ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Cahangir MƏMMƏDLİBDU Milli mətbuat tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor
Missiya aradanın sevimli bəndəsinə bəxş etdiyi şərəfli görəvdir; O, seçdiyi bəndəsini üzərinə qoyduğu vəzifə ilə toplumun, insanların qarşısına göndərir. Bu günlərdə anadan olmasının 65 illiyini Mətbuat Şurasında qeyd etdiyimiz Umud Mirzəyevin-Rəhimoğlunun bu ada və bu göndərişə layiq olduğu məclis iştirakçılarının əksəriyyətinin çıxışlarında bəzən birbaşa, bəzən də xatırlanan faktlarla öz təsdiqini tapdı. Təsadüfi deyil ki, Umud Rəhimoğlunun yubileyi ərəfəsində nəşr edilən, xatirini dünyalar qədər istədiyim yazıçı-publisist Gülşən Behbudun müəllifli olduğu kitabın adında da "missiya" sözü xüsusi vurğulanırdı: "Təmənnasız missiya". Bu ad həm də yubilyarın ömür yolunun xəritəsini cızan bir ifadədir.
Mən də bu yazıda "Təmənnasız missiya"nın insanlığa aparan yol xəritəsi ətrafında söhbət açmağa çalışacağam.
İlk növbədə Azərbaycanda və beynəlxalq mediada hamının yaxşı tanıdığı Umud Rəhimoğlu Mirzəyevin rəsmi portret cizgilərini təqdim edim: Umud Rəhimoğlu (Mirzəyev) Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəridir, Əməkdar mədəniyyət işçisidir, görkəmli publisist və şairdir. "Təmənnasız missiya" kitabında Umud Rəhimoğlu haqqında təxminən doxsan nəfərə yaxın Azərbaycan ziyalısının ürək sözləri çeşidli publisistik janrlarda yer alıb. Müxtəlif formatda və müxtəlif müəlliflər sistemində ifadə olunan bu fikirlərin hamısında Umud Rəhimoğlu şəxsiyyətini ümumiləşdirən belə bir məzmun var: Umud Rəhimoğlu vətəndaşlığın, dövlətçiliyin, Qarabağ sevgisinin, azərbaycançılığın, Qarabağı viran qoyan erməni düşmənçiliyini dünyaya - beynəlxalq arenaya çatdıran, Azərbaycanın haqq səsini ən yüksək beynəlxalq platformalara daşıyan, çətin günlərdə lazım olan hər kəsə özünün mümkün qayğısını əsirgəməyən - bir sözlə, messiya borcunu təmənnasız missiya formatına çevirən bir şəxsiyyət timsalıdır. Kitabda doxsana yaxın imzanın hər biri Azərbaycan oxucusuna yaxşı tanışdır və onların hamısı öz fikirlərində səmimiyyətə, verdikləri qiymətdə obyektivliyə və həqiqətə sona qədər sadiq olmağı əsas tutmuşlar. Bu müəlliflər içərisində Xalq yazıçısı Çingiz Abdullayev, akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Misir Mərdanov, akademik Nizami Cəfərov, akademik Ziyad Səmədzadə, Rəşad Məcid, Əflatun Amaşov, Zahid Oruc və d. görkəmli alim və publisistlərimiz var.

Hamıya məlumdur ki, Umud Rəhimoğlu Qarabağın Ermənistan tərəfindən işğalı ilə bağlı ayrı-ayrı ölkələrdə Azərbaycanın haqq səsini dünyaya çatdırmaq işində misilsiz xidmətlər göstərmişdir. Onu bu istiqamətdə yaxşı tanıyan xarici dövlət və media nümayəndələri - amerikalı jurnalist Tomas Qolts, litvalı jurnalist Riçerdas Lapaytis, Türkiyə ziyalıları - Hulusi Kılıç, BAMF-in Niderlanddakı nümayəndəsi Henri Van Rens və başqaları da Umud Rəhimoğlunu Qarabağ sevdalı bir şəxsiyyət kimi oxucuya təqdim edirlər. Bütün bu imzaları toplamaq və onları bir kitab formatına salmaq çox ağır zəhmət tələb edir. Bu zəhməti Gülşən Behbud öz boynuna götürmüş və birbaşa deyim ki, çox böyük uğurla gerçəkləşdirmişdir.
Kitab beş bölümdən ibarətdir. Hər bölümün kontent istiqaməti maraqlı sərlövhələrlə ifadə edilir: "And yeri Vətəndir", "Hamımız bir adamıq", "Yaxşıların dünyası", "Biz yazdıq, bizdən yazdılar", "Fraqmentlər".
"Təmənnasız missiya"ya giriş sözünü Xalq yazıçısı Çingiz Abdullayev yazıb. Müəllif "Ön söz"də belə bir həqiqət vurğulayır:
"Bu bir həqiqətdir: hər bir xalqın ictimai-siyasi və mədəniyyət tarixində nadir simalar həmişə olub, indi də var. Belə şəxsiyyətlərin ədəbi, siyası fəaliyyəti nəticəsində xalqın təfəkkürü, millətin mənəvi dünyası, həyat və mübarizə təcrübəsi idrak süzgəcindən keçərək ümumiləşir, şüurları oyadır, yeni düşüncə tərzinin üzə çıxmağına səbəb olur, tərəqqipərvər əməllər və arzulara qol-qanad verir. Xalq özünün tarixi və istiqlaliyyəti ilə fəxr edir, məhz bu əvəzsis mənəvi irs hesabına dünyanın mədəniyyət səhnəsində yer alır, digər ölkə və xalqların nəzərində yüksəlir, bəşəri hörmət və məhəbbət qazanır. Həmin şəxsiyyətlərin həyatları və əməllərinin yekunu fövqəladə dəyərdir, milli sərvətdir. Onların varlığı cəmiyyətə ən zəruri doğal nemətlər olan hava, su, gün işığı, bərəkətli torpaq qədər gərəklidir. Kamil şəxsiyyət millətin qüruru, baş ucalığıdır"! Bu nəzəri həqiqətdən sonra Xalq yazıçısı nəzərdə tutduğu obyektin rəsmi tərəflərini qələmə alır: "Onlardan biri, mənim dostum, qələm yoldaşım, bu kitabın legitim qəhrəmanı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri, Beynəlxalq Mətbuat İnstitutu Azərbaycan Komitəsinin təmsilçisi, Azərbaycan Mətbuat Şurasının, Milli Qeyri-Hökumət Təşkilatları Forumu idarə heyətinin üzvü, Əməkdar mədəniyyət işçisi, şair-publisist Umud Rəhimoğlu Mirzəyevdir. "Yazıçı-publisist, teleaparıcı Gülşən Behbudun "Təmənnasız missiya" kitabının əlyazması ilə tanış oldum və açıq etiraf edim ki, Umud Mirzəyevin portreti dolğun şəkildə yenidən gözüm önündə canlandı. Onun haqqında yaxınlarının, dostlarının, qələm yoldaşlarının, üstəlik, övladlarının ürək sözlərinin səmimiyyətinə qəlbən inandım.
Onu yazıçı və şairlər, jurnalistlər, ziyalılar vətən təəssübü çəkən, doğma yurda bağlı, yaşadığı dünyanın taleyindən narahat olan, Qarabağın azadlığı uğrunda yorulmadan çalışan bir insan kimi yüksək dəyərləndirirlər. Umud Rəhimoğlu Mirzəyev vətənpərvərliyi, vətəndaşlıq borcunu hər şeydən uca və ülvi bir keyfiyyət hesab edir, bu faktora tərəqqi və inkişafa təkan verən başlıca amil nəzəriylə yanaşır. Vətənpərvərlik, milli qürur adi keyfiyyət deyil, bilavasitə məslək, əqidə, insanın şüurlu fəaliyyəti ilə bağlı məfkurədir, ictimai anlayışdır".

Çingiz Abdullayevin bu ürək sözləri kitabdakı bütün imzaların hamısının dediyi və demək istədiyi fikirlərin ümumiləşdirilmiş formatıdır. Və o da təsadüfi deyil ki, ön söz müəllifinin yazısındakı bu abzas yazıçı-publisist, teleaparıcı Gülşən Behbud adı ilə başlayır. Gülşən Behbud özü də kitabın ilk səhifələrində yer alan "Müəllifdən" sərlövhəli təqdimatında "Vətənin əsgəri" kimi qiymətləndirdiyi Umud müəllimdən bəhs edərək yazır: "Yaxşıların qəlbindəki vicdan çağırışları çox zaman sükuta bürünsə də, o, canlı aləmdə var olan səslərin ən güclüsüdür. Çevrəndəki hər kəsin yorulduğu dar macalda qolundan tutar o səs, hər kəs tərəfindən tərk edildiyin anda yanında olarlar yaxşı adamlar!
Yaxşı adamların nəzəri qocaman dünyanın bərk üzünü yumuşaldıb muma döndərmək qüdrətindədir. Onlar, yaxşı adamlar - "mən də varam", - deyə gözə girməzlər, onlar laməkan qəhrəmanlardır, onların yurdu-yuvası yaxşı ürəklərdir!
Əziz oxucu! Siz bütün digər tanınma keyfiyyətləri ilə bərabər, yaxşı bir insandan bəhs edən bu kitabı vərəqlədikcə gözünüz önündə qəhrəmanımızın ibrətamiz ömürnaməsi canlanacaq. Heç bir təmənna güdmədən yaxşılıq deyilən ali xislətin hökmüylə Vətənə, xalqa, millətə, insanlara xidmət göstərən müasirimizin qaynar, ləyaqətli həyatı qəlbinizi qürur hissi ilə döyünüdürəcək. Mən buna əminəm!"
Mənə bir oxucu kimi bu kitabdakı oxucu qəlbini "qürur hissilə düşündürəcək" kimi inamlı bir fikir daha çox təsir etdi. Çünki həqiqətən, bu kitabı oxuduqca insanın insan haqqında fikirləri dərindən və qürur hissilə düşünəcəyinin şahidi olmaqdayam.
İnsanı ləyaqətli bir şəxsiyyətin 65 ili tamam olan ömür yolu ətrafında düşündürən bu kitabın bu qədər maraqlı olmasını təmin edən daha bir neçə faktı qeyd etmək istərdim. Bu faktlar sırasında görkəmli yazıçı-publisist Rəşad Məcidin kitabın ərsəyə gəlməsinə bir məsləhətçi kimi köməyi, şair-publisist Vaqif Bəhmənlinin və yazıçı-publisist Əflatun Amaşovun redaktorluğu xüsusi qeyd edilməlidir.
"Təmənnasız missiya"nın poliqrafik keyfiyyəti də yüksək səviyyədədir. "Avrasiyapress" nəşriyyatının müasir poliqrafiyanın ən yeni texnoloji imkanları ilə çap etdiyi kitabın formatı da hər kəsin diqqətini cəlb edir. Belə bir yüksək məzmunda və müasir poliqrafik formatda təqdim olunan bu kitabın başda Gülşən Behbud olmaqla 87 müəllifinə oxucu təəssüratımı və minnətdarlığımı bildirirəm. Umud Rəhimoğlu yaradıcılığına həsr olunan bu kitab hamının və mənim də əziz dostuma çox yaraşır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.