EN

Genetik testlərlə ömrü uzatmaq mümkündürmü? – Epşteynin ŞOK planı

Son illər elmi-texnoloji inkişafın sürətlənməsi ilə insan ömrünün uzadılması mövzusu təkcə fantastik filmlərin süjeti olmaqdan çıxaraq real elmi müzakirə predmetinə çevrilib.

Xüsusilə genetik testlər, kök hüceyrə texnologiyaları, gen redaktəsi və regenerativ tibb sahəsində aparılan araşdırmalar insanların qocalma prosesini ləngitmək, hətta bioloji yaşlanmanı müəyyən qədər geri qaytarmaq imkanlarını gündəmə gətirib. Bu sahəyə maraq göstərən tanınmış şəxslərdən biri də amerikalı milyarder Ceffri Epşteyn olub. Yayımlanan sənədlər onun genetik testlər və uzunömürlülük layihələrinə ciddi maliyyə ayırdığını, ömrünü uzatmaq üçün elmi eksperimentlərə maraq göstərdiyini ortaya qoyub.

Bu faktlar bir daha göstərir ki, insanın ölümsüzlük və ya daha uzun yaşamaq arzusu tarix boyu mövcud olub. Əvvəllər bu arzu miflərdə və inanclarda öz əksini tapırdısa, bu gün elm həmin arzunu müəyyən qədər reallığa çevirməyə çalışır.

Lakin sual açıq qalır: genetik müdaxilələrlə həqiqətən ömrü uzatmaq mümkündürmü və bunun tibbi, etik, dini nəticələri nə ola bilər?

Mövzunun tibbi tərəfi ilə bağlı professor, tibb elmləri doktoru Adil Qeybulla bildirib ki, hazırkı mərhələdə genetik texnologiyalar insan ömrünü köklü şəkildə uzada biləcək səviyyədə deyil:

“Bu gün genetik tədqiqatlar daha çox xəstəliklərin erkən aşkarlanmasına, irsi patologiyaların müəyyən edilməsinə və bəzi xəstəliklərin qarşısının alınmasına xidmət edir. Gen redaktəsi və kök hüceyrə texnologiyaları perspektivlidir, lakin onların əsas məqsədi insanı ‘ölümsüz’ etmək deyil, həyat keyfiyyətini yaxşılaşdırmaqdır. Biz artıq bəzi genetik xəstəliklərin müalicəsində irəliləyişlər görürük, lakin bioloji yaşlanmanı tam dayandırmaq və ya insan ömrünü kəskin şəkildə uzatmaq hazırda mümkün deyil.”

Professorun sözlərinə görə, insan orqanizmi çox mürəkkəb sistemdir və yalnız bir və ya bir neçə genin dəyişdirilməsi ilə qocalma prosesini aradan qaldırmaq mümkün deyil:

“Yaşlanma təkcə genetik faktorlarla bağlı deyil. Ətraf mühit, həyat tərzi, qidalanma, stress, psixoloji vəziyyət, xroniki xəstəliklər bu prosesə ciddi təsir göstərir. Genetik müdaxilə yalnız bu faktorların bir hissəsinə təsir edə bilər. Bundan başqa, genlərlə aparılan hər hansı ciddi manipulyasiya uzunmüddətli risklər yarada bilər. Bu gün faydalı görünən müdaxilə gələcəkdə yeni xəstəliklərin yaranmasına səbəb ola bilər.”

Adil Qeybulla qeyd edib ki, regenerativ tibb və kök hüceyrə sahəsində aparılan tədqiqatlar daha çox orqanların bərpası, toxumaların yenilənməsi və xəstəlikdən sonra həyat keyfiyyətinin yüksəldilməsinə yönəlib:

“Bəli, bu texnologiyalar bəzi hallarda insanın daha uzun və sağlam yaşamasına kömək edə bilər. Məsələn, ürək, qaraciyər, sinir sistemi xəstəliklərinin müalicəsində yeni imkanlar yaranır. Amma bu, ölümsüzlük demək deyil. Tibb insan ömrünü bir qədər uzada və keyfiyyətini artıra bilər, lakin təbiətin əsas qanunlarını dəyişmək mümkün deyil.”

Mövzunun dini tərəfi də cəmiyyətdə geniş müzakirə olunur. İnsan ömrünün süni şəkildə uzadılması, genetik müdaxilələrlə yaradılışa təsir göstərilməsi məsələsi bir çox inanclarda etik və mənəvi suallar doğurur.

Bu barədə ilahiyyatçı və jurnalist Kənan Rövşənoğlu bildirib ki, İslam baxımından insanın ömrü Allah tərəfindən müəyyən olunmuş bir əmanətdir:

“İslam inancına görə, hər bir insanın dünyaya gəlişi, həyatı və ölümü Allahın təqdiri ilə bağlıdır. İnsan sağlamlığını qorumaq, xəstəliklərini müalicə etdirmək, tibbi imkanlardan istifadə etmək borcludur. Bu, din baxımından müsbət haldır. Lakin məqsəd Allahın yaratdığı təbii sistemi dəyişmək, ölümsüzlük əldə etməkdirsə, bu artıq ciddi suallar doğurur.”

Onun sözlərinə görə, din xəstəliyin müalicəsini təşviq edir, lakin yaradılışa müdaxilə həddi aşmamalıdır:

“Peyğəmbərimiz buyurub ki, hər dərdin bir dərmanı var. Yəni insan müalicə axtarmalıdır. Genetik testlər, müasir tibbin imkanları xəstəliklərin qarşısını almaq üçün istifadə olunursa, bu, müsbət yanaşmadır. Amma insanın özünü “tanrılaşdırmaq”, təbiətə hökm etmək istəyi din baxımından düzgün deyil. Ömrü süni yollarla sonsuzlaşdırmaq ideyası həm mənəvi, həm də əxlaqi baxımdan problemli yanaşmadır.”

Kənan Rövşənoğlu vurğulayıb ki, belə texnologiyalar cəmiyyətdə sosial bərabərsizliyi də artıra bilər:

“Bu cür bahalı genetik layihələrdən əsasən varlı insanlar yararlana bilir. Bu isə gələcəkdə “uzunömürlü elita” və “adi insanlar” kimi yeni sosial təbəqələşmə yarada bilər. Din isə insanları bərabər görür. Həyatın dəyəri onun uzunluğunda yox, necə yaşanmasındadır.”

Tunar

Chosen
29
nocomment.az

1Sources