Revmatoloq Aleksandr Yelonakov xəbərdarlıq edir ki, bir çox insan heç fikir vermədiyi gündəlik vərdişlərlə öz oynaqlarını zədələyir.
E-saglam.az xəbər verir ki, həkimin sözlərinə görə, həm evdə, həm işdə, həm də idmanda edilən yanlış hərəkətlər zamanla oynaqların tədricən sıradan çıxmasına gətirə bilər.
Yelonakov bildirir ki, oynaqların zədələnməsinin ən yayılmış səbəbləri təkrarlanan və nəzərə alınmayan mikrotravmalardır. Məsələn, evdə ağır əşyaları qaldırmaq, tez-tez diz üstə çökmək, təmizləyərkən düzgün olmayan bədən mövqeyi saxlamaq və ya işdə uzun müddət eyni pozada oturmaq oynaqlara ciddi yük salır.
Həkim idmanda da ehtiyatsızlığın nəticə verdiyini deyir: qaçarkən səhv texnika, sərt zərbələr və ya dartınmalar oynaqları zədələyən əsas faktorlardandır. Əzələ gücünün zəif olması isə bu riskləri daha da artırır, çünki zəif əzələlər oynaqları qoruya bilmir.
Yelonakov xüsusilə hündürdaban ayaqqabının təhlükələrinə diqqət çəkir. Onun sözlərinə görə, hündürdabanlar ayağı qeyri-təbii vəziyyətə salır, bu isə həm barmaqlarda, həm də ayaq oynaqlarında zamanla ağrı və deformasiya yarada bilər.
Mütəxəssis əlavə edir ki, zərərli vərdişlər – xüsusilə siqaret və alkoqol – oynaqların daha tez sıradan çıxmasına gətirib çıxarır. Siqaret qan dövranını pozur, alkoqol isə orqanizmdə zəhərli maddələrin toplanmasına səbəb olur ki, bu maddələr də oynaqlara mənfi təsir göstərir.
Tərcümə: Könül Oruc
E-saglam.az