''Beşiktaş'' qış transfer dönəminin son anlarını çox fəal keçirir. İstanbul nəhəngi müdafiə xəttini gücləndirib. Son olaraq ''Vulverhempton''dan Emmanuel Aqbadu heyətə cəlb olunub. 28 yaşlı mərkəz müdafiəçisi dünən İstanbula gəlib. Tibbi müayinənin ardından keçid rəsmi olaraq açıqlanacaq. Kot d'İvuarlı futbolçu ilə 4,5 illik müqavilə imzalanacaq. Onun illik maaşı 3 milyon avro təşkil edəcək. Türkiyə mətbuatına inansaq, bu transfer ''ağ-qaralar''a 17 milyon avroya başa gələcək. Bu da o deməkdi ki, Aqbadu Orkun Kökçüdən sonra ''Beşiktaş'' tarixinin ən bahalı ikinci transferinə çevrilib! ''Qartal'' ötən yay Orkunu ''Benfika''dan 25 milyon avroya transfer etmişdi. Karyerasına vətənində başlayan Aqbadu 2020-ci ildən Avropada çıxış edir. Ötən ilin yanvarından ''Vulverhempton''un şərəfini qoruyur. Ona qədər isə ''Eupen'' və ''Reyms''də çıxış etmişdi. Kot d'İvuar yığmasında 18 oyuna 2 qol vurub. Sərgən Yalçının transferini israrla tələb etdiyi təcrübəli futbolçu bu mövsüm 17 rəsmi oyunda iştirak edərək aktivinə 2 məhsuldar ötürmə yazıb.