(Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mövqeyi yazılıb)
Bakının İdrak Liseyində 10-cu sinif şagirdi müəllimi silahla yaralayıb. Bu barədə unikal məlumat verib.
Hadisə yerində polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralının vəziyyəti hələlik açıqlanmır, hadisə ilə bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyindən anews.az-a bildilib ki, yaxın zamanda ətraflı məlumat veriləcək.
Anews.az-ın əldə etdiyi məlumata görə lisey şagirdləri təcili təxliyə edib. Bununla bağlı bütün valideynlərə xəbərdarlıq göndərilib.
İdrak liseyinin iqtisadi məsələlər üzrə direktoru İdris Alışov anews.az-a açıqlamasında bildirib ki, liseydə heç bir hadisə baş verməyib.
"Yalan şayiədir yayılıb.Heç bir problem yoxdur. Bununla bağlı yazılan bütün xəbərlər yalan yazılıb", - o bildirib.
Daxili İşlər Nazirliyindən bildirilib ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.
O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.
Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Şahidlərin verdiyi məlumata görə hadisə 2-ci mərtəbədə baş verib. Müəllim çiyin nahiyəsindən xəsarət alıb.
Baş Prokurorluqdan anews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır. Şübhəli şagird prokurorluq tərəfindən saxlanılıb.
Prokurorluq əməkdaşları hadisə yerində baxış keçirir və hadisənin başvermə səbəblərini araşdırır.
Yaralıya vaxtında tibbi yardım göstərilib və hazırda müalicəsi xəstəxanada davam etdirilir.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Kliniki Tibbi Mərkəzin məlumatı:
06.02.2026-ci il tarixində saat 09:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu İdrak liseyindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb.
Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.
Aytac Zeynalova