525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, xüsusilə son zamanlar müxtəlif oyunların təsiri altında olan, sonrakı mərhələdə gündəlik həyatında bəzi aqressiv davranışları sərgiləyən yeniyetmələr barədə məlumatlara tez-tez rast gəlinir. Bu hallar təkcə Azərbaycanda deyil, xaricdə də baş verir. Təhsil müəssisələrində, dini mərkəzlərdə, kilsədə və s. zaman-zaman yeniyetmələr hansısa kənar qüvvənin təsiri altında tamamilə fərqli davranış sərgiləmiş olurlar ki, bu, aqressiv hərəkətlərlə, zorakılıqla müşayiət olunur”.
Bu barədə 525.az-a Milli Məclisin deputatı Azər Allahverənov deyib.
O bildirib ki, bu, xüsusi nəzarət tələb edən və eyni zamanda sözügedən sahənin dərindən öyrənilməsini zəruri edə biləcək bir məsələdir.
“Biz uşaqların həddən artıq kompüter oyunlarına alüdəçiliyi barədə mütəmadi fikirlər söyləyirik. Xüsusilə də indiki informasiya dövründə müxtəlif platformalar üzərindən hibrid təhdidlər və digər məsələlər fonunda həmişə valideynlərə müraciət edirik ki, uşaqların texnoloji imkanlardan istifadəsində maksimum ehtiyatlı olsunlar. Bir ara müxtəlif oyunların təsiri altında özünə sui-qəsd edən uşaqlar barədə də informasiyalar yayılmışdır. İstənilən halda bu, çox ciddi diqqət tələb edən məsələdir. Aidiyyətli ixtisaslaşmış strukturlar, xüsusilə psixoloji mərkəzlər bu məsələdə çox diqqətli olmalıdır. Həmçinin texnoloji yenilikləri uşaqların həyatına gətirən şirkətlər faktiki olaraq bu cür məsələlərə görə məsuliyyət daşımalıdırlar ki, ən azından o məzmun uşaqlarda aqressiv hisslərin, zorakılığa meyilliliyin artırılmasına gətirib çıxarmasın. Amma görünən odur ki, buradakı texnoloji imkanlar o qədər genişdir ki, onu hansısa normativ aktla, qanunlarla qadağan etmək, nəzarəti gücləndirmək olduqca çətindir. Çünki bu, tamamilə fərqli bir müstəvidir və fərqli bir texnoloji imkanlardır”, - deputat söyləyib.
A.Allahverənov bu kimi halların baş verməməsi üçün atıla biləcək addımlar barədə də danışıb. Onun sözlərinə görə, kompüter oyunları, müxtəlif tətbiqlər maarifləndirici olduqda, uşağın biliyini və potensialını artırmağa hədəfləndikdə öz müsbət təsirlərini göstərmiş olur:
“Amma bəzi oyunlar var ki, daha çox zorakılığı təbliğ edir, uşaqda elə davranışlar və vərdişlər formalaşdırır ki, sonrakı mərhələdə həmin kompüter oyunlarının təsiri altından çıxan uşaq davranışı küçədə öz həmyaşıdlarına qarşı tətbiq edə bilər. Bu yaxınlarda 12 yaşlı uşağın 6 yaşlı uşağa bıçaqla zərbələr endirməsi kimi hadisə onu göstərir ki, artıq uşaqlar bəzi hallarda kompüter oyunlarından qazandıqları vərdişləri praktiki həyatda tətbiq etməkdən çəkinmirlər. Bu o deməkdir ki, həmin tətbiqlərin məzmunundan çox şey asılıdır və məzmunlar üzərində nəzarət olduqca vacibdir”.
Deputat bildirib ki, bu məsələdə məktəb də, icma da, valideynlər də maksimum ehtiyatlı olmalı, texnoloji imkanları uşaqların qarşısında açarkən ən azından məzmuna xüsusi diqqət yetirməlidirlər.
“Müxtəlif xarici şirkətlər də buna görə məsuliyyət daşımalıdırlar və biz də çalışmalıyıq ki, aqressiya yarada biləcək texnoloji imkanlar uşaqların ixtiyarına belə sərbəst şəkildə verilməsin. Bunun qarşısını almaq üçün hansısa maneələr barədə düşünülməlidir. Texnologiyaların imkanları çox geniş olduğu üçün qarşısını almaq da olduqca çətindir, onlar istənilən ailəyə rahat şəkildə daxil olmaq imkanı yaradır. Düşünürəm ki, kompüter savadlılığının artırılmasına da ehtiyac var və bu, sistemli şəkildə həyata keçirilməlidir. Hansısa konkret bir çərçivə olmalıdır ki, uşaq gün ərzində neçə saat həmin texnologiyalardan istifadə edə bilər. Söhbət burada uşaqlarda aqressiv davranışın formalaşmasına səbəb ola biləcək mümkün kontentin qarşısının alınmasından gedir. Müxtəlif profilaktik tədbirlər barədə də düşünmək olar”.
A.Allahverənov əlavə edib ki, reallıq budur ki, indi yeniyetmələrin əksəriyyətinin əlində telefon var və onlar internetə daxil olub tamamilə fərqli bir dünyaya çıxış əldə edirlər:
“Bu çıxışın məhdudlaşdırılması barədə də fikirlər səsləndirilir. Bunun nə dərəcədə effekt verə bilməsinə mütəxəssislər cavab verə bilər. Amma düşünürəm ki, telefonlar üzərində valideyn nəzarəti funksiyasını işə salmaqla uşağın çıxışına nəzarət etmək imkanı qazanmış olarıq. Bunu insan hüquqları ilə əlaqələndirən dairələr var. Hesab edirəm ki, burda çox ehtiyatlı şəkildə balansı gözləmək, bunun bir alqoritmini yaratmaq lazımdır”.
Pərvanə Sultanova
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.