EN

Valyuta ehtiyatları artırılmalı və büdcə planlamasındakı dalğalanmalara qarşı qoruyucu mexanizmlər yaradılmalıdır

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünya neft bazarında qiymətlər son günlər ABŞ-İran gərginliyi və Yaxın Şərqdəki hadisələr səbəbindən artaraq Brent markalı xam neftin bir barelinin təxminən 67–70 dollar səviyyəsinə yüksəlməsinə gətirib çıxarıb. Bu bahalaşma qlobal enerji bazarında qeyri-müəyyənliyin artdığı bir dövrdə Azərbaycan kimi enerji ixracatçısı ölkələr üçün əlavə gəlir imkanları yaradır.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına bildirib ki, brent neftin 67–68 dollar səviyyəsinə qalxması Azərbaycan üçün büdcə gəlirlərini artırır, çünki dövlətin əsas gəlir mənbələrindən biri neft ixracıdır: “Bu artım qısa müddətdə dövlət xərclərini maliyyələşdirmək, sosial proqramları dəstəkləmək və investisiya layihələrinə vəsait ayırmaq imkanlarını genişləndirir. Lakin yüksək neft qiymətləri həm də risklər yaradır. Neftdən asılılığın artması ölkəni dünya bazarındakı qiymət dalğalanmalarına həssas edir. Geopolitik gərginliklər, məsələn ABŞ–İran münasibətlərindəki qeyri-sabitlik, neft qiymətlərinin ani dəyişməsinə və dolayısı ilə dövlət büdcəsinin qeyri-sabitliyinə səbəb ola bilər. Bu vəziyyət iqtisadi şaxələndirmə strategiyasını sürətləndirməyi və qeyri-neft sektorlarını gücləndirməyi daha da vacib edir”.

Akif Nəsirli

“Neft gəlirlərinin artması həm də iqtisadi şaxələndirmə siyasətini sürətləndirmək üçün fürsət yarada bilər. Dövlət əlavə vəsaitləri sənaye, kənd təsərrüfatı, turizm və texnologiya kimi sahələrə yönəldərək iqtisadiyyatı neftdən asılılıqdan azad edə bilər. Əks halda, yüksək gəlirlər uzun müddət neftdən asılılığı gücləndirə və şaxələndirmə prosesini ləngidə bilər”-deyən iqtisadçı qeyd edib ki, qlobal enerji bazarındakı qeyri-sabitlik şəraitində Azərbaycan neft ixracında uzunmüddətli sabitliyi təmin etmək üçün ixrac strategiyalarını diversifikasiya etməli, ixrac marşrutlarını müxtəlifləşdirməli və uzunmüddətli müqavilələr bağlamalıdır.

Akif Nəsirlinin fikrincə, valyuta ehtiyatlarını artırmaq və büdcə planlamasında qiymət dalğalanmalarına qarşı qoruyucu mexanizmlər yaratmaq önəmlidir və bu yanaşmalar həm neft gəlirlərinin səmərəli istifadəsini təmin edir, həm də iqtisadi riskləri minimuma endirərək ölkənin dayanıqlı inkişafına töhfə verir.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
bizimyol.info

1Sources