“Zirə”nin yarımmüdafiəçisi Rövlan Muradovun QOL.az saytına müsahibəsi
- Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Sumqayıt”la heç-heçə (0:0) etdiniz. Görüşlə bağlı nə deyə bilərsiniz?
- Gözlədiyimiz kimi, çətin oyun oldu. Həm hava şəraiti, həm də “Sumqayıt” bu mövsüm avrokuboklara iddialıdır. Həm çempionatda, həm də kubokda iddialarını ortaya qoyublar. Yaxşı oyun alındı.
- Qələbə qazanmağınız üçün nə çatışmadı?
- Havanı, yaxud səfərdə oynamağımızı bəhanə etmək olmaz. Qol epizodlarında bir qədər çatışmazlıqlar oldu. Düşünürəm ki, növbəti matçlarda bunun öhdəsindən gələcəyik.
- Çempionatda avrokuboklar uğrunda 6-7 komanda mübarizə aparır. Bunu nəzərə alaraq kubokun “Zirə” üçün daha vacib olduğunu söyləmək mümkündür?
- Bizim üçün hər oyun vacibdir. Həm kubokda, həm də çempionatda layiqli yerdə olmaq istəyirik. Kubokda maksimum nəticə qazanmağı, çempionatda isə avrokuboklar zonasında iddiamızı ortaya qoymağı hədəfləyirik.
- Qarşıdakı günlərdə yenidən səfərdə “Sumqayıt”la, bu dəfə çempionat oyununda üz-üzə gələcəksiniz. Həmin matçdan gözləntiləriniz nədir?
- Kubok oyunları ikilidir, yəni həm səfərdə qarşılaşırsan rəqiblə, həm evdə. Ona görə də, düşünürəm ki, “Sumqayıt”la çempionat oyunu daha ağır və daha maraqlı keçəcək.
- Çempionatda son 5 turda qələbə qazana bilməmisiniz. Problem nədədir?
- Statistikaya fikir vermirik, hər oyunda maksimum nəticəyə köklənirik. İnanıram ki, qarşıdakı oyunlarda vəziyyəti dəyişib, uzunmüddətli qələbə seriyası yaxalayacağıq.