EN

Rusiya bankı İrana milyardlarla dollar nağd pul göndərdi

Rusiyanın dövlət bankı olan “Promsvyazbank”ın 2018-ci ildə İrana təxminən 2,5 milyard dollar həcmində nağd pul köçürdüyü bildirilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Məlumata görə, pul daşımaları ABŞ-nin Prezidenti Donald Trampın Tehrana qarşı yeni sanksiyalar tətbiq etməsindən cəmi bir neçə gün sonra başlayıb.

Ümumilikdə dörd ay ərzində 34 böyük partiya ilə təxminən beş ton banknot göndərilib. Hər partiyanın həcmi 57 milyon dollardan 115 milyon dollaradək dəyişib.

Nağd pul tədarüklərinin İranda 2018-ci ildə baş vermiş etirazların yatırılmasından sonra başladığı qeyd olunur.

“Promsvyazbank”ın ilk göndərişi 13 avqust 2018-ci ildə həyata keçirilib — bu, Trampın sanksiyalarla bağlı fərmanı imzalamasından bir həftə sonraya təsadüf edib. İlk partiyanın çəkisi 110 kiloqram, dəyəri isə 57,3 milyon dollar olub.

Pulun ehtimal olunan marşrutu belə göstərilir: vəsait əvvəlcə qatarla Rusiyanın Həştərxan (Astraxan) limanına çatdırılıb, oradan Xəzər dənizi vasitəsilə İranın Əmirabad limanına, daha sonra isə yenidən qatarla Tehrana daşınıb.

Qeyd edək ki, əvvəllər özəl bank olan “Promsvyazbank” 2017-ci ildə Kreml tərəfindən milliləşdirilib və daha sonra müdafiə sektorunun maliyyələşdirilməsi, eləcə də ABŞ sanksiyalarının təsirlərini azaltmaq məqsədilə fəaliyyətini yenidən qurub. 2018-ci ilin yanvarında banka Rusiyanın keçmiş xarici kəşfiyyat rəhbərinin oğlu Pyotr Fradkov rəhbər təyin edilib.

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra Fradkov ABŞ və Böyük Britaniya tərəfindən sanksiya siyahısına salınıb. “Promsvyazbank”ın özü də Qərb sanksiyalarına məruz qalan maliyyə qurumları sırasındadır.

Aliyə

Chosen
33
nocomment.az

1Sources