EN

Gənclər Forumu azad Qarabağda davam edib

Yenidən qurulan, gündən-günə abadlaşan Xankəndi şəhərinin ölkə və beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi etməsi xoş ənənəyə çevrilir. Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan Azərbaycan Gənclərinin XI Forumu fəaliyyətinin ikinci günündə öz işini azad Xankəndidə davam etdirib.

Forumda gənclər və idman naziri Fərid Qayıbov, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, WUF13-ün (BMT-nin Ümumdünya Şəhərsalma Forumu) milli koordinatorunun müavini Gülşən Rzayeva və BMT-nin Məskunlaşma Proqramının ölkə üzrə rəhbəri Anna Soave maraqlı çıxışlar ediblər.

S.Qəhrəmanov işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərində gənclərin fəal iştirakının vacibliyini vurğulayıb. Bildirib ki, Qarabağ Universitetində təhsil alan gənclər Xankəndinin inkişafında mühüm rol oynayırlar və şəhər gənclər üçün yeni imkanlar meydanına çevrilir.

Gənclər və idman naziri Fərid Qayıbov isə 30 illiyi qeyd olunan forumun azad Xankəndi şəhərində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. Nazir azad edilmiş şəhər və rayonlarda beynəlxalq tədbirlərin təşkil olunduğunu, Qarabağ bölgəsinin müasir şəhərsalma prinsipləri əsasında sürətlə yenidən qurulduğunu vurğulayıb. Həmçinin qeyd edib ki, bu il Goranboy şəhəri “Gənclər paytaxtı” elan olunub və bu münasibətlə silsilə tədbirlər keçiriləcək.

Forum çərçivəsində “Gələcəyin şəhərlərinin qurulması: milli inkişafda gənclərin məsuliyyəti” və “Şəhərlər imkanlar sistemi kimi: gənclər üçün təhsil, bacarıqlar və məşğulluq” mövzularında panel sessiyalar keçirilib.

Bundan əlavə, şəhərin mərkəzi meydanı forum iştirakçılarının müxtəlif oyunlarına, yarışlarına ev sahibliyi edib, maraqlı konsert proqramı təqdim olunub.

Xatırladaq ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası 17–22 may tarixlərində Bakıda keçiriləcək. Forum ərəfəsində Azərbaycan hökuməti ilə BMT-nin Məskunlaşma Proqramının birgə təşəbbüsü olan “Azərbaycan Şəhərsalma Kampaniyası” çərçivəsində gənclər də daxil olmaqla, müxtəlif hədəf qruplarını əhatə edən tematik layihə və tədbirlərin təşkili davam etdirilir.

Mahir RƏSULOĞLU
XQ

Chosen
10
11
xalqqazeti.az

10Sources