Ceffri Epşteynlə bağlı açıqlanan yeni sənədlər dünya ictimaiyyətində geniş rezonans doğurub.
News365.az Musavat.com-a istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin yaydığı materiallar arasında Epşteynin 2015-ci ildə Mark Zukerberq və İlon Maskın da iştirak etdiyi şam yeməyində olduğunu təsdiqləyən foto və e-poçt yazışmaları yer alıb.
Sənədlərə əsasən, Epşteyn Meta şirkətinin rəhbəri Mark Zukerberq, “Tesla” və “SpaceX”in sahibi İlon Mask, eləcə də “Palantir”in qurucusu Piter Til ilə eyni masa arxasında olub. Epşteyn həmin görüşü yazışmalarda “çılğın” (“wild”) kimi xarakterizə edib. Məlumat xarici mediada geniş müzakirələrə səbəb olub.
Bildirilir ki, sözügedən görüş 2015-ci ildə Kaliforniyanın Palo Alto şəhərində keçirilib. Şam yeməyi “Linkedin”in qurucusu Rid Hoffman tərəfindən Massaçusets Texnologiya İnstitutunun alimi Ed Boydenin şərəfinə təşkil olunub.
Mark Zukerberqin nümayəndələri onun Epşteynlə əlaqəsinin yalnız həmin görüşlə məhdudlaşdığını bildirib. İlon Mask isə Epşteyni yaxından tanımadığını və onun adası ilə heç bir əlaqəsinin olmadığını açıqlayıb. Piter Til tərəfi isə hələlik məsələ ilə bağlı rəsmi mövqe ortaya qoymayıb.