“Fransa və Yunaistanda eyni gündə Çin xəfiyyələrinin həbsi Avropada böyük qalmaqala səbəb olub”.
"Cebheinfo.az" xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin direktoru politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki paylaşımında yazıb.
O bildirib ki, Avropa ölkələrində keçmiş illərdə də Rusiya və Çin xəfiyyələri həbs olunurdu:
“Ancaq budəfəki həbslərin miqyası genişdir. Fransa hüquq-mühafizə orqanları peyk rabitə məlumatlarını ələ keçirmək planı ilə bağlı casusluq şübhəsi üzrə ikisi Çin vətəndaşı olmaqla, 4 nəfəri həbs edib.
Çin kəşfiyyatına bağlı şəxslər Fransanın cənub-qərbindəki bölgədə 2 metr diametrli peyk antenası quraşdırıblar. Yerli sakinlər bu haqda polisə məlumat verdikdən sonra antenanı quraşdırılanlar izlənəliərək həbs olunublar.
Axtarış zamanı peyk antenalarına kompüter sistemlərinin quraşdırıldığı, siqnalların tutulmasına imkan verən texniki avadanlıqlar aşkar edilib. Çin vətəndaşları Fransada strateji əhəmiyyətli peyklərdən, o cümlədən “Starlink” peyk şəbəkəsindən və hərbi obyektlərdən məlumat toplayırmışlar.
Yunanıstanda isə silahlı qüvvələrdə xidmət edən yüksək rütbəli zabit NATO və Yunanıstan Hərbi Hava Qüvvələrinə aid məxfi sənədləri Çinə ötürürmüş. Zabit dindirilmə zamanı Çinə casusluq etdiyini etiraf edib. Maraqlıdır ki, Yunanıstanda həbs olunan zabit orduda telekommunikasiya və informasiya texnologiyaları sahəsinə cavabdeh idi”.
Politoloq qeyd edib ki, həmin zabitin Yunanıstan Silahlı Qüvvələrinin texnoloji infrastrukturuna çıxış imkanı vardı:
“Araşdırmalar zamanı polkovnikin məxfi sənədlərin fotoşəkillərini çəkərək Çinə göndərdiyi müəyyən edilib. Bu həbslər göstərir ki, Rusiya ilə yanaşı Çin də Qərb ölkələrində casus şəbəkəsini genişləndirib. Çin iqtisadi baxımdan inkişaf etsə də, Qərbdə istifadə olunan texnoloji vasitələrə ehtiyac duyur. Bu məqsədlə Çin kəşfiyyatı həmin texnoloji vasitələrin mexanizmlərini ələ keçirməyə çalışır.
Avropa dövlətləri Çin kəşfiyyatı ilə mübarizə apararkən, ABŞ Çinin nüvə potensialını artırmasından narahatdır. Təsadüfi deyil ki, Vaşinqton Moskva ilə nüvə silahlarının azaldılmasıyla bağlı yeni sazişi imzalamaq istəmir. Çünki Vaşinqton həmin sazişə Çinin də qoşulmasını istəyir. Pekin isə Vaşinqtonun bu istəyini qəbul etmir.
ABŞ dövlət katibi Marko Rubionun sözlərinə görə, Çin 2020-ci ildən bu yana nüvə başlıqlarının sayını 200-dən 600-dək artırıb və 2030-cu ilə qədər 1000-dən çox nüvə başlığına sahib ola bilər.
Beləliklə, Çinin Vaşinqtona rədd cavabı ABŞ-la Rusiya arasında yeni nüvə müqaviləsinin imzalanmasına imkan vermir. Belə olan halda isə böyük dövlətlər nüvə arsenalını gücləndirməkdə davam edəcəklər”.
"Cebheinfo.az"