EN

İcra hakimiyyətlərində “yer dəyişmə”lərin pərdəarxası Leyla Mirzə yazır…

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Son günlər şəhər və rayon icra hakimiyyətlərində baş verən kadr və struktur dəyişiklikləri diqqət çəkir. Rəsmi izahlar “yeni struktur”, “optimallaşdırma”, “nümunəvi aparat” anlayışları üzərində qurulsa da, faktların ardıcıllığı bu dəyişikliklərin daha çox vəzifə rotasiyası xarakteri daşıdığını göstərir.

Mingəçevir Şəhər İcra Hakimiyyətində illərdir boş qalan başçının birinci müavini vəzifəsinə Məhluqə Cavadovanın təyin edilməsi bunun bariz nümunəsidir. 2014-cü ildən Şəhər təsərrüfatı şöbəsinin müdiri kimi çalışan, struktur dəyişikliyi ilə həmin vəzifəsi ləğv edilən Cavadova faktiki olaraq sistemdən kənarlaşdırılmadı, əksinə daha yüksək posta keçirildi. Yəni struktur dəyişdi, amma kadr dəyişmədi.

Oxşar vəziyyət Sumqayıt Şəhər İcra Hakimiyyətində də müşahidə olunur. Qanunsuz küçə ticarətinə qarşı keçirilən reydlərdən sonra tanınan Samir Bədəlovun rəhbərlik etdiyi sektor ləğv olunsa da, o, işsiz qalmadı. Sadəcə olaraq bir şöbədən digərinə “köçürüldü”. Bu da göstərir ki, struktur islahatı daha çox vəzifələrin adının və yerinin dəyişdirilməsi ilə məhdudlaşır.

Daha geniş miqyasda baxdıqda Mingəçevir və Şirvan şəhərlərində icra başçılarının müavinlərinin sayının dörddən üçə endirilməsi də diqqət çəkir. Rəsmi olaraq bu, yeni təsdiqlənmiş nümunəvi struktura uyğunlaşdırma kimi təqdim edilir. Lakin əvvəl mövcud olan vəzifələrin funksiyaları yeni adlar altında birləşdirilir, bəzi şəxslər isə sadəcə müavin statusunu itirib şöbə müdirinin müavini və ya sektor müdiri kimi fəaliyyətini davam etdirir. Şirvanda Məharət Mustafayevin vəziyyəti buna tipik nümunədir.

Bu proseslər fonunda maraqlı məqam ondan ibarətdir ki, ölkə üzrə vahid yanaşmadan da danışmaq çətindir. Bakıda başçının cəmi dörd müavini olduğu halda, Sumqayıt və Gəncədə bu rəqəm beşdir. Rayonların əksəriyyətində isə üç müavin modeli tətbiq olunur. Bu fərqlilik struktur islahatlarının sistemli deyil, daha çox müvəqqəti aparıldığını düşündürür.

İcra hakimiyyətlərində baş verən son dəyişikliklər real kadr yenilənməsindən çox, “Əlinin papağını Vəlinin, Vəlininkini Əlinin başına qoymaq” təsiri bağışlayır. Struktur sxemləri yenilənir, amma idarəçilik fəlsəfəsi və kadr yanaşması eyni qalır. Bu isə islahatların mahiyyətindən çox, formaya xidmət etdiyini göstərir.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
4
icma.az

1Sources