EN

“Əldə olunmuş nailiyyətlər Qərbi azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarına dönəcəyinə inam yaradır” – Bəyanat

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Qərbi Azərbaycan İcması ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana gözlənilən səfəri ilə əlaqədar ona bəyanat ünvanlayıb.

TurkicWorld Qərbi Azərbaycan İcmasına istinadla ABŞ-ın vitse-prezidentinə ünvanlanan müraciətin mətnini təqdim edir:

“Hörmətli cənab Vens,

Mətbuatdan sizin Azərbaycana səfər edəcəyiniz barədə eşitdik.

“Odlar Yurdu”na xoş gəlirsiniz. Azərbaycan sülhpərvər məmləkətdir. Ölkəmizdə tarixən müsəlmanlar, xristianlar, yəhudilər sülh və əmin-amanlıq şəraitində yaşamışlar. Azərbaycan ailə dəyərlərinə, mənəvi-ənənəvi dəyərlərə böyük önəm verən bir ölkədir.

Azərbaycanın xristian dünyası ilə, Müqəddəs Taxt-Tacla münasibətləri uğurla inkişaf edir. Son vaxtlar ölkəmizdən Vatikana çoxsaylı yüksəksəviyyəli səfərlər edilmişdir.

Keçən il Bakıda “İsa Məsihin son Zaman Müqəddəsləri Kilsəsi”sinin Bakı ofisinin açılış mərasimi keçirilmişdir. Eyni zamanda, Bakıda ikinci katolik kilsəsinin inşası nəzərdə tutulur.

Keçmiş Sovetlər İttifaqının rəhbərliyinin cinayətkar laqeydliyi ucbatından 1987-ci ildən başlayaraq Ermənistanda Qərbi azərbaycanlılar deportasiyaya məruz qalmış, kəndləri, yurd yerləri boşaldılmış, yandırılmış, talan olunmuş, məscidləri, mədəni irsi dağıdılmışdır. Qərbi azərbaycanlıların mədəni irsi mənimsənilmiş, tarixi saxtalaşdırılmışdır. Xüsusilə, İrəvanda azərbaycanlılara məxsus Göy Məscidin mahiyyəti dəyişdirilmişdir.

Qərbi azərbaycanlılar bu illər ərzində Azərbaycan cəmiyyətinə inteqrasiya olunsalar da, heç vaxt Ermənistandakı öz dədə-baba yurdlarını unutmamış, daim ora dönmək arzusu ilə yaşamışlar.

Qərbi azərbaycanlıların Ermənistana heç bir ərazi iddiası yoxdur, onlar Ermənistanın suverenliyinə qarşı çıxmırlar. Tam əksinə, Qərbi azərbaycanlılar Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ermənistanla dayanıqlı sülhə nail olmaq siyasətini, eləcə də ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə inkişaf edən Azərbaycan-Ermənistan normallaşma prosesini tam dəstəkləyirlər.

Biz 2025-ci il 8 avqust tarixində keçirilmiş tarixi Vaşinqton görüşünü, Azərbaycan, Ermənistan və ABŞ liderlərinin imzaladığı Birgə Bəyannaməni, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışlayırıq.

Biz, həm də Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan arasında normallaşma prosesində əldə olunmuş tərəqqini, iki ölkə arasında etimad quruculuğu tədbirlərini, o cümlədən ticarət əlaqələrinin başlanmasını tam dəstəkləyirik.

Biz, eyni zamanda, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun tezliklə reallaşmasını gözləyirik.

Hörmətli cənab Vens,

Son vaxtlar, həm də, sizin administrasiyanız sayənizdə əldə olunmuş bütün bu nailiyyətlər bizdə belə bir inam yaradır ki, Qərbi azərbaycanlılar uzun həsrətdən sonra Ermənistandakı öz dədə-baba yurdlarına dönəcək, dağıdılmış yurd yerlərini, evlərini bərpa edəcək, yenidən qəbiristanlıqlarını ziyarət edəcək, məscidləri bərpa edəcək.

Bunun üçün bizim bütün tərəqqipərvər bəşəriyyətin, xüsusilə ABŞ-ın dəstəyinə ehtiyacımız vardır.

Biz inanırıq ki, sizin regiona səfəriniz iki dövlət, iki xalq arasında münasibətlərin normallaşması, iqtisadi-ticarət əlaqələrinin güclənməsi, nəqliyyat əlaqələrinin başlanması prosesinə böyük töhfə verəcəkdir”.

Chosen
48
14
turkic.world

10Sources