EN

Olimpiadada “artsax” musiqisi qalmaqalı – Bakının etirazı nəticə verəcəkmi?

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) erməni fiqurlu konkisürənlər cütlüyü — Karina Akopova və Nikita Raxmaninin “artsax” adlı musiqi kompozisiyası altında çıxış etməyi planlaşdırması ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi etiraz göndərdiyi barədə məlumat vermişdik.

Azərbaycan MOK BOK-un diqqətinə çatdırıb ki, “artsax” termini Ermənistanın uzun illər ərzində Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinə qarşı apardığı qanunsuz və separatçı siyasətin ideoloji mahiyyətini əks etdirir.

Müraciətdə qeyd olunur ki, Olimpiya Oyunları kimi siyasətdən kənar qalmalı olan beynəlxalq idman tədbiri üçün belə proqram seçimi açıq siyasi və ideoloji xarakter daşıyır və Olimpiya dəyərlərinə ziddir. Müraciətdə bildirilib ki, bu kimi hallar Olimpiya Oyunlarının ruhuna, idman etikasına və beynəlxalq idman prinsiplərinə zərər vurur, Olimpiya hərəkatının neytrallıq prinsipini pozur və regionda sülh və qarşılıqlı etimad mühitini zəiflədir.

Musavat.com erməni mediasına istinadən bildirir ki, “artsax” ın müəllifi Ara Gevorgyan Azərbaycanın etirazı barədə danışıb.

O deyib ki, Ermənistanı təmsil edən Nikita Raxmanin və Karina Akopovaya onun treki altında çıxış etməyə rəsmi icazə verib.

“Konkisürənlər şəxsən mənə icazə üçün müraciət ediblər. Mən razılığımı verdim və Olimpiya Komitəsinə təqdim etmək üçün rəsmi təsdiq göndərdim. Onların məşqinin videosunu aldım – məhz bu musiqinin sədaları altında konkisürmə ilə məşğul olurlar”, – deyə o əlavə edib. Azərbaycanın reaksiyasına gəldikdə, Gevorgyan qeyd edib ki, əsərlərində toponimlərdən istifadə edir və Azərbaycanın qədim yurdlarının qondarma adlarına(məsələn, “Tiqrakert”(Xankıəndi) musiqi bəstələyib. Gevorkyan onu da deyib ki, “artsax” olimpiadalarda bundan əvvəl üç dəfə dəfə səslənib. “2002-ci ildə Solt Leyk Sitidə, daha sonra 2006-cı ildə Turin Olimpiadasında və daha sonra 2016-cı ildə Rio-de-Janeyroda” deyə, o bildirib.

Picture

Ermənistan tərəfinin bu addımı əlbəttə ki, idmanı açıq şəkildə siyasi və ideoloji təbliğat alətinə çevirmək cəhdi kimi qiymətləndirilə bilər. Olimpiya Oyunları tarixən münaqişələrdən kənar, sülh və əməkdaşlıq platforması kimi təqdim edilsə də, “artsax” adı altında çıxış təşəbbüsü bu prinsiplərə ziddir. Eyni zamanda, bu cəhd Ermənistanın idmanı regional münaqişələr kontekstində siyasi mesaj ötürmə vasitəsi kimi istifadə etdiyini nümayiş etdirir. Bu isə təkcə idmançılar üçün reputasiya riski yaratmır, həm də Ermənistanın beynəlxalq idman dairələrində mövqelərini zəiflədən amil kimi çıxış edir. Nəticə etibarilə, məsələ yalnız bir musiqi seçimi deyil, Olimpiya Oyunlarının siyasətdən uzaq saxlanılması prinsipinin sınağıdır. Azərbaycanın etirazı isə bu prinsipin qorunmasına yönəlmiş hüquqi və siyasi baxımdan əsaslandırılmış addım kimi dəyərləndirilir.

Sonda qeyd edək ki, Qış Olimpiya Oyunlarının açılış mərasimi dünən gecə Milanda keçirilib.

Musavat.com

Chosen
12
3
editor.az

4Sources