EN

Əmək bazarında kadr uyğunsuzluğu: Tələbatla təklif niyə üst üstə düşmür?

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

İşəgötürənlərin uyğun kadr tapmaqda ən çox çətinlik çəkdiyi sahələr məlum olub.

Bu barədə Dövlət Məşğulluq Agentliyinin "Əmək bazarı" bülleteninin 5-ci buraxılışında qeyd edilib.

Belə ki, çətinlik çəkilən əsas sahələr sırasında satış və marketinq (16,7 %), texniki ixtisaslar (15,8 %) və mühasibatlıq və maliyyə (15,3 %) yer alır. Bundan əlavə, tikinti və fiziki işlər (9,5 %) və ticarət sahəsi (9,5 %) də kadr çatışmazlığı yaşanan istiqamətlər sırasındadır.

Turizm və xidmət sektoru üzrə bu göstərici 8,6 %, kənd təsərrüfatı və heyvandarlıq sahəsində isə 7,7 % təşkil edir. Siyahıda ofis və inzibati dəstək işləri (6,3 %) və tibb sahəsi (5,4 %) üzrə işçi çatışmazlığı da var.

Bülletendəki məlumatlara görə, son 1 il ərzində şirkətlərdə ən çox vakansiya texniki ixtisaslar (21,2 %) üzrə elan edilib. Satış və marketinq sahəsi 17,1 %, mühasibatlıq və maliyyə 13,5 % təşkil edib.

Tikinti və fiziki işlər, eləcə də kənd təsərrüfatı və heyvandarlıq sahələrinin hər biri üzrə göstərici 13,1 % olub. Ticarət sahəsi üzrə vakansiyalar 10,4 %, ofis və inzibati dəstək işləri üzrə 9,5 % təşkil edib. Tibb sahəsi 7,2 %, turizm və xidmət sektoru isə 6,8 % səviyyəsində qeydə alınıb.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli bildirdi ki, ölkəmizdə orta aylıq əməkhaqqı digər ölkələrlə müqayisədə çox aşağıdır:

“Bizdə ciddi işsizlik problemi olmasa da, Azərbaycanda orta aylıq əməkhaqqı bir çox ölkələrlə müqayisədə aşağıdır. Söhbət yalnız Avropa ölkələrindən getmir. Ölkəmizdə orta əməkhaqqı Gürcüstan, Rusiya, Qazaxıstan, Türkmənistan və hətta Ermənistanla müqayisədə də aşağı səviyyədədir. 

Bizdə əməkhaqqı yalnız Tacikistan və Qırğızıstan kimi ölkələrdən nisbətən yüksəkdir. Bu fakt əməkhaqqının aşağı olmasının ölkədə işsizlik probleminin mövcudluğuna işarə etdiyini göstərir.

Bununla belə, əmək bazarında eyni vaxtda həm işsizlərin, həm də işçi axtaranların olması normal haldır. Bu vəziyyət bir sıra obyektiv səbəblərlə izah olunur.

Məsələn, işsiz vətəndaş Zərdab rayonunda yaşaya bilər, lakin işçi axtaran işəgötürən Bakının Nəsimi rayonunda fəaliyyət göstərir. Ərazi uyğunsuzluğu əsas maneələrdən biridir". 

Ekspert qeyd edib ki, digər tərəfdən, ixtisas fərqləri də mühüm rol oynayır:

"İşəgötürən 500 manat maaş təklif etdiyi halda, işsiz 800 manat əməkhaqqı tələb edə bilər. Texniki bilik, təcrübə və bacarıq səviyyəsindəki fərqlər də bu uyğunsuzluğu dərinləşdirir.

Müxtəlif səbəblərdən işəgötürənlər istədikləri əməkhaqqı çərçivəsində uyğun işçi tapa bilmir, işsizlər isə mövcud vakansiyaları öz tələblərinə uyğun hesab etmirlər.

Xüsusilə, yüksək ixtisaslı kadr çatışmazlığı əmək bazarında tarazlığın pozulmasına səbəb olan əsas amillərdən biri kimi önə çıxır".

Gülər Həsənli 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
33
1
cebheinfo.az

2Sources