EN

Sançesin 16 yaşadək sosial şəbəkəyə qadağa təşəbbüsü texnologiya nəhənglərini qəzəbləndirdi

Sançesin
İspaniyanın Baş naziri Pedro Sançesin 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə çıxışının qadağan edilməsi və bu platformalar üzərində hüquqi nəzarətin gücləndirilməsi ilə bağlı təşəbbüsü texnologiya sektorunda ciddi narazılıq yaradıb. 1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-li iş adamı, X və SpaceX şirkətlərinin sahibi İlon Maskdan sonra Telegram-ın həmtəsisçisi Pavel Durov da İspaniya hökumətinin planlarını kəskin tənqid edib.
Durov Telegram hesabında yaydığı açıqlamada planlaşdırılan tənzimləmələrin “internet azadlığını təhdid etdiyini” və “təhlükəli” olduğunu bildirib. O iddia edib ki, 16 yaşdan aşağı şəxslər üçün sosial şəbəkələrə qadağa qoyulması və hüquqi nəzarətin artırılması İspaniyanı “müdafiə adı altında müşahidə dövlətinə” çevirə bilər. Onun sözlərinə görə, elan olunan tədbirlər “təhlükəsizlik təminatı deyil, tam nəzarətə doğru atılan addım və tənqidlərin senzurası” deməkdir. Pedro Sançes isə X sosial şəbəkəsindəki hesabında Durovun tənqidlərinə cavab verərək, “Texno-oliqarxlar hürsünlər. Bu, bizim yolumuza davam etdiyimizin göstəricisidir”, – deyə yazıb. İspaniyanın nəqliyyat naziri Oskar Lopes də Telegram tətbiqini telefonundan sildiyini açıqlayaraq, “Bunu etmək üçün yaxşı gündür. Mənim üçün heç vaxt çox faydalı olmayıb”, – deyə bildirib. Baş nazirin müavini, Əmək və Sosial İqtisadiyyat naziri, həmçinin koalisiyanın kiçik tərəfdaşı olan Sumar partiyasının lideri Yolanda Dias isə Bluesky platformasındakı paylaşımında Durovun tənqidləri ilə İspaniya hökumətini sarsıda bilməyəcəyini qeyd edib. O bildirib ki, “rəqəmsal monopoliyalar dağıdılacaq və texnologiya çalışan insanlara qaytarılacaq. Güc xalqa məxsusdur.” Qeyd edək ki, Sançesin təşəbbüsü bundan əvvəl də İlon Mask tərəfindən sərt tənqid olunmuşdu. Mask İspaniya Baş nazirini “zalim” və “totalitar faşist” adlandırmışdı. Sançes və Mask arasında qarşıdurma təxminən iki ildir davam edir. İspaniya hökumətinin başçısı bir neçə dəfə X platformasının alqoritmini “yalan məlumatların yayılması və qarayaxma kampaniyalarının təşviqi”ndə ittiham edib.

Pedro Sançes fevralın 3-də Dubayda keçirilən Dünya Hökumətlər Zirvəsində çıxışı zamanı sosial şəbəkələrə tətbiq olunacaq məhdudiyyətlərlə bağlı bildirib ki, “Sosial media şirkətləri zəngin və güclüdür. Lakin onların təsiri bizi qorxutmamalıdır. İspaniya bu məsələdə sıfır tolerantlıq göstərəcək və rəqəmsal suverenliyi təmin edəcək.”

Chosen
2
1news.az

1Sources