İslam dövlətləri ilə siyasi, iqtisadi, humanitar-mədəni əlaqələrin genişləndirilməsi Azərbaycanın milli maraqlar üzərində qurulan xarici siyasət kursunun prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Qısa müstəqillik tarixində ölkəmizin əksər İslam dövlətləri ilə qarşılıqlı maraqlar əsasında yüksək səviyyəli münasibətlər qurmağa nail olması bunun əyani təsdiqidir.
Özünün siyasi çəkisi, əhali sayı, resursları və geniş maliyyə imkanları ilə ərəb dünyasının önəmli dövlətlərindən olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də respublikamızın sıx tərəfdaşlıq münasibətləri qurduğu ölkələr sırasında yer alır. Prezident İlham Əliyev bu günlərdə növbəti dəfə dost ölkəyə işgüzar səfərə gəlib. Səfər çərçivəsində dövlətimizin başçısının Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü olub.
Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə, inkişafından məmnunluq ifadə olunub, həmçinin Bakı ilə Əbu-Dabi arasında qardaşlaşma münasibətlərinin yaradılması məsələləri də qeyd edilib.
Genişlənən siyasi dialoq
Prezidentlərin görüşündə Bakı ilə Əbu-Dabi arasında qardaşlaşma münasibətlərinin yaradılması məsələlərinin gündəmə gətirilməsi ikitərəfli münasibətlərin yüksək səviyyəsindən xəbər verir. İkitərəfli münasibətlərin genişlənməsi Azərbaycanla BƏƏ arasında siyasi dialoqun davamlı olaraq genişlənməsinin nəticəsidir. Hər iki ölkədə dövlətlər və cəmiyyətlər səviyyəsində qarşılıqlı münasibətlərin əhatə dairəsinin genişlənməsinə güclü siyasi iradə və istək var.
Azərbaycan ilə BƏƏ arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ölkələrimiz arasında əlaqələr ikitərəfli platformada, eləcə də beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edib. Diplomatik əlaqələrin inkişafı, iki ölkə arasında münasibətlərin dostluq zəminində yüksək trayektoriya qazanması 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonraya təsadüf edir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkib.
Ümummilli Liderin əsasını qoyduğu bu əlaqələr sonrakı mərhələdə uğurla davam etdirilərək yeni inkişaf səviyyəsinə yüksəlib. Abu-Dabidə baş tutan görüşdə ikitərəfli münasibətlərin genişlənməsində hər iki prezidentin Azərbaycana və BƏƏ-yə qarşılıqlı səfərlərinin, görüşlərinin önəmi qeyd edilib. Prezident İlham Əliyevin 2006-cı ildə BƏƏ-yə ilk rəsmi səfəri ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafında dönüş nöqtəsi olub. Sonrakı illərdə dövlətimizin başçısının dost ölkəyə səfərləri daha intensiv hal alıb. Azərbaycan Prezidentinin 2023-cü ilin sonlarında BƏƏ-nin ev sahibliyi etdiyi Əbu-Dabi Davamlılıq Həftəsinə dəvət edilməsi və bu tədbirdə yüksək səviyyədə iştirakı ikitərəfli siyasi dialoqun daha da möhkəmlənməsinə mühüm töhfə verib. Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi barədə qərar da məhz BƏƏ-də bəhs olunan səfər çərçivəsində qəbul edilib. BƏƏ-dən estafeti götürən Azərbaycan 2024-cü ilin noyabr ayında COP29-a yüksək səviyyədə ev sahibliyi etdi və Bakıda qlobal iqlim əməkdaşlığı üzrə bir sıra mühüm razılaşmalar əldə olundu.
2024-cü ilin yanvarında isə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri BƏƏ tərəfindən ölkəmizə ilk ali səviyyəli səfər kimi qeyd olunmalı mühüm hadisədir. Bu səfər iki ölkə arasında siyasi etimadın artmasının göstəricisisi kimi dəyərləndirilir.
Şuşa görüşü - qarşılıqlı etimadın əyani təsdiqi
Dost ölkənin liderinin ötən ilin sentyabrında azad Şuşaya təşrif gətirməsi və burada Prezident İlham Əliyevlə görüşməsi isə xüsusi önəm daşıyır. Əlamətdar haldır ki, Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan bu dəfə respublikamıza səfərini paytaxt Bakıya deyil, işğaldan azad olunmuş ərazilərə - azad Qarabağa edib. Bu, dost ölkənin dövlət başçısının 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazandığı tarixi qələbələrlə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycana xüsusi jestidir və böyük məmnunluq doğurur. Məlumdur ki, bəzi dövlətlər, ayrı-ayrı təsisatlar hələ də Azərbaycanın tarixi zəfərlərini sinirə bilmir və bunu siyasi manipulyasiya predmetinə çevirməyə çalışırlar. Ancaq İslamafob, Azərbaycanafob dairələrin qatarı çoxdan gedib. Ötən il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə, dünyanın bir nömrəli ofisində Donald Trampın şahidliyi ilə əldə olunan razılaşmalar ondan xəbər verir ki, beynəlxalq birlik Azərbaycanın ədalətli mövqeyini və sülh gündəliyini bütünlüklə qəbul edir. Yeri gəlmişkən, 2025-ci ilin iyul ayında BƏƏ-nin ev sahibliyi ilə Abu-Dabidə Azərbaycan və Ermənistan liderlərinin görüşünün baş tutması süllhyaratma prosesində irəliyə doğru atılmış mühüm addım kimi dəyərləndirilir. Dost BƏƏ-də aparılan müzakirələr Vaşinqtonda daha da inkişaf etdirlmiş və yekun sülh sazişi paraflanmışdır. Abu-Dabi görüşünün ardından Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın azad Qarabağa səfərə gəlməsi iki ölkə arasında qarşılıqlı etimadın nə qədər yüksək olduğuna dəlalət edir.
Birgə Bəyannamənin strateji əhəmiyyəti
Cari il fevralın 2-də Abu-Dabidə baş tutan söhbət zamanı liderlər Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığına xüsusi diqqət çəkiblər. Qeyd edək ki, Azərbaycanla BƏƏ-nin münasibətlərinin starteji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi BƏƏ Prezidentinin ötən ilin sentyabrında azad Qarabağa səfəri çərçivəsində Şuşada imzalanan “Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə” ilə növbəti dəfə təsbit olunub. Bu Bəyannamə iki ölkə arasında münasibətlərin yeni, daha yüksək səviyyəyə qalxmasını ifadə edir və siyasi, iqtisadi, təhlükəsizlik, enerji və digər sahələrdə əməkdaşlığın sistemli şəkildə genişləndirilməsini nəzərdə tutur. “Bu gün imzalanmış çoxsaylı sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. İmzalanmış hər bir sənəd böyük əhəmiyyət daşıyır. Onların arasında xüsusilə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, bizim siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıran bir sənəddir. Bizim siyasi əlaqələrimiz çox uğurla inkişaf edir”, - deyə dövlətimizin başçısı Şuşa görüşündə vurğulayıb.
Bəhs olunan sənədə əsasən iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin yaradılması nəzərdə tutulur. Tərəflər dövlət nümayəndələrinin iştirakı ilə birgə komitə təsis edirlər. Bu komitə tərəfdaşlığın həyata keçirilməsi üçün yol xəritəsi, icra proqramları və iş planları hazırlayacaq. Bu addım əlaqələrin strukturlaşdırılmış, davamlı və sistemli inkişafına zəmin yaradır.
Bəyannamədə həmçinin parlamentlərarası əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur. Parlamentlər səviyyəsində əməkdaşlığın artırılması dostluq və etimadın möhkəmlənməsinə, qanunvericilik sahəsində təcrübə mübadiləsinə və siyasi dialoqun genişlənməsinə səbəb olur. Bu əməkdaşlıq dövlətlərarası münasibətlərin demokratik institutlar səviyyəsində daha da dərinləşdiyini nümayiş etdirir.
Bundan başqa, sənəd təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafını hədəfləyir. Bu sahədə daimi əməkdaşlıq iki ölkənin vətəndaşları arasında dostluq və qarşılıqlı anlaşmanı artıracaq.
Mübariz ABDULLAYEV