EN

Professor: Beynəlxalq cinayətləri törədənlərin məsuliyyətinin reallaşdırılması hər bir dövlətin beynəlxalq öhdəliklərinə daxildir

Bakı, 6 fevral, AZƏRTAC

Beynəlxalq cinayətlər dövlətlərin hüquq və qanuni mənafelərinə, o cümlədən beynəlxalq cəmiyyətin maraqlarına birbaşa zidd olmaqla bərabər, ümumtanınmış insan hüquq və azadlıqlarını kobud, kütləvi və sistematik şəkildə pozur. Buna görə də beynəlxalq cinayətlərlə mübarizə beynəlxalq hüququn fundamental prinsipi olan və beynəlxalq hüquq sisteminin, dövlətlərin suverenliyi, bərabərliyi doktrinasının təbiətindən irəli gələn beynəlxalq məsuliyyətlə sıx bağlıdlr. Bu cəhətdən Azərbaycanın atdığı addımlar beynəlxalq cəmiyyətin və beynəlxalq hüququn maraqlarına xidmət edir.

Bu problemlə mübarizənin ən səmərəli yollarından biri silahlı münaqişələr zamanı beynəlxalq cinayətlər törədənlərin məsuliyyətə cəlb edilərək cəzalandırılmasıdır. Dünyada müxtəlif dövrlərdə bu problemlə beynəlxalq səviyyədə mübarizə aparılıb, müvafiq hüquqi və təşkilati tədbirlər həyata keçirilib. 1945-ci il Nürnberq, 1946-cı il Tokio, 1993-cü il Keçmiş Yuqoslaviya, 1994-cü il Ruanda beynəlxalq cinayət tribunallarının, 1998-ci il Beynəlxalq Cinayət Məhkəməsinin təsis edilməsi, müxtəlif hibrid məhkəmələrin fəaliyyəti bu istiqamətdə praktiki fəaliyyətin göstəriciləridir. Lakin müasir dövrün silahlı münaqişələrində insan tələfatının, müxtəlif zorakılıqların və qeyri-insani rəftar və davranışların sayının artması beynəlxalq cinayət törədən şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsində yeni yanaşmaların, təkmilləşdirmələrin aparılmasını zəruri edir. Bu cəhətdən milli məhkəmələr də mühüm yer tutur və tam səlahiyyətlidir. Azərbaycan məhkəmələrinin həyata keçirdiyi fəaliyyət hazırda bu istiqamətdədir və beynəlxalq məsuliyyət tədbirlərinin həyata keçirilməsinə yönəlmişdir. Belə ki, beynəlxalq hüquqda mövcud olan universal yurisdiksiya prinsipi tam səlahiyyət verir ki, həmin şəxslərin məsiliyyət məsələsi həll edilsin. Bu həm də dövlətlərin əsas öhdəliklərindəndir. Azərbaycan Respublikası bunu etməklə həm də özünün beynəlxalq öhdəliklərini vicdanla yerinə yetirir.

Bunu AZƏRTAC-a açıqlamasında “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin İdarə Heyətinin sədri, hüquq elmləri doktoru, professor Əmir Əliyev deyib.

Ə.Əliyev Azərbaycanın özünün ərazi bütövlüyünü və tam suverenliyini bərpa etməklə, beynəlxalq cinayətləri törətməkdə ittiham olunan şəxslərin ədalət mühakiməsi qarşısına çıxarmaqla ədalətin bərpasına nail olduğunu xatırladıb. Bildirib ki, Azərbaycan öz gücü və qətiyyəti hesabına vətəndaşlarına münasibətdə ədaləti təmin etdi və insan hüquqlarının qorunmasının təmin edilməsinə nail oldu: “Ermənistanın Azərbaycana qarşı beynəlxalq cinayətlər siyasəti həmişə böyük itkilərlə müşayiət edilib. 1992-1994-cü illərdə baş vermiş Birinci Qarabağ Müharibəsi dövlətimizə çox ağır itkilər vermişdir, xüsusilə də torpaqlarımızın iyirmi faizinin işğalı, bir milyona yaxın insanın öz yaşayış yerlərini tərk edərək qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, Xocalı soyqırımı kimi faciələr bunu deməyə əsas verir. Vətən Müharibəsindən və antiterror əməliyyatlarından sonra Azərbaycan Respublikası tarixi ədaləti bərpa etməklə 30 ildən çox Ermənistanın işğalı altında olan torpaqlarını azad etdi, ərazi bütövlüyümüz tam bərpa olundu. Lakin münaqişə boyu Ermənistan silahlı qüvvələri dinc əhaliyə və mülki obyektlərə qarşı müharibə cinayətləri də daxil olmaqla, bütün beynəlxalq cinayətləri törədib”.

Professor deyib ki, məhkəmə prosesində verilən ifadələr, faktlar Ermənistan dövlətinin Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərdə rol oynadığı və buna görə məsuliyyətə cəlb edilmiş şəxslərin məsuliyyət daşıdığı da öz təsdiqini tapdı. Açıq keçən məhkəmədə faktiki dəlil, faktlar, zərərçəkmişlərin ifadələri, təqsirləndirilən şəxslərin dedikləri işğala Ermənistan silahlı qüvvələrinin məsuliyyət daşıdığını üzə çıxartdı. Bu səbəbdən beynəlxalq təcrübədən istifadə etməklə 1988-ci ildən başlayaraq 2023-cü ilə qədər davam etmiş Ermənistanın təcavüzü nəticəsində Azərbaycana qarşı törədilən müharibə cinayətlərinin səbəbkarlarının qeyd edilən istiqamətlərdə məsuliyyətə cəlb edildi.

“Ermənistan dövləti tərəfindən törədilmiş beynəlxalq cinayətlərə görə məsuliyyətinin müəyyən edilməsinin ilkin əsasının realizəsi Azərbaycan ərazilərində müxtəlif beynəlxalq cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin 2023-cü ilin sonlarından ölkənin hüquq-mühafizə orqanları tərəfindən istintaqa cəlb edilməsi olub. Proses beynəlxalq cinayət hüququnun mühüm prinsipi olan universal yurisdiksiya prinsipi əsasında həmin şəxslər üzərində məhkəmə prosesinin müəyyən edilməsi ilə aparılır və məhkəmə prosesi insan hüquqlarının bütün standartlarına uyğundur”, - deyə Ə.Əliyev əlavə edib.

Chosen
26
1
azertag.az

2Sources