EN

Televiziyada göstərsinlər deyə müsahibə verib, indi də...

Bu gün “İdrak” liseyində şagirdin müəllimi güllələməsindən sonra, hadisə yerində gül-gülə müsahibə verən Əməkdar artist Aqşin Abdullayev indi də bunun günahını jurnalistlərin üstünə atmaq qərarına gəlib.

“Yeni Sabah”ın xəbərinə görə, o, hadisə ilə bağlı danışarkən gülüb.

Amma media nümayəndələri buna o qədər də əhəmiyyət verməyib, Əməkdar artistin açıqlamasını yazıb, yayıblar.

A.Abdullayevin həmin vaxt çəkilən videosu sonradan sosial şəbəkələrdə geniş yayılıb və onun hərəkəti, yəni müəllimin güllələnməsi barədə danışarkən gülməsi sərt tənqid olunub.

Əməkdar artist bundan sonra yeni video çəkmək məcburiyyətində qalıb. O, üzrxahlıq etmək əvəzinə günahı jurnalistlərin üstünə atıb.

Müğənni iddia edir ki, jurnalistlər onun üzərinə cumub:

“Məktəbə gedib uşağı götürdüm, çıxanda bütün media işçiləri üstümə cumdular.

Təsəvvür edin, uşağı götürmüşəm, bütün polislər, çöldə media var, uşaq stress yaşaya bilər.

Orada balaca bir gülüş məqamı oldu. O gülüş onun gülüşü deyildi. Mən uşağa baxıb gülümsəyirdim ki, narahat olmasın, stress keçirməsin. Yəni bir valideyn olaraq hər kəs uşağın yanında olmaq istəyər. Və həmin gülüş mənim o anda etdiyim gülüşdür”.

“Yeni Sabah”ın hadisə yerində olmuş əməkdaşının sözlərinə görə, Əməkdar artist məsələni təhrif edilmiş formada təqdim edib. Belə ki, hadisədən sonra çoxlu sayda valideyn liseyə gələrək orada təhsil alan övladlarını evə aparıb. Lakin onlardan heç biri jurnalistlərə müsahibə vermək istəməyib. A.Abdullayev isə ayaq saxlayaraq jurnalistlərin suallarına məmnuniyyətlə cavab verib. Onun sosial şəbəkələrdə yayılan gülüş anları da həmin vaxt qeydə alınıb.

Xatırladaq ki, fevralın 6-da Bakı şəhəri, Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində silahlı insident baş verib. Liseyin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngini məktəb çantasında liseyə gətirib.

Qeyd edək ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada riyaziyyat müəllimi işləyən 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı güllələyib. 

Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan müəllim üzərində boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı uğurla icra olunub. Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
49
1
yenisabah.az

2Sources