EN

“Cin yoxdursa, biz kimik?” - Çinarə Ömray yazır...

... Biz Babək övladı, Dədə Qorqud nəvəsi zad deyilik, özümüzü aldatmayaq. Dastanlarda qalan qəhrəmanlıqların, kitab üzlərində donub qalmış mərd kişilərin nəvələri deyilik. Biz daha çox o məlum cini tutub bir ay at yerinə, eşşək yerinə minib çapan kişilərin nəvələriyik. Hə, elə o kişilərin!..

Elə bil bu ölkədə hamının babası eyni cinlə şəxsən tanış idi... Kimdən soruşsan, deyəcək ki, cin mənim babama xidmət edib, su daşıyıb, taxıl üyüdüb, hətta bəxtinə də yarayıb. Cin bizdə kollektiv folklor qəhrəmanı deyil, ailə mirasıdır. Bir babadan o birinə ötürülən, amma qəribədir ki, heç vaxt sübutu olmayan miras!

... Babək qılınc tutub, imperiyaya dirənib, amma biz status yazmaqdan o tərəfə keçmirik. Dədə Qorqud söz deyib, el-oba barışdırıb, biz isə sözü deyəndə də elə deyirik ki, hamı bir-birindən qaçır. Amma cin məsələsinə gələndə… hamı — cəsur, hamı — igid, hamı — fövqəltəbii!

Bu ironiyanın içində acı bir həqiqət yatır:
Biz özümüzü böyük göstərmək üçün həmişə mistik keçmişə sığınmışıq, real məsuliyyətdən isə qaçmışıq. Babək olmaq çətindir, baş, iradə, fədakarlıq tələb edir. Dədə Qorqud olmaq çətindir, ağıl, söz, məsuliyyət tələb edir. Amma cin tutmaq? Heç nə tələb etmir...

Ona görə də biz özümüzü qəhrəman xalq kimi yox, əfsanə uydurmaqda mahir xalq kimi aparırıq. Reallıq ağır gələndə, dərhal bir cin çıxarırıq ortaya. Günah bizdə deyil, cəmiyyətdədir; bacarıqsızlıq bizdə deyil, bəxtdədir; uğursuzluq bizdə deyil, kimsə cinimizi bağlayıb...

Gülməlidir, həm də gülməli olduğu qədər də təhlükəlidir!.. Çünki cinə minib bir ay çapan babanın nəvəsi olmaq rahatdır, amma atın yüyənindən tutub yolu getmək məsuliyyətlidir.
Və bəlkə də ən acı sual budur:
Əgər sabah cin yoxdursa, biz kimik?
Bunu düşünmək artıq yumor deyil...

Çinarə Ömray
yazıçı

Poliqon.info

Chosen
17
50
poliqon.info

10Sources