2022-ci il Pekin Olimpiadasının çempionu və üçqat dünya çempionu Erik Valnesin 2026 Qış Olimpiya Oyunlarında iştirakı sual altına düşüb.
İdman.Biz "VG" nəşrinə istinadla xəbər verir ki, norveçli xizəkçi soyuqdəymə səbəbindən fevralın 5-də keçirilən məşqlərə və mətbuat konfransına qatıla bilməyib.
Valnes Norveçin komanda sprinti üçün əsas heyətinə daxil edilsə də, hazırda onun vəziyyəti qeyri-müəyyəndir. Norveç yığmasının baş məşqçisi Arild Monsen məsələ ilə
bağlı narahatlığını gizlətməyib:
"Bu, çox üzücüdür. Belə bir vəziyyətdən qaçmağa çalışsaq da, 100 faiz sığortalanmaq mümkün deyil. Onun üçün çox heyfslənirəm".
Hazırda Valnes yüngül məşqlərlə kifayətlənir və hələ ki Olimpiya kəndinə gəlməyib.
Qeyd edək ki, Norveç heyətində Yohannes Klebo, Oskar Opstad Vike və Harald Amundsen yer alıb. Erik Valnesi əvəz edə biləcək ehtiyat iştirakçı isə Mattis Stenşaqendir.