Lisenziyası ləğv edilmiş “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin “Bakı” filialının rəhbəri olmuş Zal Yusifovun oğlu İslam Yusifov və onun yaxın dostu İlham Abbasovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən bugünkü iclasda zərərçəkmiş Rəfayel Həsənovun epizodu üzrə araşdırma aparılıb.
Bundan əvvəlki iclasda İslam Yusifov bu epizod üzrə sərbəst ifadə verib. İslam Yusifov və dostu İlham Abbasov birlikdə zərərçəkmiş Rəfayel Həsənovun oğlu Həsən Həsənovu Prezident Adminstrasiyasında hüquq şöbəsinə işə düzəldəcəcəyinə dair yalan vəd verib, onun pulunu ələ keçiriblər.
Bugünkü iclasda İslam Yusifov zərərçəkmiş Rəfayel Həsənovun nümayəndəsinin suallarını cavablandırıb. O bildirib ki, makler olmayıb, alqı-satqı işi ilə məşğul olmayıb: "İlham Abbasovun vasitəçiliyi ancaq məni onlarla tanış etmək olub. Onlardan götürdüyüm pulu üç ay müddətində qaytarmalı idim. Mənə 100 min manatı Rəfayelin oğlanları verib. Obyekt 850 min manata satılmalı, 640 min manat banka çatmalı idi. Mən cinayət törətməmişəm. Bankın nümayəndələri var, onlar burada ifadə versələr, hər şey aydın olacaq. Mən pul götürdüyümü etiraf edirəm. İş görmüşəm, pul götürmüşəm. İş alınmayıb, mən də bu işin məsuliyyətini daşımışam. Buna görə də burdayam".
Digər təqsirləndirilən İlham Abbasov deyib ki, bu işin alqı-satqısı alınsaydı, satılan pulun 2 faizi ona çatmalı idi.