Nərgiz Məhəmmədiyə qarşı ittihamlar genişləndirilib və cəzası ağırlaşdırılıb...
İran hakimiyyəti Nobel Sülh Mükafatı laureatı, tanınmış hüquq müdafiəçisi Nərgiz Məhəmmədini daha yeddi il müddətinə azadlıqdan məhrum edib.
Poliqon xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb. Məhkəmənin qərarına əsasən, o, “qanunsuz təbliğat aparmaq”, icazəsiz toplantılarda iştirak etmək və “sui-qəsd”də ittiham olunub.
Məlumata görə, Nərgiz Məhəmmədi artıq bir neçə ildir ki, İran həbsxanasında cəza çəkir. O, 2021-ci ilin noyabr ayından etibarən dövlətə qarşı əlbir olmaq və İran hökumətinə qarşı təbliğat aparmaq ittihamları ilə azadlıqdan məhrum edilmişdi. Müxtəlif məhkəmə qərarlarının nəticəsində onun barəsində ümumilikdə 36 il həbs cəzası çıxarılıb və Məhəmmədi bu müddətin təxminən 10 ilini artıq həbsdə keçirib.
Hüquq müdafiəçiləri və beynəlxalq təşkilatlar bu hökmü siyasi motivli hesab edir və onu İranda fikir azadlığına qarşı təzyiqlərin növbəti nümunəsi kimi qiymətləndirirlər. Qeyd olunur ki, Nərgis Məhəmmədi uzun illərdir ölkədə insan haqları pozuntularını, xüsusilə də qadınların hüquqlarının məhdudlaşdırılmasını tənqid edib və məhz bu fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalıb.
Onun Nobel Sülh Mükafatına layiq görülməsi beynəlxalq ictimaiyyətin diqqətini İranda insan haqları vəziyyətinə yönəltmişdi. Lakin buna baxmayaraq, Tehran hakimiyyəti Məhəmmədiyə qarşı hüquqi təzyiqləri davam etdirir. Ekspertlər hesab edirlər ki, yeni hökm İranla Qərb ölkələri arasında insan haqları mövzusunda gərginliyi daha da artıra bilər.
Poliqon.info