EN

Cəbhədə son vəziyyət: Zaporojye yüksəklikləri hədəfdədir, şimalda isə irəliləyiş dayanıb

BAKI, 8 fevral. TELEQRAF

Rusiya ordusu Ukraynanın şimal sərhədi boyunca təzyiqləri davam etdirsə də, "Starlink" peyk rabitə sisteminin işində yaranan problemlər səbəbindən ciddi irəliləyiş əldə edə bilmir.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Birləşmiş Qüvvələr Qruplaşmasının sözçüsü Viktor Trequbov məlumat verib.

Onun sözlərinə görə, Rusiya qoşunlarının idarəetmə sistemində ciddi çətinliklər yaranıb:

"Son günlər 'Starlink'in sönməsi nəticəsində qoşunların idarə olunmasında problemlər meydana çıxıb. Buna görə də hücumların intensivliyi bir qədər azalıb. Ruslar hazırda radioəlaqə ilə bağlı yaranmış boşluğu hansısa yolla doldurmağa çalışırlar".

Trequbov əlavə edib ki, hava şəraiti də düşmənin hücum əməliyyatlarına mane olur.

Sözçü qeyd edib ki, Rusiya tərəfi "Starlink"ə alternativ tapmağa cəhd etsə də, nəticə uğursuz olub:

"Onlar öz sistemlərini işə salmağa çalışdılar, amma alınmadı. Çin istehsalı olan bir sistem mövcuddur, lakin o hələ tam hazır deyil. 'Starlink' fonunda bu nümunə real tətbiqə hazır məhsuldan çox, layihə və ya prototip təsiri bağışlayır. Faktiki olaraq, rusların alternativi yoxdur".

Bildirilib ki, rabitə problemi düşmənin əsas taktikasını – pilotsuz uçuş aparatlarının (PUA) dəstəyi ilə kiçik hücum qruplarının fəaliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.

Ukrayna Könüllülər Ordusunun sözçüsü Sergey Bratçuk isə cəbhənin cənub və şərq istiqamətlərindəki vəziyyəti şərh edib. O bildirib ki, Rusiya qüvvələri Zaporojye istiqamətində Stepnoqorsk yüksəkliklərini ələ keçirməyə çalışır.

"Stepnoqorsk elə bir yüksəklikdir ki, işğal olunacağı təqdirdə düşmən Zaporojye şəhərinin kənarlarını daha intensiv atəşə tuta biləcək. Lakin bu, rusların Zaporojyeyə tammiqyaslı hücum üçün resurslara malik olması demək deyil. Görünən odur ki, bütün əsas səylər yenə də Slavyansk-Kramatorsk aqlomerasiyasına yönəlib", – deyə Bratçuk vurğulayıb.

O, həmçinin qeyd edib ki, yanvarda Qulyaypole istiqamətində minə yaxın toqquşma baş verib və fevralda da intensivlik azalmır. Bundan əlavə, Rusiya ordusu Donetsk vilayətində Ukrayna Müdafiə Qüvvələrini Pokrovsk-Mirnoqrad aqlomerasiyasındakı mövqelərindən sıxışdırıb çıxarmaq cəhdlərini davam etdirir.

Chosen
24
teleqraf.com

1Sources