EN

Azərbaycan vasitəci ola bilər: “Tehran eqosunu kənara qoysa...”

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Dövlət başçısı bir neçə gün əvvəl İran Prezidenti Məsud Pezeşkianla telefon danışığını xatırladaraq, yüksək səviyyələrdə müxtəlif təmasların ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. 

Məsud Pezeşkianın ötən il Azərbaycana rəsmi səfərinin uğurlu keçdiyini və yaxşı nəticələrin əldə olunduğunu vurğulayan Prezident İlham Əliyev bu səfərdən sonra əlaqələrimizin inkişaf etdiyini bildirib. 

Dövlət başçısı hazırda dünyanın bir çox yerində müharibə və münaqişələrin davam etdiyini vurğulayaraq, Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda artıq sülhün bərqərar olduğunu deyib, bunun həm Azərbaycan, həm də Ermənistanla həmsərhəd olan İran üçün böyük əhəmiyyət daşıdığına əminliyini bildirib. 

“Biz istəyirik ki, bütün dünyada sülh olsun, qan tökülməsin, müharibələr olmasın” deyən Azərbaycan Prezidenti ölkəmizin timsalında müharibədən sülhə keçid modelinin nümayiş olunduğunu vurğulayıb. Dövlət başçısı bildirib ki, İran Prezidenti ilə telefon danışığı zamanı qeyd etdiyi kimi Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır və bu gərginliyin aradan qaldırılması üçün öz dəstəyini göstərməyə hazırdır. 

Qəbula görə minnətdarlığını bildirən Əziz Nəsirzadə ilk növbədə İran Prezidenti Məsud Pezeşkianın salamlarını dövlət başçısına çatdırıb. Ölkəmizə İranın dövlət başçısının göstərişi ilə səfərə gəldiyini deyən qonaq Məsud Pezeşkianın Azərbaycana böyük təəssübkeşlik nümayiş etdirdiyini vurğulayıb. 

O, həmçinin qeyd edib ki, İran Prezidenti ölkəmizə, o cümlədən Xankəndinə səfərlərini böyük məmnunluq hissi ilə xatırlayır. 

Azərbaycan həm ABŞ, həm də İranla konstruktiv münasibətlərə malikdir. Bu baxımdan, ölkəmiz ABŞ-İran arasında vasitəci ola bilərmi? 

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, bu gün Omanda ABŞ ilə İran arasında “sülh, yoxsa müharibə” sualına cavab axtarıldığı bir vaxtda İranın müdafiə nazirinin Azərbaycana gəlməsi mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir: 

“Bu səfər hər şeydən əvvəl Azərbaycanın regional aktor kimi mövqeyinin və rolunun etiraf edilməsi, eyni zamanda ABŞ-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir. 

Bir daha sübut olunur ki, geniş mənada Cənubi Qafqazda və Yaxın Şərqdə baş verən proseslərdə Azərbaycanın iştirakı sülh üçün şərtlər yarada bilər. Ona görə Prezident İlham Əliyevin İranın müdafiə nazirini qəbul edərkən Azərbaycanın müharibədən sülhə keçid etməsi bir model kimi mənimsənilə bilər. 

Bu model region ölkələri üçün də nümunə kimi qəbul edilə bilər və İran üçün də sülh Azərbaycan tərəfindən həmişə arzuedilən olub”. 

Deputat qeyd edib ki, Azərbaycan İranda yaşayan xalqlara həmişə sülh arzulayır və bu mövqedən çıxış edir: 

“Mənə elə gəlir ki, İran nümayəndə heyətinin rəhbərinin Azərbaycan Prezidentinə söylədiyi fikir də maraqlı idi. O, “Biz İran Prezidenti cənab Məsud Pezeşkianın xüsusi göstərişi ilə gəlmişik” dedi. 

Bu kontekstdə Azərbaycan Prezidentinin İran Prezidenti ilə əvvəlki görüşləri xatırlatması və onlara istinad etməsi, İran-Azərbaycan münasibətlərinin yeni mərhələyə yüksələ biləcəyini deməyə əsas verir. 

Azərbaycan ABŞ ilə İran arasında vasitəçi rolunu üzərinə götürə biləcək ölkələrdən biri kimi çıxış edə bilər. Rəsmi Bakı regionda gərginliyin artmasında maraqlı deyil və İranda yaşayan xalqlara hər zaman sülh arzulayıb, daim sülh mövqeyindən çıxış edib. 

Məhz bu səbəbdən Azərbaycanın ədalətli və nüfuzlu mövqeyi İran üçün də cəlbedici xarakter daşıyır. Əgər İran siyasi eqosunu kənara qoyaraq səmimi dialoqa üstünlük verərsə, heç şübhəsiz ki, Azərbaycan Prezidentinin və dövlətinin nüfuzundan sülhün üçün yaralana bilər”. 

Chosen
15
2
cebheinfo.az

10Sources