EN

6 fevral faciəsindən üç il keçir: QHT sədri Türkiyədə görülən bərpa və quruculuq işlərindən danışdı / FOTOLAR

Bu gün qardaş Türkiyədə baş verən 6 fevral zəlzələsinin üçüncü ildönümüdür. 2023-cü ilin fevralın 5-dən 6-a keçən gecə Türkiyədə baş verən 7.7 bal gücündə zəlzələ ölkənin təxminən 7-də birini əhatə edən ərazidə dəhşətli dağıntılar törətdi, 50 mindən çox insanın həyatına son qoydu, on minlərlə insanın sağlamlığını itirməsinə səbəb oldu, iqtisadiyyata 150 milyard dollar zərər vurdu.

QHT.az xəbər verir ki, bu sözləri Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud bildirib. Onun sözlərinə görə, ötən 3 ildə Türkiyə dövləti zəlzələ bölgəsində nəhəng işlər görərək yüz minlərlə vətəndaşının yarasını sarımağı bacarıb. Adanadan Diyarbakıra qədər uzanan böyük ərazidə infrastruktur yenidən qurulub, yarım milyona qədər mənzil və qeyri-yaşayış sahələri inşa edilib. Yüzlərlə tarixi abidə - məscid, körpü, qala və s. yüksək dəqiqliklə bərpa olunub. Türkiyə dövləti son üç ildə bir yandan geosiyasi təhlükələri dəf edib, maraq dairəsi olan coğrafiyalarda təsir gücünü genişləndirib, mülki və hərbi sənayesini, kənd təsərrüfatını inkişaf etdirib, eyni zamanda çox böyük miqyaslı tikinti, quruculuq işləri apararaq evləri, iş yerləri darmadağın olmuş vətəndaşlarının hərtərəfli qayğısına qalıb:

"Azərbaycan dövləti və xalqımız sevincli günlərdə olduğu kimi faciəli anlarda da qardaş Türkiyə dövləti və türk milləti ilə birgə olduğunu zəlzələnin ilk vaxtlarından başlayaraq hiss etdirib. Dövlətimiz Kahramanmaraş vilayətində minlərlə insanın yaşadığı böyük məhəllə inşa etdirib. Burada tikiinti işlər hazırda da davam etməkdədir. Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Azərbaycan xalqı könüllü şəkildə yardım kampaniyası apararaq Anadoludakı qardaş-bacılarını tək buraxmayıb.

Zaman ötdükcə demək olar ki, hər şey yoluna düşür, yalnız insan itkilərini heç nə ilə əvəzləmək mümkün olmur. Çünki hər bir şəxs itirdiyi yaxınlarını rəqəmlərlə deyil, adları, xatirələri, düşüncələri, yarımçıq qalan arzuları ilə yad edir. Allah zəlzələ qurbanlarına rəhmət eləsin".

Chosen
13
qht.az

1Sources