən çox həbs cəzası alıb - Aclığı dayandırıb

BAKI, 9 fevral. TELEQRAF

İranda qadın hüquqları uğrunda uzun illər mübarizə aparan və 2023-cü ildə Nobel Sülh Mükafatına layiq görülmüş fəal Nərgiz Məhəmmədi yeni məhkəmə hökmü ilə 7 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" onun müdafiəsinə dəstək verən fondun açıqlamasına istinadən məlumat yayıb.

Fondun bildirdiyinə görə, 53 yaşlı Məhəmmədi bir həftəlik aclıq aksiyası keçirib və bu aksiya bazar günü başa çatıb. O, həbsxanadan vəkili Mostafa Nilininə zəng edərək şənbə günü hökmü aldığını bildirib. Məhəmmədi hazırda İranın şimal-şərqində yerləşən Məşhəd şəhərində saxlanılır.

Məlumata görə, hökmə əsasən, Məhəmmədi “milli təhlükəsizliyə qarşı toplantı və sövdələşmə” ittihamı ilə 6 il, “hökumətə qarşı təbliğat” maddəsi ilə isə əlavə 1 il 6 ay həbs cəzasına məhkum edilib. Bundan başqa, ona Xusf şəhərinə iki il müddətinə daxili sürgün (ölkə daxilində məcburi yaşayış yeri dəyişdirilməsi) və iki il ölkədən çıxış qadağası da tətbiq olunub.

Xatırladaq ki, Tehran hakimiyyəti dekabrın sonlarından başlayan, təxminən üç həftə davam edən hökumət əleyhinə etirazlar fonunda müxalif fikirlərə qarşı təzyiqləri yenidən sərtləşdirib. Məhəmmədi dekabrın 12-də vəkil Xosrov Əlikurdinin şübhəli ölümü ilə bağlı tənqidi bəyanatlar verdikdən sonra saxlanılıb. Prokuror Həsən Həmitifar onun Əlikurdinin anım mərasimində “qayda pozan şüarlar səsləndirməyə çağırdığını” və “ictimai asayişi pozduğunu” iddia edib.

Fondun açıqlamasında qeyd olunur ki, Məhəmmədi həftələrlə tam təcrid şəraitində və əlaqəsiz saxlanıldıqdan sonra nəhayət, vəkili ilə qısa telefon danışığında vəziyyətini çatdıra bilib.

Qeyd edək ki, Nərgiz Məhəmmədi 2023-cü ildə həbsdə olduğu vaxt İranda qadın hüquqlarının genişləndirilməsi və ölüm hökmünün ləğvi uğrunda kampaniyasına görə Nobel Sülh Mükafatına layiq görülmüşdü.

Chosen
71
teleqraf.com

1Sources