EN

Oyunlar uşaqları şiddətə sövq edir - HƏYƏCAN SİQNALI!

Bu gün kompüter oyunları və sosial şəbəkələrin uşaqların gündəlik həyatına necə təsir etdiyini daha dərindən araşdırmaq zəruridir. Lakin sadəcə “oynayırlar” deməklə iş bitmir. Uşaqların kompüter oyunları və sosial şəbəkələrdə keçirdiyi vaxt onların yalnız əyləncəsini deyil, gündəlik davranışlarını, emosiyalarını və ünsiyyət bacarıqlarını da formalaşdırır. Valideynlərin bu prosesə aktiv müdaxiləsi, uşağın virtual aləmdə qarşılaşdığı məzmunu izləməsi və real həyatla balans yaratması indi hər zamankından daha vacibdir. Gəlin baxaq, uşaqların oyun və sosial şəbəkələrdən "əldə etdikləri" onların gündəlik həyatına necə sirayət edir.

Oyun qalibiyyəti uşaqda qəhrəman hissi yaradır

Psixoloq Aytən Ələkbərova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bu gün kompüter oyunları uşaqlara və məktəblilərə neqativ təsir göstərir. Lakin əsas diqqət yetirilməli məsələ valideynlərin roludur: “Çünki heç bir məktəbdə kompüter dərslərində şiddət mövzulu oyunlar tədris edilmir. Lakin uşaqlar bu cür oyunlarla əsasən evdə və ya oyun məkanlarında qarşılaşırlar. Bu oyunlarda elə məqamlar var ki, hər hansı bir maşın və ya əşya xoşuna gəldikdə onu əldə etmək üçün insanı döymək, öldürmək, qan içində qoymaq və bütün bunlardan sonra izini itirərək cəzasız qalmaq təbliğ olunur. Bu düşüncə tərzi təbii ki, ilk olaraq uşağın vizual qavrayışına təsir edir, eyni zamanda, şüuraltı səviyyədə onu proqramlaşdırır.

Bir müddət sonra uşaq həyatı və dünyanı məhz bu cür oyunların prizmasından görməyə başlayır. Hətta 12 yaşlı bir yeniyetmə pasiyent də olmuşdu ki, bildirirdi oynadığı oyunda bu cür zorakı hadisələr baş verir, lakin buna görə heç kim cəzalandırılmır. Uşaq həmin anda bunun oyun olduğunu anlayır, lakin özünü komfort zonada hiss edir, onun daxilində “mən uğurlu oldum”, “oyunda qalib gəldim” düşüncəsi formalaşır. Bu qalibiyyət hissinin təsiri altında o, özünü sanki kiçik bir qəhrəman kimi aparmağa başlayır”.

Qan və zorakılıq səhnələri duyğuları necə dəyişir?

Psixoloq qeyd etdi ki, bu prosesdə valideynlərin, xüsusilə də ataların rolu çox böyükdür: “Bəzi hallarda ata uşağın yanında oturur və deyir ki, afərin, bacardın, oyunda qazandın. Amma hansı oyunda qazandı? Şiddət üzərində qurulan oyunda qalib gəlməyə “qazanmaq” demək nə dərəcədə doğrudur? Bu yanaşma ilə övlad həyata hansı baxış bucağı ilə sosiallaşdırılır? Axı uşaq bioloji, sosioloji və psixoloji varlıqdır. Bu cür oyunların təşviqi onun sağlam bioloji və psixoloji inkişafının pozulmasına birbaşa təsir göstərir. Kişilərə nisbətən qadınlar bu məsələlərdə daha həssas olurlar. Qan, zorakılıq və aqressiya ilə bağlı səhnələrə emosional reaksiya verirlər. Bir qadın pasiyent deyirdi ki, mətbəxdə əli kəsiləndə qız övladı çox pis olmuşdu, oğlan övladı isə nisbətən daha soyuqqanlı davranmışdı. Bu zaman verilən ilk sual övladın kompüter oyunları oynayıb-oynamaması idi. Cavab belə olmuşdu ki, bəli, atası ilə birlikdə gecə saatlarına qədər oynayır. Bu isə artıq onun yuxu rejiminə də təsir edir.

Bu fakt göstərir ki, kompüter oyunlarının təsiri təkcə davranışla məhdudlaşmır, eyni zamanda, duyğuların zəifləməsinə də səbəb olur. Uşaq evdə ana kimi varlığa qarşı belə soyuqqanlılaşırsa, bu artıq ciddi siqnaldır. Bu gün uşaqlar sosial şəbəkələrdə, kompüter və playstation oyunlarında çox aktivdirlər. Əvvəllər 6–7-ci sinif şagirdləri valideyn icazəsi olmadan heç yerə getmirdilərsə, indi rahatlıqla oyun salonlarına gedirlər və valideynlər bunu təhlükəsiz məşğuliyyət kimi qəbul edirlər. Amma, gəlin, o günü gözləməyək ki, oyun üstündə uduzanla qazanan arasında mübahisə yaransın və bu mübahisə ciddi zorakılığa çevrilsin. Bu səbəbdən həm oyunlara, həm də oyun salonlarına ciddi nəzarət olunmalıdır. Əks halda, amansız yeniyetmə cinayətləri ilə qarşılaşmaq qaçılmaz ola bilər”.

Virtual aləm real həyatı əvəz edə bilməz

Psixoloq Aytən Ələkbərovanın sözləri uşaqların oyun və sosial şəbəkələrdən aldığı təsirlərin yalnız psixoloji tərəfini deyil, eyni zamanda, sosial davranışlarını da formalaşdırdığını göstərir. Bu baxış sosial müstəvidə də təsdiqini tapır.

Sosioloq Rəvan Əliyev də mövzunu şərh edərkən bidirdi ki, məktəb yaşlı uşaqların gündəlik həyatında bu platformaların artan rolu həm imkanlar, həm də risklər doğurur və ailə nəzarəti burada həlledici əhəmiyyət kəsb edir: “Əvvəla, sosial şəbəkələr uşaqlara sürətli informasiya əldə etmək, ünsiyyət qurmaq və texnologiya bacarıqları qazanmaq imkanı yaradır. Lakin nəzarətsiz istifadə zamanı bu platformalar uşaqların davranış modellərini yanlış istiqamətə yönəldə bilir. Uşaqlar real həyatda münasibət qurmaq əvəzinə virtual aləmə qapanır, aqressiv oyunlar isə empati və səbir kimi sosial bacarıqları zəiflədir. Kompüter oyunlarında zorakılıq, güc və “qalib gəlmək hər şeydir” məntiqi ön planda olduqda, bu, uşağın davranışına da sirayət edir. Məktəb mühitində aqressiya, diqqət dağınıqlığı, dərsə marağın azalması və müəllim–şagird münasibətlərində gərginlik müşahidə olunur. Uzunmüddətli perspektivdə isə bu tendensiya sosial təcrid, asılılıq, məsuliyyətsizlik və emosional soyuqluq kimi problemlərə yol aça bilər. Gələcəkdə cəmiyyət üçün əsas risk ondan ibarətdir ki, sosial bacarıqları zəif, kollektiv davranışa uyğunlaşmaqda çətinlik çəkən bir nəsil formalaşa bilər. Bu isə ailə münasibətlərindən tutmuş əmək bazarına qədər bir çox sahədə sosial problemlər yarada bilər”.

Ailə nümunə göstərəndə texnologiya fürsətə çevrilir

Sosioloq qeyd etdi ki, bu risklərin azaldılmasında ailə institutu həlledici rol oynayır: “Ailə qadağa qoyan yox, izah edən və nümunə göstərən mövqedə olmalıdır. Valideynlər uşaqların onlayn vaxtını tənzimləməli, hansı məzmunla qarşılaşdıqlarını bilməli və onlarla açıq dialoq qurmalıdır. Ən vacibi isə ailə daxilində canlı ünsiyyət, birgə vaxt keçirmə və real sosial münasibətlər uşağa alternativ olaraq təqdim edilməlidir. Unutmayaq ki, texnologiya problemin özü deyil, problem onun nəzarətsiz və məqsədsiz istifadəsidir. Düzgün istiqamət verildikdə isə texnologiya uşağın inkişafına təhlükə yox, imkan yarada bilər”.

Nigar Orucova, "İki sahil"

Chosen
27
ikisahil.az

1Sources