Yaponiya Baş nazirinin videosu müzakirələrə SƏBƏB OLUB
Ajans.az yerli mediaya istinaən xəbər verir ki, hakim Liberal Demokrat Partiyasının rəsmi YouTube kanalında yayımlanan video iki həftədən az müddətdə 100 milyondan çox baxış qazanıb. “Prezident Takaiçinin mesajı: Yapon arxipelaqını güclü və çiçəklənən edin” başlıqlı video fevralın 6-na olan məlumata əsasən artıq 130 milyon baxışı keçib. Videoda Sanae Takaiçi ritmik zərb alətlərinin müşayiəti ilə çıxış edərək Yaponiyanın gələcəyi naminə dəyişikliklərin və qətiyyətli addımların vacibliyindən danışır. Bununla belə, Liberal Demokrat Partiyasının kanalında yerləşdirilən digər videolar oxşar baxış göstəricilərinə çatmayıb. Bu fakt sosial şəbəkələrdə və şərh bölməsində aktiv müzakirələrə səbəb olub. Bir sıra istifadəçilər baxış sayının süni şəkildə artırıldığını və manipulyasiya edildiyini iddia edirlər. Şərhçilərdən biri isə zarafatla qeyd edib ki, videonun baxış sayı Yaponiya əhalisinin sayını belə üstələyib.