EN

"Görünür, o şagirdə qarşı elə bir vəziyyət yaradılıb ki..." - AÇIQLAMA

Bakıdakı “İdrak” liseyində silahlı insident baş verib. İlkin məlumata görə, 10-cu sinif şagirdi liseyin qadın müəlliminə silahdan atəş açıb. 

Şagirdin belə bir addım atmasına səbəb nə ola bilər?

Redaktor.az-a danışan təhsil eksperti Şəmsi Qocanın sözlərinə görə, belə hadisələrin kökündə müəllimlərin şagirdi danlamasına icazə verilməməsi durur. 

"Müəllim nüfuzdan düşüb. Müəllim şagirdə deyə bilmir ki, “niyə dalaşırsan?”. “Niyə dalaşırsan?” desə, müəllim getdi. Şagirdə kim desin bunu? Yadımdadır, iki il bundan qabaq 5 nömrəli məktəbin direktoru şagirdi itələmişdi — töhmət aldı. Kamera görüntülərindən görünür ki, müəllim, xanım direktor oğlan uşağını itələyib. Buna görə töhmət verildi.

Keçən il Sabunçu məktəblərinin birində 65 yaşlı müəllim 10-cu sinif şagirdinin çiyninə sinifdə it kimi hürdüyünə görə əli ilə vurub. Buna görə kişiyə sinifdə şagirddən üzr istətdirdilər. Müəllimin sözü məktəbdə keçmir. Məktəb direktoru şagirdə “ayağını kənara çək” deyə bilmir. Başqa nə gözləyirsiniz o məktəbdən? Hələ yaxşı qurtarıb".

Müsahibimiz vurğuladı ki, "İdrak" liseyini yaxşı tanayır:

"Sahibi ilə də salamım var. Orada nizam-intizam qaydasındadır. Tədris də yüksək səviyyədədir. Görünür, çox ciddi nüanslar var, məsələyə birmənalı cavab vermək olmaz. Müəllim cavandır, savadlı ola bilər, 100 faiz çox təcrübəli adam deyil. Bu, istintaqın gedişində məlum olacaq. Ola bilər ki, müəllimin də günahı var. O liseydə oxuyan uşaqlar seçmə, yaxşı oxuyan uşaqlardır. Orada çox güclü tədris prosesi var. Belə bir hadisə baş verirsə, görünür, o şagirdə qarşı elə bir vəziyyət yaradılıb. Bu mənim ehtimalımdır. Müəllimin yaşı 28 yaşdır — hardasa bunun pedaqoji təcrübəsi 5–6 il olar. Yəni çox təcrübəli müəllim deyil, yaşı da azdır, yaş fərqləri də azdır. Ola bilər də, iki cavan adam arasında elə söz olsun ki, bu uşağın xətrinə dəysin. Bu barədə konkret fikir söyləmək düzgün olmaz. İstintaqın gedişində biləcəyik. Ondan sonra konkret deyə bilərik ki, bu nədir.

Bu dəfə şagird şagirdi yox, şagird müəllimi vurub. İndi məktəbdə müdafiəyə ehtiyacı olan varlıq varsa, o da müəllimdir. Bundan sonra çox dəhşətli şeylər baş verəcək. Çünki müəllim nüfuzu yoxdur, müəllimin sözü keçmir. Ona görə də bu hadisələr bol-bol olacaq".

Aytəkin TOFİQQIZI

Chosen
53
redaktor.az

1Sources