EN

Qərblə Şərq əks qütblər olmamalıdır Telman Orucovdan yeni yazı

525.az saytına istinadən ain.az xəbər verir.

Telman ORUCOV

İnsan yeganə planetdə məskunlaşdı

İnsanlar Günəş sisteminin Yer kürəsi adlanan nisbətən kiçik bir planetində ilk dəfə yurd-yuva salmış və burada bəşəriyyət adlanan varlıq meydana gəlmişdir. İnsan nəsli min illər ərzində inkişaf edərək, son növ homo sapience-in digər əvvəlkiləri əvəz etməsi ilə, daha böyük inkişafa imza atmışdır. Onlar Yer üzərində məskunlaşmaqla, bu məkanın sakinləri kimi planeti, həm də başqalarından tam fərqlənən və insan dünyası adlanan bir diyara çevirmişlər.

Yer kürəsində insanın iki milyon il əvvəl yarandığı güman edilir, burada üzvi aləmin meydana gəlməsi isə dörd milyard ilə yaxın dövrdə təşəkkül tapmışdır. Dik gəzən insan məməlilərin digər növlərindən fərqlənməklə, öz həyatını təmin etmək məqsədilə, təbiətdən daha hərtərəfli istifadə etməyə başlamışdır. İbtidai insana ağlasığmaz çətinlikləri dəf etmək lazım gəlmişdir, öz evi hesab etməyə başladığı planetin bəzi xüsusiyyətlərini dəyişdirməyə, yaşayış üçün daha yararlı və sərfəli etməyə nail olmuşdur.

İbtidai insan təbiətin ona hazır şəkildə verdiyi ərzaqla qidalanmış, bitkilərin meyvələrini və köklərini toplamaqla, vəhşi heyvanların və balıq ovu ilə məşğul olmuşdur. Ona görə də təbiət insan üçün əsl ana rolunu oynamış, onun sirlərini öyrənməyi bacarmış bu varlıq, təsadüfi deyildir ki, təbiətin övladı hesab olunurdu. Evdə saxladığı dənlər cücərdikdə, onu toxum kimi torpağa səpməyi və meydana gələn bitkini becərməyi, həm də diri götürdüyü heyvan balalarını əhliləşdirməyə öyrənmişdi. Bu yolla daha təminatlı ərzaq ehtiyatına sahib olmaq üçün yaranan kənd təsərrüfatı istehsalı meydana gəlmişdir. Lakin bu o demək deyildir ki, insanlar meyvə və kök toplamağı bütünlüklə yadırğamış, balıq və heyvan ovu praktikasından  əl çəkmişdir. Müasir insan da əcdadlarının köhnə fəaliyyətlərini həyatda tətbiq etməkdə davam edir. Tundra ərazilərində qısa müddətli yay vaxtı, orada yaşayanların zərb-məsəlində deyildiyi kimi, "hələ iyul yay deyildir, artıq avqust da yay deyildir", çöllər bol giləmeyvə anbarına çevrilir. Bu giləmeyvələri toplamaq çətin olmadığından, onlar şimal adamlarını il boyu çox vacib olan vitaminlə təmin edir. Burada əhali seyrək olduğundan, balıq və maral ovu da yaxşı ərzaq ehtiyatı yaratmağa kömək edir. Ailələr bunun nəticəsində ərzaq təminatı üçün çəkilən maddi xərclərdən xeyli azad olur.

İnsanlar iki cins arasında ailə qurmuş, sonra mütəşəkkil icmaları əmələ gətirmiş, inkişaf prosesində şəhərlər və kəndlər salmaqla öz yaşayış şəraitini xeyli yaxşılaşdıra bilmişdi.

Bəşəriyyətin tarixi olduqca uzun və əziyyətli yola bənzəyir. İbtidai insan yarandığı, ona artıq tanış olan ərazini tərk edərək, özü üçün daha rahat şəraitə və vasitələrə yiyələnməkdən ötəri ətraf torpaqlara köç etməyə başlamışdır. Xeyli zaman məsafəsi ərzində Afrikanı tərk edənlər, Asiyanı və Avropanı, gücü çatdıqları qədər məskunlaşdırmağa başlamış, bu vaxt iqlim və təbii şəraitin daha yararlı olmasını əsas götürmüşdülər. Sonralar Yer üzündə iqlimin kəskin surətdə soyuması şəklində pisləşməsi, ibtidai insanları görmədiyi çətin problemlərlə üzləşdirdiyi halda, bu ağır sınağa baxmayaraq, insan icmaları özünü qoruyub saxlaya bilmiş, həyatın davam etməsinin kəsilməsinə yol verməmişdir. Yararsız iqlimə öyrənmə sonralar adamların uzaq Şimalda - Skandinaviyaya və Rusiyaya aid olan ərazilərdə məskunlaşması üçün möhkəm iradəyə və cəsarətə sahib olmağa kömək etmişdi.

İnsan nəsli də digər məməli heyvan sürüləri kimi böyük miqyasda köç etməyə başlamış, onu bu niyyətə gətirib çıxaran, daha əlverişli şərait axtarışı və məhz bu tələblərə uyğun gələn torpaqlarda yaşamağa başlaması olmuşdu. Ona görə də insanlar Mərkəzi Asiyadan, vaxtilə quru sərhəd olan indiki Berinq boğazını ötüb, keçərək Amerika qitələrinə gedib çatmış və Kolumbun Hindistanı kəşf etdiyi güman etdiyinə görə hindu adlanan tayfalar öz məişət problemlərinə əhəmiyyət vermədən həm Şimali Amerika preriyalarını, həm də Cənubi Amerika düzənliklərini, meşələrini və dağlıq yerlərini yeni yaşayış məntəqələrinə çevirmişlər.

İnsanlar öz vəzifələrini heç də təkcə köç etməkdə, yeni ərazilər kəşf və istifadə etməkdə görməyib, həm də öz həyat səviyyələrini yaxşılaşdırmaq sahəsində ardıcıl olaraq fəaliyyət göstərmiş, bu sahədəki axtarışları bəzən hətta uğurla nəticələnməsə də, onlar heç də yarı yolda dayanmamış, özlərinin irəliyə getmək və inkişaf etmək istəyinə fasilə verməmişdilər.

Bu dövrdə insanları, əlbəttə, yalnız yaşadıqları torpaqlar və təşkil etdikləri icmalar fərqləndirirdi. İcmalar böyüdükcə onların arasında rəqabət və əsasən qida ehtiyatından ibarət olan əmlaka sahib olmaq üstündə bir-birilə vuruşmağa da başlamışdılar.

Sonra şəhərlərin meydana gəlməsi ilə əmək bölgüsü də təşəkkül tapmış, ərzaq məhsulu istehsal edən adamlarla yanaşı, onları ibtidai fermerlər də adlandırmaq olar, bu təbəqəni vacib əmək alətləri ilə təmin edən sənətkarlar və artıq məhsulun mübadiləsi, alınıb satılması üçün bazarlar, ticarət adlı fəaliyyət növü meydana gəlmişdi.

Şəhərlər tarixin başlanğıcında, beş min il əvvəl yaranmağa başlayanda, nisbətən kiçik şəhər-dövlətlər və nisbətən böyük ərazilərə və əhaliyə malik olan dövlətlər meydana gəlmişdi. Sonuncular iqtisadi və hərbi cəhətdən gücləndikcə, əlavə torpaq işğal etmək həvəsi daha da böyümüş və ətraf əraziləri öz tabeliyinə salan ilk imperiyalar meydana gəlmişdi. İlk dövrlərdə yaranan Alkad və Assuriya imperiyaları qanlı müharibələr aparmaq və xalqları özünə tabe etmək üçün, əlavə əraziləri işğal etmək hesabına yaranmışdı. Ona görə də imperiyalar öz sifətlərini nə qədər dəyişdirməyə cəhd etsələr və bəzən buna nail olsalar da, öz mahiyyətini heç vaxt dəyişdirə bilməmişdir.

Misir və Hett imperiyaları həmsərhəddə yerləşən ərazilərə sahib olmaq üçün bizim eradan əvvəl XIII əsrdə Kadeşdə müharibə aparmış, qalib və məğlub müəyyən olunmadığından, sülh müqaviləsi bağlamalı olmuşdular. Lakin faraon II Ramzes şöhrətini daha da artırmaq üçün saxtakarlığa yol verərək, özünü qalib elan etmiş və öz igidlikləri barədə rəvayətlər uydurmaqdan da çəkinməmişdi. Həmin dövrdə yunanlar da, Kiçik Asiyaya keçərək, gözəl və varlı Troya şəhər-dövlətini məhv etmişdilər. Beş əsr sonra, b.e. ə. VIII əsrdə dahi Homer bu hadisəni iki böyük poemasında təsvir etməklə, tarixi salnaməni zənginləşdirməyə çalışmışdı.

Sonrakı dövrlərdə Roma imperiyası, Qərb imperiyası, Osmanlı, Britaniya, İspaniya və Habsburqlar imperiyaları mövcud olmuşdu. Lakin tarixi həqiqət, imperiyanın taleyində onun saxta aliliyi barədəki iddiasını sübut edə bilməmiş, həm də imperiyalar qan tökməklə yarandığı kimi, daha qanlı müharibələr nəticəsində öz faciəli sonluğunu tapmalı olmuşdu. Onlar bir qayda olaraq, tarixin ən böyük qəbiristanlığında dəfn olunmaqla, onun səhifələrini tərk etməyə məcbur olmuşlar.

Cəmiyyətlər dövlətlər və imperiyalar kimi təşəkkül tapsa da, daha vacib vəzifə olan inkişafda fasilə yarana bilməmiş, iqtisadiyyatı möhkəmləndirmək naminə həm də elmə, təhsilə, texnologiyaya, nəqliyyat növlərinin təkmilləşdirilməsinə diqqət verməli olmuşdu. İqtisadi uğurlar həm də sosial vəziyyətin müəyyən qədər yaxşılaşdırılmasına öz təsirini göstərmişdi. Qədim Roma respublikasında və sonrakı imperiyasında yaşayan əhalinin nisbətən yüksək maddi həyat şəraiti, işğal edilmiş torpaqlardan əldə edilən böyük mənfəət hesabına  meydana gəlmişdi.

İlk şəhər-dövlətlər dəniz ticarəti hesabına xeyli varlandıqlarına görə, onlar gəmiçiliyin və naviqasiyanın inkişafı məsələləri ilə ciddi məşğul olurdu. Aralıq dənizi ilə iri miqyasda ticarət aparan Finikiya b.e.ə. IX əsrdə Şimali Afrikada Karfagen dövlətinin əsasını qoymuşdu. Hər iki dövlət dənizçiliyin inkişafında böyük nailiyyətlər qazanmışdı.

Yeni torpaqların kəşfi, həm də bu vəzifəni həyata keçirən dövlətlərə böyük iqtisadi fayda verirdi. Mərkəzi Amerikanın və Cənubi Amerikanın kəşfi, gözlənilmədiyi halda Avropa əhalisinin ərzaqla təminatında xeyli müsbət dəyişikliyin meydana gəlməsinə səbəb olmuşdu. Amerikalardan Avropaya, sonra isə Asiyaya qarğıdalı, kartof, pomidor, paxlalı bitkilər gətirilmiş və onların yeni torpaqlarda becərilməsi və əldə edilən məhsul Avropa xalqlarının ərzaq təminatında müəyyən irəliləyişin mənbəyi sayılmalıdır. Avropada dənli bitkilərdən olduqca az məhsul götürülürdü, onun həcmi səpilən toxumun miqdarından iki dəfədən çox olmurdu. Belə aşağı məhsuldarlıq hesabına lazımi ərzaq ehtiyatı yaratmaq mümkün olmadığından, vaxtaşırı aclıq yaranmasına da gətirib çıxarırdı.

Səpini tətbiq edilən qarğıdalının məhsuldarlığı xeyli yüksək idi, çünki onun qıçasında dənin sayı buğda və ya arpanın sünbülündəki dənin miqdarından xeyli çox idi, belə ki, müasir qarğıdalı qıçasında 24-ə qədər olan cərgədə 400-dən 1000-ə qədər dən olduğu halda, buğda sünbülündə cəmi 30-50-dən olur. Onların əcdadları, əlbəttə, nisbətən daha az məhsuldarlığa malik idi. Lakin qarğıdalını ağır torpaqda və soyuq iqlimdə becərmək də mümkün olmurdu, əsasən Cənubun yumşaq və münbit torpaqlarında becərilirdi.

Kartof məhsulu ərzaq təminatında ikinci çörək hesab olunurdu, İrlandiyada, Almaniyada, Rusiyada böyük ərazilərdə becərilirdi. Xristian dini isə bu mühüm ərzağa mənfi münasibət bəsləyirdi, səbəb isə ondan ibarət idi ki, həmin bitkinin adı Bibliyada çəkilməmişdir. Guya Bibliyadakı söz, insanların tələbatının real ödənilməsindən daha böyük əhəmiyyət kəsb edirmiş.

Yeri gəlmişkən, yalnız ayrı-ayrı qadağa cəhətlərinə, bəslədiyi pis münasibətə görə dinləri ittiham etmək, inkar etmək heç də düzgün deyildir. İnsan cəmiyyətinin formalaşmasında, vahid birliyə nail olmasında və inkişafında dinin yaranması və getdikcə olduqca ciddi təsir gücünə yiyələnməsi böyük əhəmiyyətə malik idi. İbtidai insan daim qorxduğu və təhlükə hiss etdiyi təbiət qüvvələrinə sitayiş edirdi. Dövlətlər yarandıqdan sonra isə onun varlığını mühafizə edən daha böyük qüvvəyə - allahlara itaət etməyə ehtiyac yarandı. Allahlar dövlətlə yanaşı, cəmiyyəti idarə etməkdə virtual da olsa, iştirak edirdi. Ona görə də allahlar təkcə  sitayiş obyekti olmayıb, həm də cəmiyyətin mövcudluğunda və qorunmasında mühüm iştirak edən bir qüvvəyə, təkzib olunmaz hüquqlar sahibinə çevrilirdi.

Dinin meydana gəlməsində insanları birləşdirmək, vahid bir qüvvə ətrafında onların sıx birliyinə nail olmaq başlıca məqsəd rolunu oynayırdı və heç bir mübaliğəyə yol vermədən etiraf etmək lazımdır ki, qədim dünyada meydana gələn dinlərin hamısı bu çətin və mürəkkəb vəzifəni yerinə yetirməyi bacarmışdı. Axı cəmiyyəti təşkil edən qəbilələr və tayfalar müəyyən müstəqilliyə malik olmaqla yanaşı, bir-birilərini etiraf etmək istəmirdi, vaxtaşırı baş verən toqquşmalar isə düşmənçilik toxumu səpməklə, onları bir-birindən uzaqlaşdırmağa çalışırdı.

Əlbəttə, xalqlarda inanc obyektləri müxtəlif idi, bir-birindən fərqlənirdi, həm də müvafiq olaraq başqa-başqa adlar daşıyırdı. Lakin bu məchul varlıqların qüvvəsinə və yol verilmiş günaha görə hökmən cəzaya əl atacaqlarına olduqca böyük və bir qədər sirli inam var idi.

(Ardı var)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
525.az

1Sources